“Azərbaycan Əlifbası və Azərbaycan dili Günü 24 il bundan qabaq Ulu öndər Heydər Əliyev tərəfindən təsis olunub. Bu günün təsis edilməsində əsas məqsəd o idi ki, 10 illik axtarışlardan sonra Azərbaycan yeni əlifbaya keçmişdi. Bu əlifba Azərbaycan dilinin təbiətinə uyğun olsa da, cəmiyyət tərəfindən tam qavranılmamışdı. Ona görə də xalqın yeni əlifbanın yüksək səviyyədə mənimsəməsinə ehtiyac var idi.
Çünki o zaman başqa fikirlər də var idi. Kimisi kril, kimisi də ərəb əlifbasını istəyirdi. Ancaq ölkə başçısının 9 avqust 2001-ci il tarixli fərmanı bu tərəddüdlərə son qoydu. Və 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edildi”.
MÖVZU İLƏ BAĞLI:
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Bunu Azərbaycan Əlifbası və Azərbaycan dili Günü ilə bağlı Bizim.Media-ya danışan akademik Nizami Cəfərov deyib.
Bəs bu gün sözügedən sahədə vəziyyət necədir?
Müsahibimiz qeyd edib ki, Azərbaycan dili üçün ciddi bir problem yoxdur:
“Nə yazılı mətbuatımızda, nə şifahi danışıqda, nə teleradiolarda, nə də ki, sosial şəbəkələrdə dilimiz üçün ciddi təhlükə var. Bizim üçün problem olan dil mədəniyyətidir. Bizim dilimizin mədəni səviyyəsi kifayət qədər yüksəkdir. Artıq yaxşı orfoqrafiya qaydalarımız, normal orfepiya qaydalarımız var. Orfepiya qaydaları orfoqrafiya qaydalarına çatmasa da, mükəmməldir.
Müəyyən nöqsanlar var ki, bu da şəxsiyyətlərlə bağlıdır. İnsanların mədəni səviyyəsinin aşağı olmasına görə dilimizin qayda-qanuna riayət olunmur. Baxmayaraq ki, bu dilimizə prinsipial təsir eləmir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev ötən gün yeni fərman imzaladı. Fərmana əsasən Azərbaycan dili ilə bağlı bəzi məsələlərə nəzarət Mədəniyyət Nazirliyinə tapşırıldı. Bundan sonra Azərbaycanda gedən dil proseslərinə Mədəniyyət Nazirliyi nəzarət edəcək.
Yəni dil məsələsi təkcə elmi müəssisələrinin ixtiyarına buraxılmır, dövlət qurumu məsələyə birbaşa nəzarət edir. Xatırladım ki, əvvəllər bir monitorinq qrupu var idi. Amma bu qrupun səlahiyyəti yox idi. Ancaq müəyyən tövsiyələr verə bilərdi. Mədəniyyət Nazirliyi icra orqanı olduğu üçün bu sahədə daha çox iş görə bilər.
Dil üçün ciddi problemlər yoxdur.
Amma müəyyən proseslərdə bəzi nöqsanlar var. Ümid edirik ki, Mədəniyyət Nazirliyi bu problemləri aradan qaldıracaq. Unutmayaq ki, Azərbaycan dili dünyanın inkişaf edən 25 dili içərisindədir. Bu da çox yüksək bir göstəricidir”.
Surxay Atakişiyev, Bizim.Media