AZ

Bakıda alternativ nəqliyyat xaosu yaşanır: 90 faiz sürücülər qaydalardan xəbərsizdir

Maarifləndirmə və cəzalar paralel aparılmalıdır, əks halda faciələrin qarşısı alınmayacaq

Paytaxtın son günlərdə diqqət çəkən problemlərindən biri skuter qəzalarının artmasıdır. Demək olar ki, hər gün yollarda qəza törədən bir skuter sürücüsünə rast gəlirik. Bu qəzalar nəticəsində ağır xəsarət alanların sayı da az deyil. Bakının mərkəzində baş verən və bir uşağın ölümünə səbəb olan skuter qəzası bir daha uşaq və yeniyetmələrin skuter sürərkən üzləşdiyi təhlükələri gündəmə gətirib.

Qeyd edək ki, ötən gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, D.Əliyeva İlə R.Behbudov küçəsi kəsişməsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub. TƏBİB-in Mətbuat Xidmətindən bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın cinsli) həkiməqədər ölüm faktı hadisəsi qeydə alınıb.
Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda Nazirliyin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitununun travmatoloq-ortopedi İlham Şıxbabayev məhz bu mövzuya toxunub. Travmatoloq qeyd edib ki, skuter və skeytbord sürən uşaqlar üçün təhlükəsizlik qaydaları çox vacibdir, çünki bu vasitələr düzgün istifadə edilmədikdə ciddi xəsarətə səbəb ola bilər.


 
Onun sözlərinə görə, son bir ay ərzində 48 nəfər motosiklet, moped və skuter qəzası nəticəsində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib: “Skuter qəzası ilə gətirilən şəxslərdən 12 nəfərin vəziyyəti ağır olub və onlar dərhal əməliyyat olunublar. Əsasən çoxsaylı sınıqlar və travmatik yaralanmalar müşahidə olunub. Digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar”.

İ.Şıxbabayev bildirib ki, düzgün qoruyucu vasitələrdən istifadə olunması olduqca vacibdir. Qoruyucu vasitələrə dəbilqə (ən vacib qoruyucu vasitədir, baş zədələrinin qarşısını alır), dirsək, diz və bilək qoruyucuları, əlcəklər, gözlüklər və s. aiddir. Geyimlər rahat olmalı, rahat hərəkət etməyə imkan verməlidir. Qapalı və rezin altlıqlı idman ayaqqabıları geyinilməlidir. İstifadə olunan ərazi düzgün seçilməlidir. Təhlükəsiz yer seçilməli və yer səthi hamar olmalıdır, maneələr olmamalıdır. Sürətə nəzarət və sürətli sürməkdən çəkinilməlidir. Sürməkdən əvvəl mütləq sürməyi öyrənmək üçün təlim keçməlidirlər. Uşaqların yaşına və fiziki imkanlarına uyğun avadanlıq seçilməlidir. 8 yaşına qədər uşaqlar yalnız böyüklərin nəzarəti altında bu kimi vasitələrdən istifadə etməlidir. İnsanların çox olduğu, nəqliyyat vasitələrinin hərəkət etdiyi, qaranlıq yerlərdə sürmək olmaz. Skuter və skeytbord sürərkən qulaqlıqlardan və telefondan istifadə etmək qadağandır”.

Travmatoloq qeyd edib ki, belə vasitələrdən istifadə zamanı yıxılan uşaqlara yerində ümumi qaydalara uyğun ilkin tibbi yardım göstərilməli, ciddi bir travma alıbsa, mütləq təcili yardım çağırılmalı və dərhal xəstəxanaya çatdırılmalıdır:

“Ümumi təhlükəsizlik qaydalarına əməl etmədikdə bəzən ciddi travmalar müşahidə olunur. Travma alan şəxsin birinci huşunun aydın olub-olmaması, açıq yaranın, ətraflarda deformasiyanın olub-olmamasına diqqət yetirilməli və uyğun tədbirlər görülməlidir”.

Bəs, təhlükə yaradan skuterlərlə bağlı nə etmək lazımdır?

Bu barədə isə nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov öz təkliflərini açıqlayıb. 

Ekspert bildirib ki, qəza riskləri öncədən proqnozlaşdırıldığı üçün ötən il ərzində məhz mikromobillik vasitələri kiçik elektrik mühərrikli nəqliyyat vasitəsi kimi qanunvericilikdə təsbit olundu: “Bizdə artıq qanunverici baza var. İnzibati xətalar məcəlləsində və "Yol hərəkəti haqqında" Qanunda da cərimələr müəyyən edilib. Yaşı 14-dən aşağı olan insanların elektron skuter sürməsi qadağandır. Həmçinin müəyyən qaydalar da artıq tərtib olunub. Belə ki, 24 saat ərzində həmin nəqliyyat vasitələrinin önündə və arxasında fənərləri yanılı vəziyyətdə olmalıdır. Skuter sürənlər avtomobil yolunun zolağının sağ zolağı ilə hərəkət etməlidirlər”.

Ekspertin sözlərinə görə, qaydaları pozan skuter sürücüsü 40 manat cərimələnir: “Baxmayaraq ki, skuter və moped sürücülərindən vəsiqə tələb olunmur, lakin bütün hallarda cərimə təyin edilir. Kiməsə xətər yetirsələr və başqa nəqliyyat vasitəsinə ziyan vursalar, 150 manat cərimə nəzərdə tutulur. Sərxoş halda idarə etmək qadağandır. Bizim gənc vətəndaşlarımız hələ ki qanunu dərk edə bilmir. Onlar başa düşmürlər ki, bu cür nəqliyyat vasitələri artıq əyləncə vasitəsi olmaqdan çıxıb və şəhər mühitində nəqliyyat vasitəsinə çevrilib. Qaydalara əməl etmək lazımdır. Bir çox yeniyetmə qanundan və qaydalardan xəbərsizdir. Dövlət yol polisi maarifləndirmə işləri aparır, reydlər keçirir, söhbətlər aparır. Qayda pozuntuları davam etdikcə, maarifləndirmə işləri davam etdirilməlidir".

Şəhər mühitində skuterlərin sürətinin azaldılmasını təklif edən E.Cəfərov düşünür ki, sürət həddi maksimum saatda 15 km olsa, kifayətdir: 

“Hazırda saatda 25, 35 km yol gedən skuterlər də var. Cərimə və maarifləndirmə paralel aparılmalıdır. Vəziyyət acınacaqlı hal alarsa, skuterdən istifadə edənlərin yaş həddini 14-dən bir az da yuxarı qaldırmaq olar. Qəzaların qarşısını almağın bir yolunu tapmaq lazımdır. Çünki istifadəçilərin sayı günbəgün artır. Skuter istifadəçilərini hətta sadə suallarla onlayn test də etmək olar və yalnız ondan sonra nəqliyyat vasitəsini kirayə götürməsinə icazə verilə bilər. Həm də qaydaları izah etmək, cərimələr haqqında məlumat vermək lazımdır. Bütün bunları biləndən sonra daha səliqəli şəkildə idarə edəcəklər”.

Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı isə “Şərq”ə açıqlamasında deyib ki, skuter və digər alternativ nəqliyyat vasitələri şəhər hərəkətini daha da xaotik hala salır: 

“Son dövrlərdə skuterlərlə (elektrik samokatlarla), velosipedlərlə və mopedlərlə bağlı baş verən qəzalar, təəssüf ki, artıq cəmiyyətin ciddi narahatlığına çevrilib. Bəzi hallarda bu hadisələr faciəvi sonluqla da nəticələnir. Onsuz da şəhərdə illərdir hökm sürən nəqliyyat xaosu, zəif infrastruktur, sürücülərin qeyri-etik və məsuliyyətsiz davranışı kifayət qədər təhlükəli mənzərə yaratmışkən, indi bu xaosa bir də alternativ nəqliyyat vasitələrini idarə edən, yol-hərəkəti qaydalarına ya bələd olmayan, ya da bilərəkdən məhəl qoymayan şəxslər əlavə olunub. Ən narahatedici məqamlardan biri isə odur ki, bu vasitələri idarə edənlərin təqribən 90 faizi yol-hərəkəti qaydalarından xəbərsizdir. Beynəlxalq təcrübədə bu nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsi tələb olunmasa da, bu, hüquqi boşluqdan sui-istifadə etmək üçün bəhanə ola bilməz. Qanunvericiliyin bu sahədə geri qalması, davranış məsuliyyətini aradan qaldırmır. Cəmiyyətin rifahı və təhlükəsizliyi naminə hər kəs minimal davranış qaydalarına riayət etməlidir. Təəssüf ki, bu vasitələri idarə edən gənclərin çoxunun davranışına nəzər saldıqda, ailə tərbiyəsinin kifayət qədər zəif olduğunu aydın görmək mümkündür. Uşaqlara erkən yaşlardan öyrədilməlidir ki, ictimai məkanda məsuliyyətli, diqqətli davranmaq təkcə fərdi yox, ictimai vətəndaşlıq borcudur”.

E.Bayramlının sözlərinə görə, digər ciddi problem isə kuryer kimi çalışan yeniyetmələrin şirkətlər tərəfindən açıq-aşkar istismar edilməsidir. Onlara "5 dəqiqəyə çatdırılma" kimi absurd tələblər qoyulur. Nəticədə bu uşaqlar yüksək sürətlə, təhlükəni gözə alaraq şəhər küçələrində demək olar ki, "ağına-bozuna baxmadan" hərəkət etməyə məcbur qalırlar. Bu isə təkcə onların deyil, digər yol iştirakçılarının da həyatını təhlükəyə atır: 

“Fikrimcə, skuterlərin avtomobil yollarında hərəkəti tamamilə qadağan edilməlidir. Onlar yalnız piyadalara mane olmamaq şərti ilə səkidə hərəkət etməlidirlər. Velosipedçilər isə ancaq onlar üçün ayrılmış xüsusi zolaqlarla hərəkət etməlidirlər. Belə zolaqların olmadığı hallarda, yolun sağ kənarı ilə, nəqliyyatın hərəkətinə təhlükə yaratmadan idarə olunmalıdırlar. Ən vacib məqam isə odur ki, qaydalara əməl etməyən şəxslərə qarşı ciddi inzibati tədbirlər tətbiq olunmalıdır. Cərimələrin artırılması, bu vasitələrin müsadirəsi və ya istifadəyə müəyyən müddət qadağa qoyulması kimi cəzalar effektiv çəkindirici mexanizmə çevrilə bilər. Əks halda, nəqliyyat mühitindəki xaotik vəziyyət daha da dərinləşər və nəticələri daha faciəvi ola bilər”.
Seçilən
4
1
sherg.az

2Mənbələr