AZ

Polşa səfiri: Mənim üçün əsas prioritet əməkdaşlığın hər iki ölkəyə fayda gətirməsidir - MÜSAHİBƏ

Azərbaycan və Polşa arasında 1992-ci il fevralın 21-də diplomatik münasibətlərin qurulmasından bu günə qədər ikitərəfli münasibətlərdə müsbət və ümidverici dinamika nümayiş olunur. Ölkələr müxtəlif istiqamətlərdə - siyasi dialoqdan tutmuş iqtisadi və mədəni mübadilələrə qədər əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər. Geosiyasi mövqe və strateji maraqlar Bakı və Varşava qarşısında tərəfdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi üçün yeni üfüqlər açır.

Polşanın Bakıdakı yeni səfiri Pavel Radomski “Report”a müsahibəsində Azərbaycan-Polşa münasibətləri haqqında öz baxışlarını bölüşərək, Bakı və Varşava arasında qarşılıqlı əlaqələri keyfiyyətcə yeni səviyyəyə çıxarmaq istəyini vurğulayıb. Diplomat, həmçinin diplomatik missiyanın prioritetləri barədə danışıb.

- Bakıdakı diplomatik missiyanız müddətində Azərbaycan və Polşa arasında münasibətlərin möhkəmləndirilməsi üçün müəyyən etdiyiniz prioritetlər hansılardır?

- Düşünürəm ki, hər bir səfir üçün əsas prioritet ikitərəfli münasibətləri möhkəmləndirmək, onlara daha çox dinamika vermək və əməkdaşlığın hər iki ölkəyə hiss olunacaq fayda gətirməkdir. Mənim üçün bu, Azərbaycanla Polşa arasında əlaqələrin inkişafıdır.

Əlbəttə, bu mənim prioritetlərimin ümumi baxışıdır. Daha konkret desək, Azərbaycanın artan siyasi və iqtisadi potensialını və regionda güclənən təsirini nəzərə alsaq, əsas fəaliyyətim Polşada Azərbaycanın ciddi, etibarlı tərəfdaş olduğunu və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün bizə geniş imkanlar açdığını dərk etdirməkdir.

- Söhbətin əməkdaşlığın hansı istiqamətlərindən getdiyi barədə daha ətraflı məlumat almaq istərdim. Sizcə, ikitərəfli qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün ən böyük potensial hansı sahələrdə mövcuddur?

- İlk növbədə, geniş mənada bağlılığın inkişafından söhbət gedir. Bu həm nəqliyyat, həm telekommunikasiya, həm də rəqəmsallaşma daxil olmaqla müasir texnologiyalardır - Azərbaycan və Polşa arasında əlaqələrin yaxşılaşmasına töhfə verən hər şey buraya daxildir.

Üstəlik, söhbət təkcə ikitərəfli qarşılıqlı fəaliyyətdən deyil, həm də daha geniş Avropa kontekstindən - regional və beynəlxalq təşəbbüslər çərçivəsində nəqliyyat dəhlizlərinin və infrastruktur əlaqələrinin inkişafından gedir. Biz bu sahəni əsas və gələcək əməkdaşlıq üçün əhəmiyyətli potensiala malik sahə kimi görürük.

Digər vacib istiqamətlər kənd təsərrüfatı və qida məhsullarının istehsalıdır. Düşünürəm ki, Polşa bu sahələrdə təcrübəyə malikdir. Biz aqrar sektorun inkişafında və məhsullarımızın ixrac imkanlarının genişləndirilməsində ciddi uğurlar əldə etmişik.

Bundan əlavə, Polşa bərpa olunan enerji mənbələri (BEOM) sahəsinə böyük maraq göstərir. Burada bir neçə ay keçirdikdən sonra əmin oldum ki, Azərbaycanın BEOM sahəsində iddialı proqramı var. 2024-ci ilin noyabrında keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) nəzərə alaraq, bu istiqamət, şübhəsiz, prioritet istiqamətlər sırasına daxildir. Bundan əlavə, o, fəal şəkildə inkişaf edir.

Əlbəttə, bunlar qeyd edəcəyim əsas sahələrdən yalnız bəziləridir. Lakin aydındır ki, ölkələrimiz arasında əməkdaşlıq üçün potensial çox böyükdür.

- Polşada yaxın zamanlarda hökumətdə dəyişikliklər baş verib. Hökumət Azərbaycanla ikitərəfli münasibətləri qurmağı necə planlaşdırır?

- Hazırkı mərhələdə söhbət ölkələrimiz arasında konstruktiv dialoqun davam etdirilməsindən gedir. Bakı və Varşava arasında qarşılıqlı fəaliyyətdə artıq, necə deyərlər, daimi və ya institutlaşdırılmış ünsiyyət mexanizmləri formalaşıb. Belə alətlərdən biri xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən müntəzəm siyasi məsləhətləşmələrdir.

Biz bu təcrübəni davam etdirmək niyyətindəyik: hazırda növbəti məsləhətləşmələr raundunun təşkili üzərində işləyirik. Bu isə planlaşdırdığımız kimi bu ilin payızında Varşavada keçiriləcək. Hazırda bu məsləhətləşmələrin keçirilməsi üçün konkret tarixin müəyyənləşdirilməsi üzərində işləyirik.

İkitərəfli əməkdaşlığın daha bir mühüm və müntəzəm istifadə olunan mexanizmi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır. Hazırda biz komissiyanın növbəti iclasının hazırlanmasına cavabdeh olan Azərbaycan hökuməti ilə fəal dialoq aparırıq. Bundan əlavə, iclasın konkret tarixinin razılaşdırılması prosesi gedir. İlkin olaraq Komissiyanın iclasının bu ilin payızında Varşavada keçirilməsi planlaşdırılır.

Hökumətlərarası Komissiyadan danışsaq, necə adlandırılmasından asılı olmayaraq onun iclasını işgüzar görüş və ya biznes forum ilə birləşdirməyi məqsədəuyğun hesab edirəm. Fikrimcə, biznes nümayəndələri, eləcə də hər iki ölkənin şirkətləri arasında birbaşa əlaqələr mühüm əhəmiyyət daşıyır.

Məhz belə görüşlər və formatlar dialoqda daha konkret olmağımıza imkan verir. Onlar təkcə əməkdaşlığın konkret istiqamətlərini müəyyən etməyə deyil, həm də dəqiq vəzifələri, eləcə də onların yaxın gələcəkdə həyata keçirilməsi üçün son tarixləri müəyyən etməyə imkan yaradır.

- Yaxın gələcəkdə yüksək səviyyəli qarşılıqlı səfərlər planlaşdırılırmı?

- Hələ ki, yox. Lakin mənim məqsədim onların təşkilinə kömək etməkdir. Gündəlikdə yüksək səviyyəli parlamentarilərin görüşləri nəzərdə tutulub. İndi növbə Polşanındır - Seym və Senatın rəhbərlərinin (Seym - parlamentin aşağı, Senat - yuxarı palatasıdır. Seym tərəfindən qəbul edilmiş qanunlara baxır, düzəlişlər təklif edə və ya onları rədd edə bilər - red.) Bakıya səfəri gözlənilir.

Şübhəsiz ki, Polşa və Azərbaycan liderlərinin görüşü xüsusilə əhəmiyyətli və arzuolunan hadisə olardı. Avqustun 6-da Polşada yeni Prezident Karol Navrotskinin vəzifəsinin icrasına başlayacağını nəzərə alsaq, bu, mühüm siyasi əhəmiyyət kəsb edir.

- Bakı və Varşava arasında birbaşa uçuşların sayının artırılması imkanı nəzərdən keçirilirmi? İki ölkənin şəhərləri arasında yeni istiqamətlərin açılması planlaşdırılırmı?

- Burada söhbət Polşanın LOT aviaşirkətindən gedir. Hazırda şirkət mövcud cədvələ riayət edir. Əlbəttə, bütün qərarlar aviaşirkətin özü tərəfindən tələbatın təhlili və iqtisadi məqsədəuyğunluq əsasında qəbul edilir.

Hazırda – mart-avqust aylarında, həftədə beş reys həyata keçirilir, bundan sonra adi qrafikə - həftədə dörd reysə qayıdılması planlaşdırılır. Uçuşların tezliyinin artırılması imkanı barədə məlumatım yoxdur.

Bununla belə, biz polşalı turistlərin, turoperatorların və turizm şirkətlərinin Azərbaycana marağının artdığını müşahidə edirik. Əgər bu tendensiya davam edərsə, gələcəkdə uçuşların tezliyinin artırılması məsələsinə baxıla bilər. Hələlik isə şirkət (LOT - red.) mövcud cədvələ sadiq qalır.

- Bu məsələ qarşıdan gələn Hökumətlərarası Komissiyanın iclasının gündəliyinə daxil edilə bilərmi?

- Əlbəttə. Birbaşa hava əlaqəsinin başlanmasından sonra yaranan imkanları yüksək qiymətləndiririk. Bu çox vaxtında verilmiş qərar idi.

- Qarabağda olmusunuz. Səhv etmirəmsə, Laçın, Ağdam və Şuşaya səfəriniz olub... Yəqin ki, Azərbaycana gəlməzdən əvvəl bu bölgə haqqında müəyyən məlumatınız var idi. Gördükləriniz barədə təəssüratlarınız necədir?

- Bəli, elədir. Mən həmçinin Xankəndidə də olmuşam. Həqiqətən də şadam ki, Azərbaycandakı diplomatik korpus nümayəndələri ilə iki səfərdə iştirak etmək imkanım oldu. Birinci səfər Xankəndiyə idi, ikinci səfər zamanı isə Laçındakı yeni hava limanını ziyarət etdik. Şuşada olduq, daha sonra Ağdama getdik və oradan qatarla Bakıya qayıtdıq.

Hər iki səfər mənə xoş təəssürat bağışladı. Xüsusilə, bərpa işlərinin miqyası, infrastruktura, yollara, tunellərə, yeni binalara böyük investisiyaları qeyd etmək istərdim. Ağdamda yeni dəmiryol vağzalını, Muğam Mərkəzini, konsert zalını gördük.

Eyni zamanda, bölgənin qarşısında ciddi çağırışların olduğu aydındır. Bu, insanların bölgəyə qayıtması, onların işlə təmin edilməsi, tam infrastrukturun və layiqli həyat şəraitinin yaradılması ilə bağlıdır.

Bununla belə, mənə səfərlərdən ilham və enerji dolu xoş təəssürat qaldı - baş verənlərin miqyası və regionun bərpası istiqamətində işlərin fəallığı məni valeh etdi.

- Polşa şirkətləri Qarabağ və Şərqi Zəngəzurda layihələrin həyata keçirilməsində iştirak etməyə maraq göstərirlərmi? Bu istiqamətdə konkret təkliflər varmı?

- Düşünürəm ki, maraq mövcuddur. Müxtəlif şirkətlərin marağı var, memarlıq büroları da bunu (Qarabağda tikinti-bərpa prosesini - red.) çox diqqətlə izləyirlər.

Polşada tarixi obyektlərin bərpası sahəsi güclüdür. Bu, İkinci Dünya müharibəsindən sonra əldə etdiyimiz bərpa təcrübəmiz sayəsində mümkün olub. Məsələn, Varşavanın qədim hissəsi faşistlər tərəfindən tamamilə dağıdılmışdı, lakin sonradan ilkin görkəmini aldı - bunu özünüz də görə bilərsiniz. Bu, çoxsaylı nümunələrdən yalnız biridir.

Bu sahədəki təcrübəmizi nəzərə alaraq, əminəm ki, polşalı mütəxəssislər tarixi irsin bərpasına dəyərli töhfə verə bilərlər.

- Azərbaycanın daha hansı bölgələrinə səfər etməyi planlaşdırırsınız?

- Mən Azərbaycanın bütün bölgələrində olmaq istərdim. Xüsusilə Qafqaz dağları məni cəlb edir - fotoşəkillərdə onlar möhtəşəm görünür və onları öz gözlərimlə görmək istəyirəm. Həmçinin ölkənin cənubu, çay plantasiyaları və bununla bağlı olan hər şey maraqlıdır. Ümumiyyətlə, Azərbaycanın bütün guşələri görülməyə layiqdir. Bundan əlavə, mən müxtəlif bölgələrdə yerli hakimiyyət orqanları ilə əlaqələr qurmaq istərdim.

- Bəs Xəzər dənizi haqqında nə deyə bilərsiniz? Ondan həzz ala bildinizmi?

- Dənizkənarı Bulvarı axşamlar gəzərkən dənizdən həzz alıram. Bu gözəl bir yerdir: insanlar çoxdur, canlı atmosfer, rahatlıq, sakitlik və xüsusi bir enerji hissi var.

- Son illər Polşa universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayında artım müşahidə olunur. Təhsil sahəsində ikitərəfli əməkdaşlığın, o cümlədən polşalı tələbələrin Azərbaycanda təhsil alma imkanının inkişaf etdirilməsi planlaşdırılırmı?

- Mən tələbə mübadiləsinin hər iki istiqamətdə baş verməsini istərdim. Polşaya təhsil almağa gələn azərbaycanlı tələbələrin sayında artım müşahidə edirik və bu həqiqətən sevindirici haldır.

Eyni zamanda, Bakıda və ümumiyyətlə Azərbaycanda daha çox polşalı tələbə görmək gözəl olardı. Onlar regionu daha yaxşı tanıya, xüsusiyyətlərini anlaya, eləcə də yerli mədəniyyət və cəmiyyətlə daha dərindən tanış ola bilərlər. Bununla belə, akademik və mədəni mübadilələr bir-birimizə daha yaxın olmağa və bir-birimizi daha yaxşı anlamağa kömək edir.

Hesab edirəm ki, iqtisadiyyat və siyasi əməkdaşlıq sahələrində birgə fəaliyyəti gücləndirməyin ən yaxşı yollarından biri insanları bir araya gətirməkdir. Müxtəlif mübadilə proqramları, yəni "people-to-people exchanges" adlanan proqramlar, xüsusilə gənc yaşlarda faydalı olur. Bu zaman tələbələr dostluq münasibətləri qurmaq imkanı əldə edirlər, eləcə də digər ölkələrdən olan həmyaşıdlarını və həmkarlarını daha yaxşı anlaya bilirlər.

Bundan əlavə, şəxsi ünsiyyət və insanlar arasında birbaşa əlaqələr müxtəlif ölkələr və regionlarla bağlı mövcud stereotipləri aradan qaldırmağın, eləcə də uzunmüddətli münasibətlər üçün möhkəm təməl yaratmağın ən yaxşı yoludur.

- Azərbaycan və Polşa arasında mədəni əməkdaşlığın hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?

- Azərbaycan və Polşanın uğurla əməkdaşlıq etdiyi mühüm sahələrdən biri mədəniyyətdir. Bakıda olduğum təxminən dörd ay ərzində şəhərin və bütün ölkənin mədəni zənginliyinə heyran qaldım. Burada Polşa memarlıq irsinin elementlərini görmək xüsusilə xoşdur.

Açığı, Bakı küçələri ilə gəzərkən fantastik gözəl binalara baxarkən qürur hissi keçirirəm. Paytaxtın musiqi həyatı da heyranedicidir - xüsusilə caz...

Bu ilin iyun ayında Polşanın Bakıdakı səfirliyi ölkənin 2025-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrliyin başa çatması münasibətilə mədəni tədbir təşkil etmişdi. İndi isə Bakı Caz Festivalı çərçivəsində polşalı caz ifaçılarının ölkəyə növbəti səfəri planlaşdırılır. Burada polşalı iki musiqiçisinin iştirak edəcəyi gözlənilir.

Əminəm ki, mədəni mübadilənin genişləndirilməsi üçün böyük potensialımız var. Biz daha çox azərbaycanlı sənətçiləri - caz ifaçılarını və digər janrların nümayəndələrini - Polşa səhnələrində görmək istərdik. Eyni zamanda, Polşa incəsənətinin Bakıda və digər şəhərlərdə daha geniş təqdim olunmasına çalışırıq. Bu istiqamətin əhəmiyyətini xüsusilə vurğulamaq istərdim.

Seçilən
7
1
report.az

2Mənbələr