Azərbaycan son illərdə məhkəmə-hüquq islahatlarını prioritet sahələrdən birinə çevirib.
"Report" xəbər verir ki, bu fikirlər Siyəzən Rayon Məhkəməsinin sədri Bəylər Ələkbərovun “Konstitusiya və Suverenlik İli” Azərbaycanın ideoloji yüksəliş mərhələsidir” sərlövhəli məqaləsində yer alıb.
O qeyd edib ki, bu gün Azərbaycan Respublikası xalqın milli maraqlarını rəhbər tutaraq yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir:
"Prezident İlham Əliyevin bu il konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan etməsi də ölkəmizin Vətən müharibəsindən sonra yaratdığı yeni reallığa əsaslanırdı".
B.Ələkbərov vurğulayıb ki, suverenliyin təməl daşı hüquqdur:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində elektron məhkəmə sisteminin tətbiqi ilə vətəndaş-məhkəmə əlaqələri daha şəffaflaşıb, hakimlərin seçimində şəffaflıq və peşəkarlıq meyarları gücləndirilib, icra mexanizmləri təkmilləşdirilərək hüquqi qərarların reallaşması təmin olunub, insan hüquqları üzrə fəaliyyət mexanizmləri beynəlxalq standartlara uyğunlaşdırılıb".
Onun sözlərinə görə, bütün islahatlar suveren dövlətin yalnız hüquq sistemini deyil, xalqın dövlətə olan inamını da gücləndirib:
"Bu baxımdan, 2025-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlər yalnız dövlət institutları və hüquq müstəvisi ilə məhdudlaşmamalı, suverenlik düşüncəsi ictimai şüura, təhsilə, mədəniyyətə, mediaya və ailəyə qədər nüfuz etməlidir. Yəni “Konstitusiya və Suverenlik İli” həm də ideoloji yüksəliş mərhələsi olmalıdır. Çünki Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi həm də Azərbaycanın gələcək strateji hədəflərinə yönəlmiş ideoloji xəritənin təqdimidir. Biz bu il vasitəsilə yalnız keçmişə deyil, həm də gələcəyə baxırıq. Bəli, Vətən müharibəsində əldə olunan parlaq Qələbə ilə suverenliyin ərazi konturları artıq tamamlanıb, 2025-ci ildə isə bu suverenliyin hüquqi, ictimai, siyasi və mədəni çərçivələri tamamlanmalıdır".