ain.az bildirir, Lent az portalına istinadən.
Avqustun 11-dən 19-dən universitetlərə qəbul olmaq üçün ixtisas seçimi aparılacaq. Bəs bu seçim zamanı kimlərin şansı daha çox, kimlər risk altında olacaqlar? Düzgün seçimi necə etmək lazımdır?
Bu suallarla bağlı Lent.az-a danışan təhsil eksperti, Elçin Əfəndi (Əfəndiyev) bildirib ki, bu il 100 min iştirakçı ali məktəbə sənəd verir, lakin seçim üçün verilən vaxtın azlığı abituriyentləri daha da təşvişə salıb:
“Bu ali və orta ixtisas (11 illik) təhsil müəssisələrinə qəbul üzrə elektron ərizə təqdim edən 131168 abituriyent var. Onlardan 31000-dən çoxu I ixtisas qrupu üzrə, 26000-dən çoxu II ixtisas qrupu üzrə, 28500-dən çoxu III ixtisas qrupu üzrə, 6600-dən çoxu IV ixtisas qrupu üzrə müsabiqədə iştirak edəcəklərini qeyd ediblər. V ixtisas qrupu üzrə təxminən 10000 nəfərdən çox müsabiqəyə qatılan olacaq.
Bundan əlavə 30000 nəfərə yaxın subbakalavr da müsabiqədə iştirak edəcək. Müsabiqə şərtini ödəyərək müsabiqəyə qatılanları nəzərə alsaq, təxminən 100000 nəfərdən çox müsabiqə iştirakçısının olacağı gözlənilir. Lakin 100 min müsabiqə iştirakçısı üçün cəmi 9 gün vaxt ayrılıb. Bu qədər iştirakçının olduğunu nəzərə alsaq ən azı ixtisaslaşmaya 13-14 gün zaman lazımdır.
Abituriyentlər nəzərə almalıdırlar ki, vaxt azdır, ona görə də indidən istədikləri ixtisasla bağlı fikirlərini cəmləşdirməli, seçimi vaxtında aparmalıdırlar”.
Ekspert bildirib ki, III ixtisas qrupu üzrə sənəd verən abituriyentlər çox ciddətli olmalıdırlar:
“İxtisas seçimi zamanı ən ehtiyat etməli olan qrup III ixtisas qrupudur. Burada rəqabət güclü olduğu üçün 13 mindən çox namizədin müsabiqədən kəsiləcəyi proqnozlaşdırılır. Xüsusən 400 baldan yuxarı nəticə göstərənlər daha diqqətli olmalıdırlar. Çünki pedaqoji yönümlü ixtisaslarda plan yerləri azalıb. Belə olduğu təqdirdə müsabiqə vəziyyəti də çətin olacaq.
Riskli qruplardan biri də I ixtisas qrupudur. Riyaziyyat-kimya altqrupunda yüksək bal toplayan abituriyentlərin çoxluğu müsabiqə vəziyyətinin gərgin keçəcəyini deməyə əsas verir. Riyaziyyat-informatika altqrupunda isə plan yerləri bir qədər artırılıb, eyni zamanda ötənillə müqayisədə o qədər də yüksək nəticə göstərən olmadığından bu altqrupunda vəziyyət yaxşıdır.
II ixtisas qrupunda 300-dən çox bal toplayanların sayında artım var. Buna görə də, ötənilki 300 bal və üzəri ixtisaslarda formalaşmış keçid balları ilə seçim edərkən mütləq diqqətli olmaq lazımdır, çünki həmin ixtisaslarda balların artması proqnozlaşdırılır.
IV ixtisas qrupunda isə 500 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayında artım görünür. Ona görə də seçim zamanı yuxarı ballı ixtisaslarda bir qədər ehtiyatlı davranmaq lazımdır”.
E.Əfəndi seçimi özü edəcək abituriyentlərə tövsiyələr verib:
“Seçimi özü edəcək şəxslər əvvəlcə əmək bazarını araşdırmalıdırlar. Elə ixtisaslara üstünlük verməlidirlər ki, onlar təkcə bu gün yox, gələcəkdə də köməklərinə çatsın. Həmçinin illik təhsil haqqı da burada nəzərə alınmalıdır.
Təəssüf ki, bu aralar kifayət qədər ixtisas seçimi edən, lakin heç bir peşəkarlığı olmayan insanlar ortaya çıxır. Onlar müxtəlif vədlərlə seçim edir, sonra isə nəticə “təəssüf”lə yekunlaşır.
Seçimini başqasına etdirəcək şəxslər, həmin şəxsləri də araşdırmalı, daha sonra öz gələcəklərini onlara əmanət etməlidirlər. Tövsiyəm odur ki, valideynlər ən az 15-20 il bu sahədə təcrübəsi olanlara müraciət etsinlər”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.