AZ

Suriya Es-Suveydada çoxsaylı insan tələfatına səbəb olan hadisələri araşdıracaq

Suriya hökuməti Es-Suveyda vilayətində toqquşmalara səbəb olan hadisələri araşdırmaq üçün komitə yaradıb.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti Suriyanın Ədliyyə Nazirliyinə istinadən bildirib.

Qeyd olunub ki, yeddi nəfərdən (hakimlər, vəkillər və bir hərbçi ) ibarət olacaq komissiya hadisələrin baş vermə şəraitini araşdıracaq və üç ay ərzində hesabat təqdim edəcək.

Komissiya mülki şəxslərə hücumları və onlarla pis rəftar barədə məlumatları araşdıracaq və cinayətlərdə iştirakı sübut olunanları məhkəmə orqanlarına təhvil verəcək.

Qeyd edək ki, iyulun 13-də Suriyanın Es-Suveyda vilayətində yerli xalqlar arasında toqquşmalar başlayıb. İğtişaşları yatırmaq üçün şəhərə hökumət qüvvələri göndərilib, lakin qurbanların sayı artmaqda davam edib. Hökumət qüvvələri ilə yerli əhali arasında toqquşmaların dayandırılması və druzların müdafiəsi üçün İsrail Müdafiə Ordusu Suriya ordusuna aviazərbələr endirib.

Suriya İnsan Haqları Monitorinq Mərkəzinin məlumatına görə, Es-Suveyda vilayətində silahlı toqquşmalar nəticəsində təxminən 1300 nəfər həlak olub.

Seçilən
4
1
report.az

2Mənbələr