AZ

Professor: Beşinci kolon yenidən fəallaşıb

Professor:

“Son 8 ayda Rusiyanın Azərbaycanla bağlı siyasəti yanlış və səhv xətt üzərində qurulub. Onlar bizim sərnişin təyyarəmizi vurublar, amma bizdən üzr istəməyib və konpensasiya verməyiblər”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professorCümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, son 30 ildə Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olub və əsas fəaliyyəti Qarabağ probleminin həll edilməməsinə yönəlib.

C. Nuriyev əlavə edib ki, Azərbaycanda rus dilinə böyük hörmət göstərilsə də, Rusiyada azərbaycanlılara və onların dilinə hörmət edilmir: “Əksinə, ruslar bizi “bazar adamı” kimi təqdim edirlər. Halbuki Rusiya kosmosunun yaradıcılarından biri azərbaycanlı Kərim Kərimovdur. Yəni Rusiyanı, onun elmini dünyaya tanıdan böyük alimlərin bir neçəsi azərbaycanlıdır. Biz təkcə Rusiyada xidmət sahəsində faydalı olmamışıq, eyni zamanda onun inkişafında, elmində əlimizdən gələni etmişik. Təəssüflər olsun ki, bütün bunlar qiymətləndirilmir”.

Professorun fikrincə, imperiyalarda bir hakim fikir olur - əraziləri genişləndirmək. Rusiya da imperiya ambisiyalarından əl çəkə bilmir və hazırda dünyaya meydan oxumağa cəhd edirlər. Bu isə, həm də, özlərinə əlavə problemlər yaradır.

C. Nuriyevin iddiasına görə, Rusiyanın Azərbaycandakı “beşinci kolon”u yenidən fəallaşıb: “Onlar düşünürlər ki, Rusiyanın sayəsində yenidən vəzifələrə qayıda, Qarabağı ermənilərə verə bilərlər. Belə xülyalarla, qeyri-ciddi arzularla yaşayanlar var. Elə onların Ermənistandakı tayları olan Köçəryan və Sərksiyan da belə düşünür. Ancaq Azərbaycanı artıq belə şeylərlə qorxutmaq mümkün deyil. Bizim üçün vacib olan dövlətçilik və milli maraqlarımızdır. Bunu hər şeydən üstün tuturuq, eyni zamanda başqa ölkələrə də hörmətlə yanaşırıq”.

Müsahibimiz ehtimal edir ki, oktyabr ayına qədər Azərbaycan incə dönəmdən keçəcək: “Bizim xarici siyasətimiz çox doğru istiqamətdə gedir. Əlbəttə, bizim vəhdətə, milli birliyə, həmrəyliyə ehtiyacımız var. Xalqımız cənab prezidentin arxasındadır. Ancaq mən bir daha ziyalıları, xalqımızı prezidentin ətrafında daha sıx birliyə dəvət edirəm”.

C. Nuriyev sonda qeyd edib ki, ölkələr arasında münasibətlər qarşılıqlı olmalıdır və Azərbaycanın itirəcəyi heç nə yoxdur: “Bizim itirdiyimiz yalnız buxovlardır və bundan narahat deyilik. Qoy, belə itkilərdən bir akademik və onun komanda yoldaşı olan keçmiş hərbçi narahat olsun”.

Y. QACAR
Reyting.az
Seçilən
30
1
reyting.az

2Mənbələr