AZ

Azərbaycan dili xalqımızın milli kimliyi və mədəni yaddaşının qorunmasında müstəsna əhəmiyyətə malikdir

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Avqustun 1-də ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü böyük fəxrlə qeyd olunur. Bu əlamətdar gün dilimizin zəngin tarixini və incəliklərini yad etmək, eyni zamanda Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, onun qloballaşma şəraitində inkişafı və saflığının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərin diqqətə çatdırılması baxımından önəmlidir. Ana dili xalqımızın milli kimliyi, tarixi və mənəvi dəyərlərinin ən qiymətli xəzinəsidir. Ulu Öndər Heydər Əliyevin göstərdiyi prinsipial və qətiyyətli mövqe sayəsində milli dilimizin qorunması və inkişafına yüksək önəm verilmişdir.

1930-cü illərdə SSRİ totalitar rejimi çərçivəsində ana dilimiz ciddi təzyiqlərlə üzləşmişdir. O dövrdə milli dil məsələsini qaldıran ziyalılar sürgün və repressiyalara məruz qalmış, belə ağır şəraitdə ana dilinin təbliği cəsarət və böyük səylər tələb etmişdir. 1970-ci illərin ortalarından milli dillərin sıxışdırılması və rus dilinin dominantlığı həmin məsələni ictimai-siyasi həyatın əsas problemlərindən birinə çevirmişdir. SSRİ Konstitusiyasının qəbulundan sonra sözügedən proses daha da güclənmiş, bu ittifaqı təşkil edən respublikaların rəhbərləri belə ana dili məsələsini gündəmə gətirməkdə aciz qalmışdır. Məhz bu süni məhdudiyyətlərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı istiqamətində qətiyyətli və prinsipial mövqe sərgiləmişdir. Ulu Öndər ana dilinin dövlət dili kimi yaşaması üçün bütün qüvvələri səfərbər etmiş, ziyalıları və xalqı bu müqəddəs mübarizəyə cəlb etmişdir.

1978-ci ildə Heydər Əliyevin təklifi ilə Azərbaycan SSR Ali Sovetində qəbul edilən Konstitusiyanın 73-cü maddəsində rəsmi olaraq “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” ifadəsi yer almışdır. Bu faktor ana dilimizin hüquqi statusunun möhkəmlənməsində böyük tarixi addım olmuşdur.

Azərbaycan dilinin dövlət dili kimi tanınması və onun hüquqi əsaslarının yaradılması baxımından ən mühüm mərhələ 12 noyabr 1995-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsidir. Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili kimi rəsmi statusu təsbit olunmuşdur. Bu status müstəqil Azərbaycanın dövlətçilik atributlarından biri olmaqla yanaşı, milli kimliyin formalaşması və qorunmasında əvəzolunmaz rol oynamışdır.

Müstəqillik dövründə Azərbaycan dilinin inkişafı və tətbiqi istiqamətində dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilmişdir. 2001-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin dövlət orqanlarında, təhsil və kütləvi informasiya vasitələrində tətbiqinin genişləndirilməsini təmin etmişdir. Bu Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.

Ulu Öndərin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi təsis edilmişdir. Həmin gün dilimizin qloballaşma şəraitində üzləşdiyi mənfi təsirlərə qarşı qorunması və onun davamlı inkişafının təmin edilməsi istiqamətində atılmış vacib addımdır. Ana dilimizin zənginliyi və incəliklərinin qorunması, həmçinin müasir tələblərə uyğun səmərəli istifadəsi bu günün əsas məqsədlərindən biridir. 2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilmişdir. Bu qanun Azərbaycan dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsini təmin etmək məqsədi daşımaqla dünya azərbaycanlılarının milli-mədəni özünüifadə ehtiyaclarına dəstək vermişdir.

Ümummilli Liderin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı Azərbaycan əlifbasının müasir çağırışlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar olmuşdur. Həmçinin Azərbaycan Milli Ensiklopediyasının nəşri və dünya ədəbiyyatı əsərlərinin Azərbaycan dilində tərcüməsi dili zənginləşdirmiş, onun tətbiq dairəsini genişləndirmişdir. 2013-cü il aprelin 9-da Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” milli dilimizin saflığını qorumaq və onun beynəlxalq səviyyədə tanınmasını təmin etmək baxımından əhəmiyyətli sənəddir. 2018-ci ildə qəbul edilən müvafiq Sərəncam və Fərmanla Azərbaycan dilinin elektron məkanda geniş tətbiqi təmin edilmiş, dilin saflığının qorunması istiqamətində ciddi addımlar atılmışdır. Bu tədbirlər dilimizin həm rəsmi, həm də gündəlik həyatımızda daha da güclü mövqe tutmasını təmin edir.

Beləliklə, Azərbaycan dili xalqımızın mədəni, tarixi və milli kimliyinin əsas dayağıdır. Dövlət siyasəti Azərbaycan dilinin mövqeyinin möhkəmlənməsinə, onun saflığının və zənginliyinin qorunmasına, dilimizin qloballaşma şəraitində inkişafına böyük töhfələr vermişdir. 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü milli kimliyimizin və milli müstəqilliyimizin təcəssümü olaraq xalqımızın dilinə, mədəniyyətinə, tarixinə olan sevgi və hörmətinin təcəssümüdür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
6
sesqazeti.az

10Mənbələr