AZ

Tək paylaşımı ilə 500 min izləyici topladı: 11 yaşlı Arasdan alqışa layiq kampaniya

Mersində yaşayan 11 yaşlı Aras Kayretli “İzləyicim qədər zibil toplayıram” deyərək başlatdığı kampaniya ilə böyük diqqət çəkib. Kiçik yaşına baxmayaraq, onun təşəbbüsü ilə minlərlə insanda ekoloji şüur formalaşıb.

Sherg.az xəbət verir ki, Mersinin Mezitli rayonunda yaşayan Aras Kayretli, ətraf mühitin çirklənməsi və meşə yanğınlarına qarşı fərqli bir mənzərə yaratmaq məqsədilə anası Başak Gizdaşın dəstəyi ilə sosial media hesabı açıb.

Ətrafı təmizlədiyi anların görüntülərini “İzləyicim qədər zibil toplayıram” kampaniyası çərçivəsində paylaşan Aras, qısa müddətdə 500 minə yaxın izləyici qazanıb.

Yay tətili olduğu üçün Aras səhərlər tez oyanaraq anası ilə birlikdə təbiət parkları, yaşıllıq əraziləri, sahil və dənizkənarı bölgələrdə zibilləri toplayır.

Topladığı tullantıları paketlərə dolduraraq zibil qutularına atır və bu görüntüləri paylaşaraq ictimaiyyətə mesaj verir.

Zəki Koyuncuoğlu adına məktəbin 6-cı sinif şagirdi olan Aras, anasının təşviqi ilə bu kampaniyaya başladığını bildirib:

“Anam səhərlər yürüşə çıxırdı, mən də qoşulmağa qərar verdim. Axşamlar küçədə atılmış zibilləri görəndə anamın ağlına sosial mediada hesab açmaq fikri gəldi. Bir video çəkdik. Bu qədər bəyəniləcəyini heç düşünməmişdik. Bizim üçün də təəccüblü oldu. Anamın təşviqinə görə çox sevincliyəm.”

Kiçik Aras, əsas məqsədinin meşə yanğınlarına və ətraf mühitin təmizliyinə diqqət çəkmək olduğunu deyib:

“Əslində məqsədim izləyici qazanmaq deyildi. Mən sadəcə istəyirdim ki, meşə yanğınlarına daha çox əhəmiyyət verilsin. Ətraf mühitin təmizliyi hər birimiz üçün vacibdir. Yerlərə zibil atanlara üzülürəm. Hamımız bu məsələyə daha həssas yanaşsaq, çox sevinərəm.” 


Arasın anası Başak Gizdaş da kampaniyanı ətraf mühitə atılan tullantılara diqqət çəkmək üçün başladıqlarını deyib:

“İlk əvvəl videoları yaxınlarımızla paylaşdıq. Daha sonra sosial media hesabı açmağa qərar verdik. Bu qədər böyüyəcəyini düşünmürdük. Vətənini sevən və ölkəsi üçün çalışan insanlarıq. Çox gözəl və müsbət reaksiyalar aldıq. Aras artıq ətrafda tanınmağa başlayıb və bu onu sevindirir. Hər kəs bizi təbrik edir. Valideyn olaraq çox qürurluyam. Bir insanın yaşaya biləcəyi ən gözəl hiss övladı ilə qürur duya bilməkdir. Aras həmişə bu şüurla böyüdü. Körpəlikdən ona bu fikirləri aşıladıq. İndi onun bəhrəsini görürük.”
Seçilən
25
1
sherg.az

2Mənbələr