AZ

"Dünyanın heç bir yerində qruplar üzrə ixtisas seçmirlər" - Ekspertdən qəbulla bağlı TƏKLİF

"Hər kəs seçdiyi ixtisasa görə çalışmalıdır, hazırlaşmalıdır".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Məzahir Məmmədli ali təhsil müəssisələrinə qəbul prosesindən danışarkən bildirdi. Onun sözlərinə görə, bizdə dünyanın heç bir yerində olmayan analoqsuz bir sistem var:

"Sistem də ondan ibarətdir ki, seçimlər qruplar üzrə aparılır və bu gələcəkdə özünü əmək bazarında görmək istəyənlər üçün ciddi problemlər yaradır. Deyək ki, bir şəxs hüquqşünas və ya həkim olmaq istəyirsə mütləq şəkildə bu öz yerini tapa bilmir. Bu gün Azərbaycanda ixtisas seçmək mərhələsi gələndə artıq həm valideynlərin, həm abituriyentlərin gərginliyi başlayır. Ona görə də vacib bilirlər ki, özləri yox, öz iradələrindən kənar bu sahənin peşəkarı, biliciləri olan adamlara gedib üz tutsunlar. Bu da təəssüflər olsun ki, müəyyən qədər dələduzluq hallarını da yaradır. Abituriyentlərin, valideynlərin gərginliyindən istifadə edən çoxlu işbazlar peyda olublar ki, bu sistemi ancaq biz belə eləyə bilərik".

Müsahibimiz qeyd etdi ki, indi sosial şəbəkə üzərində çoxlu sayda belə adamlar peyda olub.

"Amma düzdür, bu işi Azərbaycanda bilən bir neçə nəfər şəxslər var ki, onlar müəyyən qədər istiqamət verə bilirlər, əmək bazarını təhlil edirlər. Ötən illərlə müqayisə edib, real təkliflərlə çıxış edirlər. Amma bu gün artıq abituriyentlərin ovlanması prosesi gedir və çox təəssüf eləyirəm ki, bu onların gələcəkdə özlərinə ixtisas, peşə seçməsinə də problem yaradır. Sizin də vasitənizlə bunu bildirmək istəyərdim ki, Azərbaycanda bu valideynlər öz övladlarına bir az güvənsinlər, inansınlar. Yəni imkan versinlər ki, onlar heç olmasa bu kodlaşdırma, ixtisas seçimi dövründə öz iradələrinə uyğun hərəkət etsinlər. Çünki sonda bu universiteti yenə də onlar oxumalı olacaqlar. Valideyn gedib onunla bir auditoriyada oturub təhsil alan deyil. 

Qəbul başqa cür aparıla bilərmi? Əlbəttə ki, aparıla bilər. Bu o halda mümkündür ki, ixtisaslar üzrə seçim aparılsın. Dünyanın heç bir yerində qruplar üzrə ixtisas seçmirlər. Ancaq ixtisasa görə seçirlər", - deyə Məzahir Məmmədli fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Seçilən
23
1
redaktor.az

2Mənbələr