AZ

"Qərbin media oyunu: BBC-nin Azərbaycana qarşı növbəti iddiası" - ÖZƏL

"BBC Azərbaycanca" yazır ki, Avropa İttifaqı enerji maraqlarına görə Azərbaycanda insan haqları və siyasi həbslərlə bağlı problemlərə göz yumur. Məqalədə qeyd olunur ki, Aİ ilə münasibətlər 2022-ci ildə Ursula fon der Leyenin Azərbaycanı əsas tərəfdaş elan etməsindən sonra intensivləşib.
Dekabrda Avropa Parlamenti Aİ-ni Azərbaycana sanksiya tətbiq etməyə çağırsa da, bu tövsiyə xarakterli olub. BBC yazır ki, Aİ ölkələri arasında qaz asılılığı fərqlidir - Bolqarıstan qazın 40%-ni, Yunanıstan və İtaliya isə 15%-dən çoxunu Azərbaycandan alır. Adı açıqlanmayan avropalı diplomat qeyd edib ki, Aİ-nin Azərbaycana real təzyiq rıçaqları yoxdur, çünki üzv ölkələrin maraqları ziddiyyətlidir.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqalama verib: 

" BBC Azərbaycanda gedən yazı əslində təəccüblüdür. Biz zaman-zaman müxtəlif qərb mətbuatlarında da bu cür davranışları və xəbərləri görməkdəyik. Və nəzərə alsaq ki, bir çox bu tip mətbuat qurumları guya müstəqil mətbuat adlandırılır. Amma dərinliyinə getdikdə görürük ki, bu mətbuat qurumları daha çox mənsub olduqları dövlətlərin və yaxud onları maliyyələşdirən qurumların, dövlətlərin təsiri altındadır və onların sifarişlərini həyata keçirməkdədirlər.
Bu, BBC-nin Azərbaycanla bağlı yaydığı ilk qərəzli məlumat deyil. Məsələni dərindən araşdırdıqda görürük ki, bu məsələlərdə müəyyən qədər Rusiya izi də var. Belə ki, Avropanın və Qərbin bir çox siyasətçiləri, ekspertləri, media nümayəndələri Rusiya tərəfindən satın alınıb və onların bir çox hallarda sifarişlərini icra edirlər.
BBC-də gedən bu yazı da növbəti sifarişli bir yazıdır. Nəzərə alsaq ki, bir çox dövlətlər - xüsusilə də regionda marağı olanlar - Azərbaycanın müstəqil siyasətini və yaratdığı yeni reallıqları qəbul etməkdə çətinlik çəkirlər, bu reallıqları qəbul etmək istəmirlər.
Məhz buna görə də bu tip məlumatları yaymaqla Azərbaycana təzyiq göstərməyə çalışırlar. Əslində, Azərbaycan olaraq - yeni reallıqlar yaratmış bir dövlət, cəmiyyət və xalq olaraq - bu tip məsələlərə hazır olmalıyıq və bilməliyik ki, əgər bizim iddialarımız böyüyürsə və biz regionun əsas aparıcı dövlətinə çevriliriksə, bu cür təzyiqlər də olacaq və biz buna da hazır olmalıyıq". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr