
Növbəti böyük müharibələrin səbəbi ərazilər və ya enerji resursları deyil, şirin su ehtiyatları ola bilər. Fakt budur ki, ənənəvi quraqlıq bölgələrində iqlim dəyişikliyi səbəbindən şirin su getdikcə qıtlaşır və rəqabət güclənir.
Reyting.az-ın məlumatına görə, “Ecoticias ekoloji” portalı ən ciddi su qıtlığının baş verdiyi bir neçə bölgənin adını çəkib.
Müəlliflər nüfuzlu beynəlxalq təşkilatların, eləcə də tanınmış siyasətçilərin və ictimai xadimlərin bəyanatlarına əsaslanaraq növbəti böyük müharibənin səbəbləri ilə bağlı konturların formalaşdığını vurğulayırlar. Söhbət şirin suyun olmamasının sosial və iqtisadi tərəqqiyə necə təhlükə yaratdığından gedir.
Portal xatırladır ki, dünyada yağıntıların paylanması dəyişir: rütubətli bölgələr leysan yağışları ilə su altında qalır, quru bölgələr isə tarixi quraqlıqlarla üzləşirlər. Qlobal temperatur yüksəlməkdə davam edir ki, bu da buxarlanmanın artmasına, anbarlarda suyun, qarın və yay su ehtiyatlarının azalmasına səbəb olur.
Avropa Komissiyasının araşdırmaları nəticəsində dünyada su münaqişəsi riski olan 300-ə yaxın ərazi müəyyən edilib. Ən həssas bölgələrə qonşularından böyük çay hövzələri ilə ayrılmış ölkələr daxildir. Bunlar Nil çayı ilə həmsərhəd olan Misir və Efiopiyadır. Həmçinin Hindistan və Pakistan sərhəd çayı Hind çayının suları ilə ayrılır. Digər tərəfdən, Hindistan Banqladeşlə Qanq çayı ilə həmsərhəddir. Türkiyə, Suriya və İraq isə Dəclə və Fərat çaylarından su uğrunda yarışa bilər.
Ekoloqlar xatırladırlar ki, planetdəki suyun yalnız 2,5 faizi içməyə yararlıdır. Eyni zamanda, onun böyük hissəsi buzlaqlarda donub. Bu arada həm əhali, həm də suya tələbat artıb. Buna görə də böhran getdikcə daha çox insana təsir edir.
Onu da xatırladaq ki, Dnestr çayı hövzəsində istilər və yağışın olmaması səbəbindən su xeyli azalıb. Bu, yəqin ki, mövsümi bir hadisədir. Moldovada artıq təhlükənin yüksək səviyyəsi elan edilib, Ukraynada isə Dnestr su anbarında suyu tənzimləməklə vəziyyətdən çıxmağa çalışırlar.
Y. QACAR