Biləsuvar rayonunda 1995-ci il təvəllüdlü Sərxan qısqanclıq zəminində mübahisə zamanı 44 yaşlı Şaiqi (adlar şərti verilib – red.) qətlə yetirib.
News24.az teleqraf-a istinadən xəbər verir ki, hadisə 27 oktyabr 2024-cü ildə məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ərazisində baş verib.
Cəbrayıl rayon sakini Sərxan Şaiqi yaşadığı yarımçıq tikilinin yaxınlığında arı saxlanması üçün nəzərdə tutulmuş yeşiklərin yanında görüb. Şaiqin əvvəllər vatsapda ailə üzvlərinin ünvanına təhqiramiz mesajlar göndərməsi, bacısı Hürünü dəfələrlə narahat etməsi səbəbindən onu cəzalandırmaq qərarına gəlib.
Qəflətən Şaiqə hücum edib, onu yumruqlayıb. Daha sonra boğazından sıxaraq yerə yıxıb, təxminən 40 dəqiqə müddətində ona yumruq, təpik və başı ilə kəllə zərbələri endirib. İki-üç dəfə başını torpaq səthinə çırpıb. Yerdən götürdüyü taxta parçası ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub.
Şaiq aldığı zərbələrdən vəfat edib.
İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Atam iki dəfə evlənib”
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyib: “Əvvəllər ruhi-əsəb xəstəlikləri üzrə müayinə və müalicə olunmamışam, dispanser qeydiyyatında deyiləm.
Ciyərimdə olan xəstəliklə əlaqədar 2013-2020-ci illər arasında müvəqqəti hərbi xidmətə yararsız olmuşam. 2021-2022-ci illərdə əsgər vəzifəsində xidmət etmişəm. Ailəliyəm, həyat yoldaşımla evliliyimizdən bir oğlumuz var.
Atam iki dəfə ailə həyatı qurub. Birinci evliliyindən mən və bacım Samirə doğulub. İkinci evlilikdən adlarını bilmədiyim bir qardaşım, bir bacım var”.
“Bacımı görüb və bəyənib”
Təqsirləndirilən şəxs qeyd edib ki, bacısı Samirə 1993-cü il təvəllüddür, 2014-cü ildə ailə həyatı qurub, həyat yoldaşı vəfat edib:
“Bacım Bakıda yaşasa da, tez-tez qəsəbəyə gəlib-gedib. Mən hərbi xidmətə yollandıqdan sonra Samirə maddi ehtiyac səbəbindən ailə üzvlərimin yaşadığı evə köçdü, qəsəbə ərazisində marketdə işə düzəldi.
Bacım işə hər gün piyada gedib-gəlirdi. Sonradan bildiyimə görə o, işə gedib-gələrkən həmin yolun üzərində yaşayan və gül dükanı işlədən Şaiq bacımı görüb və bəyənib. Bacıma onu sevidiyini, onunla evlənmək istədiyini deyib. Hətta bir neçə dəfə elçi də göndərib”.
“Bacımı narahat edirdi”
Müttəhimin sözlərinə görə, Şaiqin bacısını narahat etməsindən əvvəllər xəbəri olmayıb: “Əsgərlikdən qayıtmağıma təxminən iki ay qalmış bundan xəbər tutdum. Bu barədə mənə anam danışdı.
Mən hərbi xidmətdən qayıtdıqdan sonra Samirə yaranmış söz-söhbətlə əlaqədar marketdə işdən çıxıb Bakı şəhərinə köçdü. Şaiqin bacımı narahat etməsinə görə onunla söhbət etmək istəsəm də, ailə üzvlərim buna imkan vermədilər, problem olmasını istəmədilər.
Şaiq bacımın evdə olub-olmadığını yoxlamaq məqsədilə dəfələrlə bizim yaşadığımız evin qarşısından keçib. Buna görə aramızda mübahisələr də olub. Hətta bir dəfə məni vurduğuna görə Cəbrayıl Rayon Polis Şöbəsi onun barəsində araşdırma da apardı. İşə Cəbrayıl Rayon Məhkəməsində xitam verildi.
Məhkəmədən sonra o, artıq evimizin qarşısına gəlmirdi. Buna baxmayaraq yenə də bacımı narahat edirdi. Problem olmaması üçün bacım bu barədə mənə heç nə demirdi. Lakin qohumlardan eşidirdim”.
“Deyinərək məclisi tərk etdi”
Sərxanın sözlərinə görə, ötən il oktyabrın 15-də oğluna sünnət şənliyi etdirib: “Bacım Samirə də yaşadığımız qəsəbəyə gəldi. Şaiq toy məclisinə gəlmək istəsə də, məni görəndə geri qayıtdı. Axşam dəqiq yadımda qalmayan saatlarda marketə dostlarım üçün spirtli içki almağa getdim.
Marketdə spirtli içki olmadığı üçün başqa dükandan içki alaraq məclisə qayıtdım. Mən özüm 2020-ci ildən spirtli içki qəbul etmirəm. Məclisə daxil olduqda Şaiqi orada gördüm. Yaxınlaşaraq dərhal çölə çıxmasını tələb elədim. O, deyinərək məclisi tərk etdi.
Kənara çəkilərək söhbət etməyi təklif etsəm də, Şaiq razılaşmadı, olduğumuz yerdə söhbət etmək istədi. Ona səhəri gün görüşə biləcəyimizi dedim.
Şaiq xatırlamadağım avtomobilə minərək toy məclisindən uzaqlaşdı”.
Sərxan bildirib ki, oktyabrın 16-da vatsap tətbiqi vasitəsilə Şaiq ona xatırlamadığı nömrədən mesajlar göndərib: “Həmin mesajda mənə və anamın ünvanına təhqiramiz ifadələr vardı, mənimlə Samirənin qardaşı olduğum üçün dalaşmaq istəmədiyini bildirdi. Daha mənə etdiyi zənglərinə cavab vermədim və onu görmədim.
Lakin Şaiqin ailəmə, xüsusilə bacıma qarşı hərəkətləri namusuma toxunduğu üçün ona cəza vermək istəyirdim”.
“Səsinin kəsildiyini gördüm, sakitləşdim”
Təqsirləndirilən şəxsin bildirdiyinə görə, oktyabrın 27-də təxminən saat 14:00-da Şaiqə məxsus gül mağazasının yanına gedib: “Məqsədim onu tək tutub cəzalandırmaq idi.
Şaiq tək olmadığından ona yaxınlaşmadım. Bir neçə dəqiqə onu izlədim. O, özünün “Qaz 24” markalı avtomobilinə tanımadığım şəxslərlə əyləşib İmişli rayonu istiqamətində getdilər.
Həmin gün saat 19 radələrində Şaiq qəsəbə ərazisində olan yardımçı tikiliyə tərəf getdi. Evinin yaxınlığında arıçılıq üçün nəzərdə tutulmuş yeşiklərin yanında iş görürdü. Nə iş gördüyünü bilmədim. Ətrafda heç kim yox idi.
Qəflətən Şaiqin üzərinə cumdum, yumruqla bir neçə dəfə baş və sifət nahiyəsinə vurdum, onu yerə yıxdım. Həm əsəbdən, həm həyəcandan, həm də nifrətdən onu dayanmadan yumruqlayırdım.
Əllərimilə boğazından sıxdım ki, halsız vəziyyətə gətirim. Təxminən 4-5 dəqiqəlik müddətlərdə 4-5 dəfə onu boğdum. Səsinin kəsildiyini görəndə sakitləşdim”.
“Qanı üzərimə sıçrayıb”
Təqsirləndirilən şəxsin bildirdiyinə görə, Şaiqin üzərində olarkən ona kəllə, sağ və sol yumruqla çoxsaylı zərbələr vurub:
“Bundan sonra ayağa qalxaraq onu təpiklədim. Şaiq halsız vəziyyətə gəlməmişdən öncə bir neçə dəfə qaçmağa cəhd göstərsə də, imkan vermədim. Onun gödəkcəsi qaçmağa cəhd göstərərkən düşdü.
Şaiqin üzərində olarkən ondan “mən qeyrətsizəm” ifadəsini işlətməsini tələb etdim. Uzunmüddətli cəhdlərimdən sonra həmin ifadəni təkrarladı. Onun yerdə hərəkətsiz vəziyyətdə qaldığını və xırıldadığını gördüm. Hirsimi çıxmaq və namusuma toxunduğuna görə dərs vermək üçün yaxınlıqda olan taxta parçasını götürdüm. Şalvarını və alt paltarını çıxardım. Taxta parçasını arxa hissəsinə salmaq istədim. Amma taxtanın həcmi çox böyük olduğu üçün bunu edə bilmədim.
Taxta ilə əlinə və intim orqanına zərbələr endirdim. Başından tutaraq bir neçə dəfə torpağa çırpdım. Artıq ondan səs gəlmirdi.
Hadisəni törədən zaman özümdə olmamışam. Mən özümə gələndə mərhum huşsuz vəziyyətdəydi. Onu xəstəxanaya çatdırmaq istədim. Bu məqsədlə ayaqlarından tutaraq asfalt yola tərəf sürüdüm. Təxminən 40-50 metr sürüyərək asfalt yola gətirdikdən sonra onu yolun kənarında qoydum.
Yoldan keçən maşınlara əl etdim ki, saxlasınlar. Məqsədim onu xəstəxanaya çatdırmaqıydı. Bir müddət avtomobil saxlatdırmağa çalışdım. Lakin əhəmiyyət verən olmadı. Üstüm-başım qanın içindəydi, Şaiqin qanı üzərimə sıçramışdı. Ola bilsin, sürücülər buna görə yanımda maşın saxlamaq istəmirdilər”.
“Dedi, hadisə yerinə qayıt”
Sərxan bildirib ki, avtomobil saxlatdıra bilmədiyi üçün bir qədər aralıda yerləşən avtovağzala tərəf gedib: “Orada Alimin işlətdiyi çayxanaya girdim. Həyəcanlı olduğumdan çayxanada olanlara fikrimi tam izah edə bilmədim. Məndən nə baş verdiyini soruşanda Şaiqi döydüyümü, amma ölüb-ölmədiyini bilmədiyimi söylədim.
Onlardan siqaret və yandıran istədim. Bir-iki dəqiqə nəfəsimi dərdim. Kimsə təcili tibbi yardıma zəng etdiyini dedi. Alim məni çayxanadan çıxardı və hadisə yerinə getməyimi məsləhət bildi. Mən hadisə yerinə qayıtdım.
Çayxanadakılar da mənimlə hadisə yerinə getdilər. Biz oraya çatanda təcili tibbi yardım avtomobili hadisə yerindəydi. Şaiqin üzəri örtülmüşdü. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəldilər və məni polis şöbəsinə apardılar”.
“Münasib hesab etmədik”
İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, oğlu Şaiq 2-ci qrup əlil olaraq Biləsuvar rayonunun 3 saylı qəsəbəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub:
“Şaiqin 2020-ci ildən Samirəyə sevgi hissləri olub. Lakin qadın əvvəllər ailəli olduğu üçün onu münasib hesab etmədik. Buna görə bu məsələyə razılıq vermədik. Şaiq isə dəfələrlə həmin qadınla ailə qurmaq istədiyini bildirdi. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq elçi getdik. Lakin yox cavabı aldıq. Şaiqin həmin ailə ilə bir neçə dəfə mübahisəsi olub, polisə və məhkəməyə düşüb”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.