AZ

"Azərbaycan dili bu sahədə müstəsna əhəmiyyətə malikdir" - Bədəl Bədəlov



"Avqustun 1-də ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü böyük fəxrlə qeyd olunur. Bu əlamətdar gün dilimizin zəngin tarixini və incəliklərini yad etmək, eyni zamanda Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, onun qloballaşma şəraitində inkişafı və saflığının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərin diqqətə çatdırılması baxımından önəmlidir. Ana dili xalqımızın milli kimliyi, tarixi və mənəvi dəyərlərinin ən qiymətli xəzinəsidir".

Bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin göstərdiyi prinsipial və qətiyyətli mövqe sayəsində milli dilimizin qorunması və inkişafına yüksək önəm verilib:

"1930-cü illərdə SSRİ totalitar rejimi çərçivəsində ana dilimiz ciddi təzyiqlərlə üzləşmişdir. O dövrdə milli dil məsələsini qaldıran ziyalılar sürgün və repressiyalara məruz qalmış, belə ağır şəraitdə ana dilinin təbliği cəsarət və böyük səylər tələb etmişdir. 1970-ci illərin ortalarından milli dillərin sıxışdırılması və rus dilinin dominantlığı həmin məsələni ictimai-siyasi həyatın əsas problemlərindən birinə çevirmişdir. Məhz süni məhdudiyyətlərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı istiqamətində qətiyyətli və prinsipial mövqe sərgiləyib. Ulu Öndər ana dilinin dövlət dili kimi yaşaması üçün bütün qüvvələri səfərbər etmiş, ziyalıları və xalqı bu müqəddəs mübarizəyə cəlb edib. Azərbaycan dilinin dövlət dili kimi tanınması və onun hüquqi əsaslarının yaradılması baxımından ən mühüm mərhələ 12 noyabr 1995-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsidir. Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili kimi rəsmi statusu təsbit olunmuşdur. 2001-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin dövlət orqanlarında, təhsil və kütləvi informasiya vasitələrində tətbiqinin genişləndirilməsini təmin edib. Bu Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb.

Ümummilli Liderin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı Azərbaycan əlifbasının müasir çağırışlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar olub. Həmçinin Azərbaycan Milli Ensiklopediyasının nəşri və dünya ədəbiyyatı əsərlərinin Azərbaycan dilində tərcüməsi dili zənginləşdirmiş, onun tətbiq dairəsini genişləndirib. 2013-cü il aprelin 9-da Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” milli dilimizin saflığını qorumaq və onun beynəlxalq səviyyədə tanınmasını təmin etmək baxımından əhəmiyyətli sənəddir".



Seçilən
73
6
aia.az

10Mənbələr