Ən böyük milli sərvətimiz, mənliyimiz, milli kimliyimiz - Ana dilimiz. Varlığımızın təsdiqi, mənəvi dünyamızın təcəssümü...
Dünyanın ən qədim yazılı abidələri, şifahi xalq ədəbiyyatı nümunələri sırasında bu dildə yaranmış əsərlərin diqqətəlayiq yer tutması qürurverici olduğu qədər də düşündürücüdür.
Əcdadlarımızın bizə ismarışı...
Hər daşında, qayasında tarixin izləri var. Bu əsrarəngiz diyarda məskən salmış əcdadlarımız bir-birləri ilə yalnız şifahi formada ünsiyyət qurmayıblar. Öz fikirlərini, duyğularını, arzularını ifadə etmək, bəlkə də bizlərə - gələcək nəsillərinə çatdırmaq üçün vasitə axtarıblar. Onda hələ yazı kəşf olunmamışdı. Ulularımız da şəkillərin "dili" ilə "danışıblar". Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqardağ və Şıxqaya ərazilərində Daş dövrü və sonrakı dövrlərdə yaşayan insanların həyatına aid sübutlar olan Qobustan qayaüstü rəsmləri, eramızdan əvvəl III-II minilliklərdən başlayaraq eramızadək olan dövrü əhatə edən Abşeron qayaüstü təsvirləri, Kəlbəcər qayaüstü təsvirləri sanki onların bizə ismarışıdır. Və bu təsvirləri dəyərli edən həm də onların dünya sivilizasiyasında ən nadir nümunələr olmasıdır.
Bəşər tarixində ən mühüm hadisələrdən biri hesab edilən yazı kəşf olundu. Qədim xalqların yaratdıqları, yazıya köçürdükləri əsərlər dünyanın zəngin mənəvi xəzinəsinin dəyərli sərvətlərinə çevrildi. Xalqımızın tarixinin, mədəniyyətinin qədimliyinin nümunələri olan "Orxon-Yenisey", "Güntəkin", Mahmud Kaşğarinin "Divanül-lüğətül-türk" kitabı, "Kitabi-Dədə Qorqud" kimi möhtəşəm söz sənəti abidələri meydana çıxdı. Zaman keçdikcə şairlərimiz, yazıçılarımız bu dildə yeni-yeni möhtəşəm əsərlər qələmə aldılar.
Xalqımız var olduqca dilimiz yaşayacaq
Azərbaycan xalqı tarixboyu müxtəlif yazı növlərindən, əlifbalardan istifadə edib. Tarixi mənbələr qədim Manna dövlətində yerli yazı növündən, həmçinin heroqliflərdən istifadə olunduğunu isbat edib. Məlumdur ki, ulularımızın - albanların 52 hərfdən ibarət əlifbası olub.
Xalqımız tarixin ayrı-ayrı dönəmlərində ağır sınaqlarla üzləşib. Məmləkətimizi işğal edən yadellilər onun yalnız zəngin təbii sərvətlərini talayıb, qarət etməyiblər. Bu xalqa adət-ənənələrini, ana dilini də unutdurmağa çalışıblar. Bu səbəbdən əsrlər boyu Azərbaycan ədəbiyyatının dünyaşöhrətli bir çox əsəri ərəb, yaxud fars dilində yazılıb. Ancaq yazı dillərini dəyişdirsələr də, o əsərlərin müəlliflərini ruhən doğma xalqından ayıra, ögeyləşdirə bilməyiblər.
Əsrlər boyu başı çox bəlalar çəkdi, varlığı təhdid olundu, sıxışdırıldı, lakin Azərbaycan dili yaşadı.
Azərbaycan - mənim elim!
Azərbaycan - mənim dilim!
Doğransam da dilim-dilim
Ana dilim ölən deyil!
Başqa dilə dönən deyil!
Şairin bu misralarında dönə-dönə sübut olunmuş tarixi gerçəklik var. Bu xalq var olduqca doğma dilini sevərək yaşadacaq, özünəməxsusluğunu qoruyacaq.
Azərbaycan xalqının Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy Köçərli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyli, Nəriman Nərimanov, Sultan Məcid Qənizadə kimi mütərəqqi, maarifpərvər, istedadlı övladları öz fəaliyyətləri ilə bunu təsdiq ediblər. Onlar ana dilimizin saflığının qorunması və inkişafını özlərinin əsas amalına çevirmişdilər. Həmin görkəmli ziyalılar, qələm sahibləri XIX əsrin sonları, XX əsrin əvvəllərində ana dilində məktəblərin açılması, mövcud təhsil ocaqlarında ana dilinin tədrisi uğrunda mübarizə aparırdılar.
Dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməyən ərəb qrafikasından imtina asan olmadı. XIX əsrin ikinci yarısında Mirzə Fətəli Axundzadə və digər maarifpərvər ziyalılarımızın əsas məqsədlərindən biri də əlifba islahatının aparılması idi. Onlar əlifba islahatı ideyasını realladıra bilmədilər. XX əsrin əvvəllərində də bu məsələ aktual oldu.
1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə də ərəb əlifbasının islahı və latın əlifbasına keçid məsələləri qızğın müzakirələrin mövzusu idi. Ölkəmizdə ərəb əlifbasından latın əlifbasına keçilməsi prosesi geniş vüsət aldı. Lakin 1920-ci ildə Aprel işğalı səbəbindən Cümhuriyyət hökumətinin bu sahədə də planlaşdırdığı işləri yarımçıq qaldı.
Sovet hakimiyyəti illərində bu sahədə müəyyən işlər həyata keçirildi. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə yaradılan Yeni Əlifba Komitəsinə tapşırıldı ki, Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etsin. Bu, yeni əlifbaya keçilməsi yolunda ilk ciddi addım oldu. 1923-cü ildən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. Azərbaycanda savadsızlığın ləğvi uğrunda mübarizə aparıldığı bir vaxtda, 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən, 1929-cu il yanvarın 1-dən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi.
Yeni əlifbanın tətbiqi savadsızlığın ləğvi istiqamətində görülən işlərə təkan versə də, sovet hökumətini ciddi narahat edən başqa hadisə baş verdi. Türkiyə Cümhuriyyətində latın qrafikalı əlifbaya keçildi. İttifaqda və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənəcəyindən əndişələnən sovet hökuməti Azərbaycanda əlifbanı yenidən dəyişdirmək qərarına gəldi.
Kiril qrafikalı əlifbaya keçmək haqqında qərar İkinci Dünya müharibəsi dövründə - 1940-cı il yanvarın 1-dən qəbul edildi. Dilimizin özünəməxsusluğu həmin əlifbada da müəyyən dəyişikliklər aparılması zəruriyyəti yaratdı. Kiril qrafikasının dilimizin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında bir sıra dəyişikliklər edildi. Respublikada Kiril qrafikasından yarım əsrdən çox istifadə olundu. Həmin əlifba ilə orta məktəblərdə ana dilində yazıb-oxumağı öyrəndik. Kiril əlifbası ilə elmi, bədii əsərlər yazıldı, qəzetlər, jurnallar, kitablar çap olundu.
XX yüzilliyin axırlarında Azərbaycan xalqı yenidən öz dövlət müstəqilliyinə nail oldu. Ana dilinin inkişafı və qorunması istiqamətində də əhəmiyyətli sənədlər qəbul edildi. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə qanun qəbul olundu. Respublikamızda tədricən latın qrafikalı əlifba tətbiq olundu.
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci ilin 18 iyununda Ümummilli Lider Heydər Əliyev fərman imzaladı. Həmin ilin avqustunadək ölkəmizdə latın əlifbasına keçid bütünlüklə təmin edildi. Heydər Əliyev respublikamızın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində latın qrafikalı əlifbanın tətbiqinin mühüm hadisə olduğunu nəzərə alaraq, 2001-ci il avqustun 9-da "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərman imzaladı. Həmin fərmanla avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildi.
Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.
2002-ci il 30 sentyabr tarixində Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Sənəddə bildirilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Keçən illər ərzində bu qanun xeyli təkmilləşdirilib.
Ümummilli Lider ana dilimizlə bağlı etdiyi çıxışlarından birində qeyd edirdi ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir: "Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var".
Prezident İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı sərəncamlar və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına təkan verdi. 2004-cü il yanvarın 12-də imzalanan "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncam əlifba ilə bağlı problemlərin həllində mühüm addım oldu, kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin edildi. Ümumiyyətlə, dövlətimizin başçısı ana dili və ədəbiyyatımızın milli xüsusiyyətlərimizin qorunub saxlanmasında rolunu yüksək qiymətləndirib: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"