Razi Abbasbəyli: Azərbaycanın borc öhdəliklərinin icrası baxımından maliyyə imkanları yetərincə yüksəkdir
2025-ci ilin 1 iyul tarixinə xarici dövlət borcu portfelinin 34,9%-i Asiya İnkişaf Bankının, 27,7%-i avrobondların, 14,7%-i Dünya Bankının, 22,7%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşüb.
Maliyyə Nazirliyindən verilən məlumata əsasən, 5 milyard 10 milyon dollar xarici borcun 1 milyard 780 milyon dolları Asiya İnkişaf Bankına, 1 milyard 387,3 milyon dolları investorlara (avrobondlar), 738,6 milyon dolları Dünya Bankına, 245,4 İslam İnkişaf Bankına, 232,8 milyon dolları isə Avropa Yenidənqurma və İnkişaf Bankına olan borcdur.
Bununla bərabər borcun 167,8 milyon dolları Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinə, 85,7 milyon dolları Asiya İnfrastruktur və İnvestisiya Bankına, 405 milyon dollar isə digər kreditorlara olan borc təşkil edir.
Qeyd edək ki, xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 6 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Borcun 85,1 faizi dollar, 6,5 faizi avro, 3,3 faizi yen, 1,7 faizi digər valyutalardadır.
İqtisadçı Razi Abbasbəyli “Sherg.az”a bildirdi ki, Azərbaycanın xarici borc strukturuna nəzər yetirdikdə, ilk növbədə xarici borcun ümumi daxili məhsula (ÜDM) nisbəti əsas göstərici kimi çıxış edir:

“Beynəlxalq qiymətləndirmə meyarlarına əsasən, əgər xarici borcun ÜDM-ə nisbəti 30 faizdən aşağıdırsa, bu vəziyyət aşağı riskli səviyyə kimi qiymətləndirilir. 30-60 faiz aralığı idarəolunan risk zonası, 60 faizdən yuxarı isə yüksək risk kateqoriyası hesab olunur. 2025-ci ilin ortalarına olan məlumata əsasən, Azərbaycanın xarici dövlət borcunun həcmi təxminən 6-7 milyard ABŞ dolları səviyyəsindədir. Bu rəqəm, təxminən 70 milyard ABŞ dolları təşkil edən ÜDM-in 10 faizi həcmindədir ki, bu da beynəlxalq standartlara görə aşağı riskli səviyyə hesab edilir. Bununla yanaşı, Azərbaycanın borc öhdəliklərinin icrası baxımından maliyyə imkanları yetərincə yüksəkdir. Belə ki, 2025-ci ilin ortalarına olan göstəricilərə əsasən, ölkənin ümumi valyuta ehtiyatları 60 milyard ABŞ dollarını ötür, Dövlət Neft Fondunun isə 45 milyard ABŞ dollarından çox ehtiyatı mövcuddur. Eyni zamanda, cari əməliyyat balansı üzrə ölkənin gəlirləri xərclərini üstələyir. Bu amillər xarici borcun idarəolunmasını və qaytarılmasını təmin edən əsas faktorlar kimi çıxış edir. Azərbaycanın xarici dövlət borcunun formalaşması isə məqsədyönlü xarakter daşıyır və əsasən infrastruktur layihələrinin maliyyələşdirilməsi, sosial-iqtisadi inkişafın təşviqi, avrobond emissiyası, beynəlxalq maliyyə bazarlarında iştirak və xarici investorlarla əlaqələrin gücləndirilməsi məqsədlərinə xidmət edir. Nəticə etibarilə, Azərbaycanın xarici dövlət borcu hazırkı mərhələdə aşağı və təhlükəsiz səviyyədədir. Ölkənin borc qaytarma qabiliyyəti yüksəkdir, valyuta ehtiyatları və büdcə intizamı mövcuddur. Bununla yanaşı, potensial risklər də nəzərdən qaçırılmamalıdır. Bu risklər əsasən avrobond bazarı və qlobal maliyyə bazarlarındakı kəskin dəyişikliklərlə əlaqələndirilir. Lakin hazırkı mərhələdə bu risklər də idarəolunan xarakter daşıyır və Azərbaycanın onları qarşılayacaq maliyyə imkanları mövcuddur. Bu baxımdan, mövcud vəziyyəti təhlükəli kimi qiymətləndirmək üçün əsaslar yoxdur. Azərbaycanın xarici borc səviyyəsi nəinki yüksək deyil, əksinə, kifayət qədər aşağı və idarəolunandır”.