Azərbaycan ədəbi dilinin tarixini, mənşəyini, formalaşmasını, inkişafını tədqiq edən kadrlarımız, demək olar ki, çox azdır.
Bunu "Report"a müsahibəsində Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O qeyd edib ki, Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan dili və Türk dilləri” ixtisası üzrə yerlər boş qalır. Buna səbəb doktoranturaya qəbul zamanı ingilis dilindən tələb olunan keçid balının toplanmamasıdır:
"Bu dili mənimsəyən tələbələr keçid balını toplayaraq dil nəzəriyyəsi ixtisasına qəbul olurlar. Filologiya, şərqşünaslıq, eləcə də digər ixtisasları bitirənlər keçid balını toplaya bilmədiyinə görə doktoranturaya qəbul ola bilmirlər və həmin yerlər boş qalır. Ona görə də Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bu dil ilə bağlı tədqiqatlara daha çox üstünlük verilməlidir. Bu sahə ilə bağlı tədqiqatların aparılmasına gənclərin marağı böyükdür. Təəssüf ki, doktoranturaya qəbul və minimum imtahanlarından keçə bilməyənlər tədqiqatlarını davam etdirə bilmirlər".
O əlavə edib ki, ingilis dilində tərtib edilən testlərin səviyyəsi bu ixtisası bitirənlərin bilikləri səviyyəsindədir:
"İngilis dilindən imtahan verilməsi vacibdir. Lakin sualların səviyyəsi narazılıq doğurur. Nəzərə almaq lazımdır ki, ingilis dili ixtisas fənn olmadığına görə bütün ali məktəblərdə eyni səviyyədə tədris edilmir".
Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.