Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin məsuliyyətli borclanmasını təmin etmək məqsədilə istehlak kredit kartları üzrə tənzimləyici çərçivəyə mühüm dəyişikliklər edib.
Doğru.az xəbər verir ki, yeni qaydalara əsasən, borcalanın kredit kartı üzrə cəmi borcu onun vergidən sonrakı xalis gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Bu limit digər kredit təşkilatlarına olan öhdəliklər də nəzərə alınmaqla hesablanacaq.
Nağd vəsaitlə, bank və qiymətli metallarla təmin edilən kreditlər isə bu hesablamaya daxil edilməyəcək. Yeni tələblərə əsasən, bankların bu limitdən artıq verdiyi kredit xətlərinin məcmu həcmi onların I dərəcəli kapitalının 1 faizindən çox olmamalıdır.
Mərkəzi Bank bildirir ki, son dövrlərdə istehlak krediti seqmentində kredit kartları üzrə yüksək artım dinamikası müşahidə olunub. Bu da əhalinin gəlirlərində artımla yanaşı, borc yükünün də əhəmiyyətli şəkildə artmasına səbəb olub. Yeni tənzimləmə ilə bu risklərin qarşısının alınması hədəflənir.
Qeyd edək ki, dəyişikliklər çərçivəsində overdraft limitləri kredit xətlərinə daxil edilib, istehlak kreditlərinə konvertasiya əmsalı 40 faiz müəyyən olunub. Kredit xətlərinin balansdankənar hesabda olduğu dövrdə isə onlar üzrə 100 faiz risk dərəcəsi tətbiq ediləcək.
Bundan başqa, “A–” reytinqli çoxtərəfli inkişaf banklarının buraxdığı qiymətli kağızlara dair əlavə ehtiyat tələbi aradan qaldırılıb.
Eyni zamanda, borcalanın zərərlə fəaliyyət göstərməsi meyarı dəqiqləşdirilib. Belə ki, sahibkarlıq subyektinin EBITDA göstəricisi cəmi faiz xərclərindən az və ya mənfi olduqda, həmin fəaliyyət zərərlə hesab ediləcək. Bu yanaşma kredit risklərinin daha düzgün qiymətləndirilməsinə imkan verəcək.
Təsdiq olunmuş dəyişiklikləri aşağıdakı keçid vasitəsilə nəzərdən keçirmək mümkündür: https://e-qanun.az/framework/60285
DOĞRU.AZ