AZ

Nigar Camalın qalmaallı geyiminə modelyerlər qarışdı:Kim nə dedi?

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər Əməkdar artist Fərqanə Qasımova ilə “Avroviziya” qalibi Nigar Camal arasında “Dream Fest”də geyinilən qara bodi ilə bağlı yaşanan qalmaqal şou-biznes gündəmini zəbt edib. 

Müzakirələr sosial şəbəkələrdə də ciddi rezonans doğurub. Görəsən, Nigar Camalın seçdiyi geyim nə dərəcədə uğurlu idi? 

Bu sual ətrafında peşəkar ekspert rəyinə ehtiyac duyulur. Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında moda üzrə ekspert, konstruktor-modelyer Anar Qasımov bildirib ki, Nigar Camalın geyimi onun şəxsi tərzi və dünyaya baxışından qaynaqlanır. 

Modelyer qeyd edib ki, düşüncə tərzinə və geyiminə görə insanları qınamaq düngün deyil: “Belə deyək, hər kəsin dünyaya baxışı və dünyagörüşü fərqli olduğuna görə fantaziyaların da həddi-hüdudu yoxdur. 

Hərdən mənə sual verirlər ki, bu il hansı rəng dəbdədir? 

Deyirəm ki, ən gözəl rənglər təbiətdə olan rənglərdir. Təbiətə baxanda, orada nəyisə bəyənməmək mümkündürmü?

Allahın yaratdığı hər şey gözəldir. Buna görə də zövqlər müxtəlif ola bilər. Nigar xanımın özünün bir tərzi var. 

Yəni bu tərz onun dünyaya baxışı ilə bağlıdır. Bu baxış tərzinə görə onun modelyeri onu geyindirib. Bir sözlə, həmin geyimi həmin tədbirə uyğunlaşdırıb. Bu baxımdan, Nigar xanımı düşüncə tərzinə və geyiminə görə qınamıram”. 

Anar Qasımov bildirib ki, sənət adamlarının bir-birinə artıq ifadələr işlətməsi təəssüf doğurur: 

“Lakin xanımların bir-birinə artıq sözlər deməsinə pis baxıram. Fərqanə xanım ibadət əhlidir, Allaha yaxın insandır. Burada heç kimi qınamaq istəmirəm. Sadəcə istəyirəm ki, insanlar bir-birinə hörmətlə yanaşsınlar”. 

Modelyer vurğulayıb ki, istənilən geyim məkana və kontekstə uyğun olmalıdır: 

“Elə yerlər var ki, orada belə geyimlər uyğun sayılmaya bilər. Amma ümumilikdə, bu geyimdə elə də ciddi bir qəbahət görmürəm. Sadəcə olaraq, tədbirin Azərbaycanda keçirildiyini, milli mentaliteti və müsəlman ölkəsi olduğumuzu nəzərə alsaq, bu geyimi tam uyğun hesab etmirəm. 

Ümumiyyətlə, hər kəs, xüsusən də səhnəyə çıxan insan çalışır ki, nə iləsə diqqət çəksin və gündəmdə qalsın. Kimi peşəsi, kimi geyimi, kimi hər ikisi ilə insanları təəccübləndirmək istəyir. Məsələn, orada elə məşhurlar tanıyıram ki, səhnədə ifaları möhtəşəmdir, amma geyim tərzləri sıfırdır. Yəni mən bunu da görürəm, amma yenə də heç kimi qınamıram”. 

Modelyer Şəlalə Maqsudovanın sözlərinə görə isə Nigar Camal həmişə eyni üsluba müraciət edir və tərzini heç vaxt dəyişmir: 

“Əslində mən açıq-saçıq geyimlərə qarşı deyiləm. Amma əgər şəxsin bədən ölçüləri buna uyğundursa və zövqlə seçilibsə, bu, normaldır və ətrafdakılarda da qıcıq yaratmır. Yəni əsas məsələ bədən quruluşunun həmin geyimə uyğun olub-olmamasıdır. Nigar xanımın geyiminə gəlincə, bir məqamı vurğulamaq istəyirəm ki, ümumiyyətlə, Nigar xanım heç vaxt tərzini dəyişmir. Həmişə eyni stilə üstünlük verir. 

Nigar xanım həmişə eyni tərzdə geyinir, qara rəngli libaslara üstünlük verir. Hər zaman sinə dekolteli və bodini xatırladan, qısa, bədənə tam oturan geyimlər geyinir. Bu geyimlərdən çıxmır. Onun tərzi əsasən Amerikanın 80-90-cı illərini xatırladır. Tərzini də heç vaxt dəyişmir”. 

Şəlalə Maqsudova bildirib ki, həmin geyim çox uğursuz bir seçim idi: 

“Keçək müğənninin “Dream Fest”dəki çıxışına. Geyimini açıq olduğu üçün yox, sadəcə estetik baxımdan uğursuz hesab edirəm. Bu, uğursuz bir geyim idi. Geyimin yuxarı hissəsi Nigar xanımın sinə quruluşuna uyğun deyildi. 

Belə deyim, çox pis görünürdü. Əgər həmin geyim bir qədər fərqli dizayn olunsaydı, daha yaxşı görünə bilərdi. Qaldı ki, bədən ölçülərinə, açıq danışmaq lazımdır, Nigar xanımın bədən quruluşu o qədər də gözəl deyil ki, belə bir geyimi daşıya bilsin. 

Çünki yuxarı hissələri böyük olduğuna görə bu, geyimi eybəcər göstərirdi. Bu da insanların qıcıqlanmasına səbəb olur. Əslində bir az bağlı və zövqlü geyimlərlə də çox gözəl görünmək mümkündür”. 

Modelyer vurğulayıb ki, səhnə insanı üçün geyim vacib faktordur və sənətçinin imicində mühüm rol oynayır: 

“Bir məqamı da qeyd edim ki, geyim çox böyük faktordur. Hər zaman deyirəm, bəzi müğənnilər sənətlərindən çox, geyimləri ilə yadda qalmaq, danışılmaq, populyarlaşmaq istəyirlər. Sanki sənəti kənara qoyurlar. 

Düşünürəm ki, Nigar xanım da bu yolu seçib. Çünki “Avroviziya”dan sonra mən onun elə bir mahnısını görməmişəm ki, yadda qalsın və müzakirə olunsun. Amma açıq-saçıq seçimləri ilə daim gündəmdədir. Bu son geyimi də həmçinin. Məncə, bu, çox uğursuz bir seçim idi”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr