AZ

Alim ömrünün işığı 

Deyirlər, ömrün uzunluğu yalnız illərin sayı ilə ölçülmür. Gördüyü işlər, xeyirxah əməlləri insana sağlığında hörmət, ehtiram qazandırır, bu dünyada olmayanda isə onu yaddaşlardan silinməyə, unudulmağa qoymur. 

Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Pənah Xəlilov da  qismətinə düşən 94 illik ömrünü istedadının və zəhmətinin gücü ilə qələmə aldığı əsərlərlə daha da mənalandırmışdır. O, 1925-ci ilin iyulunda Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində ziyalı ailəsində dünyaya gəlmişdi. Pənah Xəlilov illər sonra, ömrünün ahıl çağlarında verdiyi müsahibələrindən birində ailəsi və uşaqlıq illəri barədə belə demişdir: "Babamın adı Xəlil olub. Məscidə gedib-gələr, namaz qılıb oruc tutardı. Çox zəhmətkeş adam idi. Bir dəmir döyən stolu vardı, gözü orda-burda bizi axtarardı ki, dəmirin bir başından biz tutaq, o döysün. Biz də özümüzü işə verməmək üçün qaçıb gizlənərdik... Atam mühasib, anam evdar qadın idi. Kasıbçılıq olanda, biz çörək, pal-paltar korluğu çəkəndə anam da işləyirdi. Özü də əlindən nə desən gəlirdi".

Pənah Xəlilov ibtidai təhsilini Sadaxlı kəndində almışdır. 1934-cü ildə ailəlikcə Gəncəyə köçdükdən sonra təhsilini orada, Mirzə Ələkbər Sabir adına 5 saylı şəhər orta məktəbində davam etdirmişdir. Orta məktəbi fərqlənmə ilə başa vuran Pənah 1942-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olmuşdur. O, universiteti dövlət təqaüdlü tələbə kimi oxumuşdur. Özü o günləri belə xatırlayırdı: "...atam gecə-gündüz işləyib 400 manat maaş alırdı, mən isə birinci kursu bitirəndə 800 manat Stalin təqaüdünə layiq görüldüm".

Pənah universitetdə yalnız əlaçı tələbə hesab edilmirdi. Müəllimləri onun oxuyub, araşdırıb öyrənmək, yazıb-yaratmaq istəyini görürdülər və gələcəyinə ümidlə baxırdılar. 

1948-ci ildə Pənah Xəlilov universiteti bitirdi. Onu aspiranturada saxladılar. O vaxtadək özü də artıq qərarını vermişdi. Elmin çətin və şərəfli yolu ilə gedəcəkdi. 1948-1951-ci illərdə Pənah Xəlilov Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı oldu.

Yaxşı təhsil almasında, elmi biliklərə yiyələnməsində Mir Cəlal Paşayev, Cəfər Xəndan Hacıyev, Məmməd Arif Dadaşzadə, Həmid Araslı, Əzəl Dəmirçizadə, Məmmədəli Şirəliyev, Əli Sultanlı, Əliyar Qarabağlı, Məmmədcəfər Cəfərov, Abdulla Qarayev, Yusif Məmmədəliyev və başqa müəllimlərinin əməyi böyük oldu. Pənah Xəlilov müəllimlərini xüsusi ehtiram və minnətdarlıqla xatırlayırdı: "Müəllimlərim mənim üçün atadan-anadan artıq idilər. Məmməd Arif Dadaşzadənin, Həmid Araslının, Cəfər Xəndanın mənim alim kimi yetişməyimdə çox böyük əziyyətləri olub".

Özünün dediyi kimi, 1942-ci ildən həyatını universitetə bağladı. Bu təhsil ocağında tələbəlikdən başlayaraq professorluğa qədər uzun və məhsuldar yol keçdi. 1951-ci ildə universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında əmək fəaliyyətinə başladı. 1969-cu illədək bu kafedrada baş müəllim, dosent oldu. 1969-1989-cu illərdə isə SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində çalışdı.  Pənah Xəlilov 1969-cu ildə filologiya elmləri doktoru, 1971-ci ildə professor adını aldı.

Fəal ədəbi yaradıcılığa hələ 1948-ci ildə başlamışdı. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olmuşdu. Qısa müddətdə Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşan Pənah Xəlilov yorulmadan çalışırdı. "Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (rusca) kitablarının müəlliflərindən biri oldu.

Onun 22 kitabı nəşr edilmişdir. Müxtəlif illərdə işıq üzü görmüş "Azərbaycan sovet ədəbiyyatı", "Ədəbiyyatşünaslığın əsasları", "Dostluğun gücü", "Ukraynanın böyük Kobzarı", "Kitabi-Dədə Qorqud" - intibah abidəsi", "Əhməd Yəsəvi", "Əli və Nino problemləri", "Türk xalqlarının və slavyanların ədəbiyyatı" və digər bu kimi kitabları, ruscadan onlarca tərcümələri mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir.

Pənah Xəlilovun çoxşaxəli fəaliyyətində müəllimlik peşəsinin yeri əvəzolunmaz idi. O, tədqiq və təbliğ etdiyi SSRİ xalqları ədəbiyyatından dərs deyirdi.

1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş P.Xəlilov Azərbaycan yazıçılarının VI qurultayında İdarə Heyətinə seçilmişdir.

Dünya ədəbiyyatının, elminin bir sıra nümunələrini Azərbaycan oxucuları Pənah Xəlilovun tərcümələrində oxuyub tanış olmuşlar. Mikel de Servantesin "Lamançlı Don Kixot", Herodotun "Tarix" və başqa əsərlərin tərcüməsi onu istedadlı tərcüməçi kimi tanıtmışdır.

İllər öz sözünü demişdi. Pənah Xəlilov müsabibəsində ona çox doğma olan universiteti ilə vidalaşması barədə demişdi: "Səksən yaşımın tamamında universitetin rəhbərliyindən xahiş etdim ki, daha gəlib-gedə bilmirəm, işlədiyim bəsdir". Uzun illər çalışdığı universitetin coşğun həyatından ayrılanda evində onu əhatə edən kitabları darıxmağa qoymadı. Böyük maraqla oxuyub qeydlər aparır,  yeni əsərlər yazırdı.

Görkəmli alim, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi, Bakı Dövlət Universitetinin professoru Pənah Xəlilov 2019-cu il avqustun 16-da vəfat etmişdir. Onun adı əsərləri, tərcümələri ilə xatırlanır, işıqlı xatirələri ilə yetirmələrinin qəlbində yaşayır. 

Z.FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
36
azerbaijan-news.az

1Mənbələr