ABŞ-də tibb tarixində nadir hadisə baş verib. 30 il ərzində dondurularaq saxlanılan embriondan uşaq dünyaya gəlib.
AzEdu.az xəbər verir ki, bu barədə "MIT Technology Review" elmi jurnalı məlumat yayıb.
Ohayo ştatından olan bir ər-arvad 1994-cü ildə İVF (orqanizmdən kənarda, embriologiya laboratoriyasında aparılan süni mayalanma) prosedurunu keçmiş bir qadının embrionunu "övladlığa götürüblər". Həmin vaxt həkimlər dörd embrion əldə edə bilmişdilər. Onlardan biri süni mayalanma üçün istifadə olunub və nəticədə bir qız uşağı dünyaya gəlib.
Qadın qalan üç embrionu gələcəkdə istifadə üçün donduraraq saxlamağı planlaşdırsa da, sonradan onları xüsusi hüceyrə saxlama və embrion övladlığa götürmə ilə məşğul olan xristian agentliyinə bağışlamağa qərar verib.
Embrionun "övladlığa götürülməsi" - donor və qəbul edən valideynlərin embrionu kimə ötürəcəklərinə və ya kimdən qəbul edəcəklərinə qərar verdikləri bir hüceyrə saxlama üsuludur. Bu cür xidmətləri, adətən, embrionun mənəvi baxımdan doğulmuş uşaqla eyni dəyərə sahib olduğuna inanan xristian agentlikləri təklif edir.