AZ

Aqşin Yenisey: Dilimiz bir neçə tərəfdən təhdid altındadır

 Ölkədə nə qədər problem varsa, hamısının ana səbəbi dilimizdir

Dilimizə həm siyasi, həm iqtisadi yanaşma dəyişməlidir

Dilimizin qapılarını çağın texnoloji inkişafına açmalıyıq

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib.
Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.

Şair Aqşin Yenisey “Sherg.az”a bildirib ki, dilimiz bir neçə tərəfdən təhdid altındadır:

“Birincisi, dilə müstəmləkə dövründəki münasibət dəyişməyib. Milli romantiklər hesab edirlər ki, dilimiz müqəddəsdir və ona toxunmaq olmaz. Hər bir yeni müdaxilə, guya, dilimizin təmizliyini - bu təmizliyin əsl adı isə folklorikdir - zədələyir. Antiromantiklər isə dilimizdəki çatışmazlıqların rus dili vasitəsilə əvəzləməyin tərəfdarıdırlar. Bu yanaşmalar dilimizin imkanlarını məhdudlaşdırır. Üstəgəl, qlobal iqtisadiyyat, Marşal Makluhanın sözləriylə desək, dünyanın virtual bir kəndə çevrilməsi və bu internet kəndində ingilis dilinin hegemonluğu dilimizi qlobal miqyasda təhdid edir. Dilimizə həm siyasi, həm iqtisadi yanaşma dəyişməlidir. Azərbaycan dilini folklorik mərhələdən, intellektual "smart" dil mərhələsinə keçirməliyik. Azərbaycanlı bilməlidir ki, ana dili onun gələcəyinin, rifahının qarantıdır. Rus, ingilis və s. dillərə ikinci, üçüncü dil kimi yanaşmağı öyrənməlidir. hazırda isə əksər vətəndaşlarımız öz ana dillərinə ən axırıncı dərəcəli dil kimi yanaşırlar. Bu da müstəmləkə kompleksidir. Təəssüf ki, bu kompleks sıravi vətəndaşlardan daha çox ölkəmizin elit, intellektaul mühitində hegemondur. Dilimizin qapılarını çağın texnoloji inkişafına açmalıyıq. Texnoloji çağın sözlərini alıb milliləşdirməliyik. Ortada ingilis dilinin təcrübəsi var. İngilis dili hər il dünya dillərindən onlarla söz alır. Dilimiz dünyaya açılmdıqca, təfəkkürümüz də dünyala ayaqlaşa bilməyəcək. Ölkədə nə qədər problem varsa, hamısının ana səbəbi dilimizdir. Biz dilimizin övladıyıq. Onun imkanları nə qədərdirsə, biz də o qədərik”.
Seçilən
10
1
sherg.az

2Mənbələr