AZ

"Xalqımız onu heç vaxt unutmayacaq" - Nazir

“Arif Babayev xalqın yaddaşında daim yaşayacaq”.

Bu fikirləri mədəniyyət naziri Adil Kərimli Xalq artisti Arif Babayevlə vida mərasimi zamanı RTV-yə açıqlamasında bildirib.

Nazir bildirib ki, səhər saatlarında sənətkarın vəfatı ilə bağlı alınan xəbər hər kəsi, xüsusilə də mədəniyyət ictimaiyyətini dərin kədərə boğub:

“Bu, yalnız ailəsi üçün deyil, bütün mədəniyyətsevərlər üçün böyük itkidir. Arif Babayev Azərbaycan muğam sənətinin nəhəng simalarından biri idi. Onun sənətdəki rolu və qoyduğu iz ölçüyəgəlməzdir”.

Adil Kərimli vurğulayıb ki, Arif Babayev uzun müddət xəstəliklə mübarizə aparsa da, dövlət tərəfindən ona hər zaman xüsusi diqqət göstərilib:

“Onun müalicəsi birbaşa Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində idi. Bu, dövlətimizin mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi yüksək qayğının bariz nümunəsidir”.

Nazir əlavə edib ki, Arif Babayevin sənəti, onun yetişdirdiyi yetirmələr, muğam məktəbi və mirası hər zaman yaşayacaq:

“Xalqımız onun sənətini və xidmətlərini heç vaxt unutmayacaq. Onun ruhu daim yaşayacaq və gələcək nəsillərə örnək olacaq. Biz də Mədəniyyət Nazirliyi olaraq bütün ictimaiyyətə dərin hüznlə başsağlığı veririk”.

Aqil Qarayev

Seçilən
10
news24.az

1Mənbələr