AZ

Rəhbər şəxslər və deputatlar "Abşeron" sanatoriyasında - FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həmkarlar ittifaqı üzvlərinin sağlamlığının qorunması, istirahətinin səmərəli təşkili üçün sistemli və ardıcıl tədbirlər həyata keçirilir, sanatoriya və istirahət mərkəzlərində müasir və rahat şərait yaradılır.

"Unikal" xəbər verir ki, “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasında da əsaslı təmir-bərpa işləri aparılıb, şərait yaxşılaşdırılıb. Konfederasiyanın və müxtəlif dövlət orqanlarının rəhbər şəxsləri, deputatlar sanatoriyada görülmüş işlərlə tanış olublar.

Bildirilib ki, sanatoriyanın müalicə korpusu tam təmir edilib, müasir standartlara cavab verən yeni müayinə otaqları istifadəyə verilib və tibbi avadanlıqlarla təchiz edilib. Həmçinin korpusda yerləşən yataq otaqları da müasir üslubda təmir olunub, yeni otaqlar yaradılıb, liftlər quraşdırılıb.

Sanatoriyanın elektrik təsərrüfatı yenilənib, buranı elektrik enerjisi ilə təmin edən 550 kVA gücündə generator quraşdırılıb.

Ərazidə daxili avtomobil yollarına yeni asfalt örtüyü çəkilib, kanalizasiya xətləri yenilənərək ümumi kollektor sisteminə qoşulub. Bundan əlavə, sanatoriyada Wi-Fi internet, IP telefoniya və təhlükəsizlik kameraları quraşdırılıb. Sanatoriyanın ərazisində ağac və bəzək kolları əkilib, suvarma sistemləri ilə təmin olunub. Sanatoriyada tibbi müalicə və qidalanma prosesi müasir sanatoriya konsepsiyasına uyğun həyata keçirilir.

Tədbir iştirakçıları sanatoriyanın ərazisi, müalicə və istirahət şəraiti ilə yaxından tanış olublar.

Məlumat verilib ki, 16,9 hektar sahədə yerləşən “Abşeron” mədə-bağırsaq təyinatlı  sanatoriyası 212 çarpayılıqdır. Burada iki yataq və bir müalicə korpusu, konfrans zalı, klub və rəqs meydançası fəaliyyət göstərir. Müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və digər müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. Sanatoriyanın xidmətlərinə yod-brom vannaları, tübaj və parafin terapiyası, eləcə də təbii palçıq vasitəsilə müalicə və digər prosedurlar daxildir. Sanatoriya ilboyu xidmət göstərir. 2025-ci il yanvarın 1-dən bu günədək 1000-ə yaxın həmkarlar ittifaqı üzvü sanatoriyanın xidmətlərindən yararlanıb.

Seçilən
17
1
unikal.az

10Mənbələr