AZ

Xroniki “qırmızı”

Azərbaycan klublarının cari avrokubok mövsümünə yaxşı başladığını gördük. “Qarabağ” ÇL-də, “Sabah” və “Araz Naxçıvan” isə Konfrans Liqasında davam edəcək. “Hayduk”a ekstrataymda uduzan “Zirə” də layiqli mübarizə apardı, bəxtsizlik üzündən ələndi.

Deyilənə görə, legioner limitinin ləğvi klublarımızın güclənməsinə səbəb olub və avrokuboklardakı nəticələr bunun bariz göstəricisidir. Bu, başqa müzakirənin mövzudur. İndi bir xroniki hal almış bəladan bəhs etmək istəyirəm.

“Araz Naxçıvan” güclü “Aris”ə səfərdə 2 qol vurmuşdu və oyunda diqtə edən tərəfə çevrilmişdi. Müxtəlif taktiki həmlələri nəticə verməyən Yunanıstan təmsilçisi ekstra pressinqlərə başladı. Belədə təmsilçimiz ardıcıl top itkilərinə yol verməyə başladı. Bu cür epizodların birində “Araz Naxçıvan”ın müdafiəçisi İqor Ribeyro meydandan qovuldu.

Eyni bəlaya “Zirə” də düçar oldu. “Hayduk” kimi təcrübəli rəqibə qarşı zərərsizləşdirici müdafiə elementləriylə tarazlıq yaradan təmsilçimiz üstünlüyü də ələ keçirmişdi. Lakin burda da “qırmızı” alan tərəf olduq.

Bundan başqa, avrokubok təmsilçilərimiz həm də çox sayda “sarı” alır.

Oyunboyu bu cür cəzalar əsasən sərt mübarizənin göstəricisi sayılır. Lakin müşahidələr deməyə əsas verir ki, təmsilçilərimizin buna düçar olmasına ən əsas səbəb psixoloji hazırlığın olmamasıdır.

Böhran vəziyyətindən çıxış anlayışı müasir futbolun ən vacib meyarlarından sayılır. Lakin təmsilçilərimizdə bu sarıdan işlərin arzulanan səviyyədə olmadığı görünür.

Bəhs etdiyimiz meyar istiqamətində yüksək səviyyəli iş qurmuş klublara fikir versək, onlar bəzən meydanda azlıqda qaldıqları oyunu belə xeyrinə başa vura, hətta vəziyyəti öz lehinə çevirə bilir.

“Araz Naxçıvan” azlıqda qalandan sonra 2 qol buraxdı, “Zirə” isə heç cür üstünlüyü ələ ala və ya epizodik ultra-hərəkətlilik yarada bilmədi. Gördüyümüz kimi, “qırmızı” almaq və alandan sonra xaosa düçar olmaq klublarımızın xroniki bəlasına çevrilib. Xüsusən, son illər bu hal artıb, hətta milli komandalarımızda da oxşar hal sezilir.

Bu problemi tez-tez müzakirə etmək, aktual saxlamaq və üzərində ciddi işləmək faydalı olar.

Kamil Əhməd

Seçilən
1
futbolpress.az

1Mənbələr