Ermənistan hakimiyyətinin “Zəngəzur dəhlizi” ifadəsini tədricən “Sünik qapısı” ilə əvəzləməsi diqqətçəkən siyasi strategiyanın bir parçası kimi görünür.
Bu termin dəyişimi, əsasən, daxili ictimai rəyi yönləndirmək və beynəlxalq razılaşmalardakı öhdəliklərin ictimaiyyətə daha yumşaq təqdim edilməsinə hesablanıb. Prezident Vahaqn Xaçaturyanın Sünik bölgəsinə səfəri zamanı “buranın ölkənin inkişafına açılan qapı olduğunu” vurğulaması da bu strategiyanın bir nümunəsidir.
Bu addım, İrəvanın “dəhliz” anlayışı ətrafında yaranan daxili narahatlıqları minimuma endirmək cəhdidir. Ermənistan cəmiyyətində “dəhliz” ifadəsi müstəqilliyə təhlükə kimi qəbul olunduğuna görə, hakimiyyətin bu cür simvolik dəyişikliklərə əl atması daxili sabitliyi qorumaq üçün bir alətə çevrilib.
Əslində isə, burada söhbət təkcə terminlərdən yox, bölgənin gələcəyi üçün real geosiyasi və iqtisadi qərarlardan gedir. Zəngəzur dəhlizi yalnız Azərbaycan ilə Naxçıvanı birləşdirən bir yol deyil, o, həm də Orta dəhlizin tərkib hissəsi olaraq beynəlxalq nəqliyyat sisteminə inteqrasiya baxımından əhəmiyyət kəsb edir. Bu səbəbdən, Ermənistan tərəfinin adı nə olursa olsun, reallıqda qarşısında duran məsuliyyətlər və imkanlar dəyişmir.
Hazırda Ermənistan bu layihə üzrə praktiki addımlar atmaqdan yayınsa da, Azərbaycan öz tərəfində infrastruktur işlərini xeyli irəlilədib. Bu isə o deməkdir ki, prosesin gecikməsi artıq İrəvanın öhdəliklərinə əməl etməməsi kimi qiymətləndirilə bilər.
Bəzi politoloqlar qeyd edirlər ki, bu dəhliz məsələsi Ermənistan-Azərbaycan sülh sazişindən ayrıca olaraq həllini tapa bilər. Hətta beynəlxalq dairələrdə də layihənin reallaşması ilə bağlı müəyyən razılaşmaların mövcudluğu istisna edilmir. Dəhlizə nəzarət məsələsi isə hələ də mübahisə doğuran məqamlardan biridir.
Azərbaycanın mövqeyi isə aydındır: məqsəd Ermənistanın suverenliyini pozmaq deyil, maneəsiz və yoxlanışsız keçidin təmin edilməsidir. Bütün bunlar 2020-ci il üçtərəfli bəyanatında təsbit olunmuş öhdəliklərə əsaslanır. Bu baxımdan Ermənistanın “Sünik qapısı” adı ilə bu prosesi yumşaltmağa çalışması, əslində, qəbul olunmuş razılaşmaları gecikdirməyə yönəlmiş cəhddir.
Əgər Ermənistan iqtisadi inkişafı, regional əməkdaşlığı və beynəlxalq layihələrdə iştirakını təmin etmək istəyirsə, bu keçidin reallaşmasına qarşı süni maneələr yaratmaqdan çəkinməlidir. Siyasi ritorika ilə vaxt udmağa çalışmaq əvəzinə, konkret addımlar atmaq daha məqsədəuyğundur.
Ruslan Zəngəzur