AZ

Xalq artisti Arif Babayev vəfat edib: Vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək

Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayev dünyasını dəyişib.

Finss.az-ın məlumatına görə, sənətkarın vəfatı barədə onun oğlu Yaşar Babayev məlumat verib. Xalq artisti 23 iyul 2025-ci il tarixində saat 17:30 radələrində kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İyulun 24-də isə təcili tibbi yardım avtomobili ilə Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, sənətkarın həyatını xilas etmək mümkün olmayıb.

Mədəniyyət Nazirliyinin yaydığı nekroloqda Arif Babayevin Azərbaycan musiqisinə verdiyi böyük töhfələr vurğulanıb:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev vəfat etmişdir. O, muğam məktəbinin qorunması, yeni nəsil ifaçıların yetişdirilməsi və milli musiqimizin inkişafında mühüm xidmətlər göstərmişdir. Onun zəngin yaradıcılığı və pedaqoji fəaliyyəti xalqımızın mədəni irsində daim yaşayacaqdır".

Nazirlik mərhumun ailəsinə, yaxınlarına və mədəniyyət ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.

Sənətkarla vida mərasimi bu gün – 1 avqust tarixində saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Arif Babayev I Fəxri Xiyabanda dəfn olunacaq.

Mehriban Əliyevadan paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı rəsmi Instagram hesabında paylaşım edib:

"Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevin vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün əvəzsiz itkidir. O, yaşından asılı olmayaraq hər kəsin sevdiyi əsl Xalq artisti idi. Onun məharətlə ifa etdiyi muğamlar milli musiqi irsimizi daha da zənginləşdirmişdir. Arif Babayevin xoş, nurlu xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Allah rəhmət eləsin".

Arif Babayev kim idi?

1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olan Arif Babayev peşəkar yaradıcılıq fəaliyyətinə 1960-cı illərdə Bakıda başlayıb. O, əvvəlcə Azərbaycan Dövlət Filarmoniyasında, daha sonra isə Dövlət Akademik Opera və Balet Teatrında solo muğam ifaçısı kimi çalışıb.

Muğam operalarında Məcnun (Leyli və Məcnun), Kərəm (Əsli və Kərəm), Aşıq Qərib və Camal kimi yaddaqalan obrazlara həyat verib.

1978-ci ildə Əməkdar artist, 1989-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Sənətkar həmçinin “Şöhrət” (1998), “İstiqlal” (2008) və “Şərəf” (2018) ordenləri ilə təltif olunub.

Seçilən
7
fins.az

1Mənbələr