Yunanıstanın paytaxtı Afinada 17 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, mundialın beşinci günündə sərbəst güləşçilər mübarizəyə start veriblər.
Xalçaya çıxan pəhləvanlarımızdan ikisi yarımfinala vəsiqə qazanıb.
U-17 dünya çempionatı
Sərbəst güləş
4️8️ kq
Rəvan Həsənzadə belaruslu Makar Markoviçə (UWW) tam üstünlüklə (12:0), özbəkistanlı Cahangir Tulkunova 4:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Rəvan yarımfinalda amerikalı Ariah Millslə güləşəcək.
5️5️ kq
Ruslan Əlizadə moldovalı Dan Bulqaruya və kanadalı Aaharen Piranavana 10:0 hesabıyla qalib gəldikdən sonra 1/4 finalda rusiyalı Çingis Sarıqlara (UWW) 8:9 hesabıyla məğlub olub.
6️5️ kq
Hüseyn İsmayılov kanadalı Liam Qortonı 4:2, yunanıstanlı Konstantinos Mixailidisi tam üstünlüklə (11:0), qırğızıstanlı Adisbek Altınbekovu 2:1 hesabıyla məğlub edib. Güləşçimiz yarımfinalda qazaxıstanlı Yerali Askerbeklə üz-üzə gələcək.
8️0️ kq
Nihad Süleymanlı debütdə ermənistanlı Vaçe Aslanyana 7:1 hesabıyla qalib gəlib. Ancaq 1/8 finalda sona 3 saniyə qalmış qələbəni əldən verən Nihad rusiyalı İssa Zanqiyevə (UWW) 5:7 hesabıyla uduzub.
1️1️0️ kq
Hakim Tağıyev belaruslu Mikita Tkaçikə (UWW) tam üstünlüklə (10:0), amerikalı Aleksander Teylora isə 7:6 hesabıyla qalib gəlib. Güləşçimiz 1/4 finalda rusiyalı Avropa çempionu Maqomedrasul Omarova (UWW) 0:5 hesabıyla məğlub olub.
Yarımfinallar Bakı vaxtı ilə 18:00-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatına avqustun 3-də yekun vurulacaq.
İdman.biz