AZ

"Qloballaşma müəyyən mənada əridici qazana çevrilə bilər" - SOSİOLOQ ŞƏRH ETDİ

“Biz qloballaşma dövründə yaşayırıq və sürət təsiri, rəqəmsal cəmiyyətin inkişafı, diqqətin yayındırıcı faktorları və süni intellekt bu prosesi daha da sürətləndirib. Belə bir şəraitdə ölkələrin və cəmiyyətlərin qarşısında duran ən mühüm vəzifə qloballaşma şəraitində öz identikliyini, milli kimliyini və özünəməxsusluğunu qoruyub saxlamaqdır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, qloballaşma müəyyən mənada əridici qazana çevrilə bilər. Əgər milli kimliyimizi, özünəməxsusluğumuzu, adət-ənənələrimizi və dəyərlərimizi qorumasaq, bu əridici mühitdə yoxa çıxa bilərik. Buna görə də qloballaşmanın yalnız faydalarını deyil, yaratdığı təhdidləri də nəzərə almalıyıq: "Bu məqsədlə həm ailədə, həm məktəbdə, həm bağçalarda, təhsil ocaqlarında, həm də kütləvi informasiya vasitələrində milli dəyərlərimizin təbliğinə və təşviqinə xüsusi önəm verilməlidir. Gələcək nəsillər milli ruhda tərbiyə olunmalı, adət-ənənələrimiz, mədəni irsimiz və tarixi köklərimiz onlara ötürülməlidir. Bu işdə həm mədəniyyət, həm də din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Din xadimləri cəmiyyətdə dinin mənəvi və əxlaqi saflaşdırıcı missiyasından istifadə edərək, insanları neqativ davranışlardan çəkindirməli, dini dəyərləri təbliğ etməlidirlər. Mədəniyyət xadimləri isə milli-mənəvi dəyərlərimizi gələcək nəsillərə çatdırmalı, mədəniyyət növlərimizin yaşadılmasına töhfə verməlidirlər.

Sosial media platformalarında, kütləvi informasiya vasitələrində milli əxlaqi dəyərlərin təbliği gücləndirilməlidir. Qloballaşma prosesində iştirak edərkən biz öz milli və mənəvi dəyərlərimizi qorumağı bacarmalıyıq. Əks halda, milli kimliyimizi və mənəvi varlığımızı itirə bilərik. Buna görə də cəmiyyətin bütün təbəqələri bu istiqamətdə birgə və əlaqəli şəkildə çalışmalıdır. Təsadüfi deyil ki, ölkə başçımız milli-mənəvi dəyərlərin qorunması ilə bağlı bir sıra mühüm sənədlər imzalamışdır. Ölkəmizdə Milli Dəyərlərin İnkişafı Fondu fəaliyyət göstərir. Eyni zamanda, rəqəmsal cəmiyyətlə bağlı da dövlət başçısının mühüm qərar və sənədləri mövcuddur. Məsələn, 2025-ci il 19 mart tarixində ölkə başçımız süni intellektlə bağlı Milli Strategiyanı təsdiqlədi. Bu sənəddə süni intellekt və informasiya-kommunikasiya texnologiyalarının (İKT) milli-mənəvi və əxlaqi dəyərlərimizə yarada biləcəyi təhlükələr xüsusi olaraq vurğulanır. Strategiyada süni intellektdən istifadənin etik çərçivələri, hüquqi məsuliyyət məsələləri, təhlükəsizlik təhdidləri və riskləri qeyd olunur. Bundan başqa, Cinayət Məcəlləsində, sosial şəbəkələrə dair hüquqi tənzimləmələrdə, eləcə də Telekommunikasiya haqqında qanunvericilikdə bu sahələr üzrə dəyişiklik və yeniliklər nəzərdə tutulur. Bütün bunlar qloballaşma və rəqəmsallaşma prosesində milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına yönəlib. Bu baxımdan, imzalanmış sənədlərin icrası və orada qoyulan məqsədlərin həyata keçirilməsi üçün bütün dövlət qurumları, qeyri-hökumət təşkilatları və ümumilikdə cəmiyyət birgə şəkildə fəaliyyət göstərməli, milli dəyərlərimizin təbliği və qorunmasına dəstək verməlidir".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
22
1
sia.az

2Mənbələr