AZ

"Rusiya Azərbaycana təzyiq alətlərini itirib" -Ekspertdən Zaxarovanın açıqlamasına CAVAB

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna mövcud Rusiya-Azərbaycan ziddiyyətlərindən milli zəmində nifrət və düşmənçiliyi qızışdırmaq üçün istifadə etmək niyyətindədir.

Ukrayna ilə Rusiya arasında davam edən müharibə fonunda Kiyevin Cənubi Qafqazdakı vəziyyətə təsir etmək istəyi nə dərəcədə real görünür?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən siyasi şərhçi Əli Zülfüqaroğlu bildirdi ki, Rusiya-Azərbaycan münasibətlərində olan ziddiyyətlərdən bir sıra dövlətlər, o cümlədən Ukrayna istifadə etməyə cəhd edə bilərlər.

Onun sözlərinə görə, bu, tamamilə təbii prosesdir:

"Amma bunun baş verməməsi üçün öncə Rusiya Azərbaycana dair yürütdüyü siyasətə yenidən baxmalı, şovinizmdən uzaq durmalı və ənənəvi imperiya maraqlarına xidmət edən siyasi xətdən uzaqlaşmalıdır. Artıq indiyə qədər mövcud olan dünya nizamının dəyişməsi, bir sıra ideoloji xətlərin və maliyyə sisteminin çöküş prosesinə daxil olması dünyada geosiyasi böhranın getdikcə dərinləşməsinə səbəb olur. Bu da bir sıra dövlətləri təhdid edən faktorların meydana çıxması, eləcə də dövlətlərarası münasibətlər sistemində yeni tendensiyaların yaranması ilə müşahidə olunur. Bir çox böyük dövlətlər artıq əvvəlki dövrlərdən fərqli olaraq təsir imkanlarını itirməklə yanaşı, özlərinə qarşı təhdid yaradan fəaliyyətlə üz-üzə qalırlar. Köhnə ittifaqlar dağılır, dost ölkələr düşmənə, düşmən ölkələr isə dosta çevrilir. Eyni zamanda, yeni ittifaqlar və təşkilatlar qurulur. Bu prosesdə ziddiyyətlər və boşluqlar da yaranır".

Müsahibimiz təəssüf hissi ilə bildirdi ki, bəzi imperiya təfəkkürü ilə idarə olunan dövlətlər mövcud reallıqları nəzərə almadan hələ də ənənəvi siyasi xətti davam etdirməkdə maraqlıdırlar, bu isə sonda bumeranq effekti verir və ilk növbədə həmin dövlətlərin öz maraqlarına ziyan vurur.

"Rusiya uzun illər Azərbaycana qarşı işğal olunmuş ərazilər və erməni separatizmi kartı ilə təzyiq göstərməyə çalışıb. Lakin Azərbaycan 2020-ci ildəki Vətən müharibəsi ilə Rusiyanın bu "Qarabağ kartını" əlindən alıb. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində separatizm kartı da neytrallaşdırılıb və Rusiyanın Azərbaycana qarşı həlledici təsir imkanları minimuma enib. Hazırda Rusiya miqrant kartı ilə təzyiq etməyə çalışsa da, bu metodun təsirli olmadığını düşünürəm. Azərbaycan yaranmış geosiyasi böhranı öz xeyrinə çevirərək Qarabağ problemini həll edib, separatizmi neytrallaşdırıb və eyni zamanda beynəlxalq diplomatik manevr imkanlarını genişləndirib. Azərbaycan bu vəziyyətdən istifadə edərək Türkiyə ilə Şuşa Bəyannaməsini imzalamaqla özünü gələcək təhdidlərdən sığortalamağı bacarıb. Bu, effektiv diplomatik fəaliyyətin nəticəsidir və Azərbaycanın bölgədə yeni geosiyasi reallıq formalaşdırdığını göstərir".

Siyasi şərhçi bildirdi ki, bu, milli maraqların təmin olunması baxımından əhəmiyyətli addımdır.

"Azərbaycanın beynəlxalq arenada uğurlu və effektiv fəaliyyəti, hərbi gücünün artması ölkəyə əlavə dividendlər qazandırıb. Bu isə öz növbəsində müəyyən təzyiqlərin artması ilə müşayiət olunur. Amma bu təzyiqlərin hansısa ciddi nəticə verəcəyini düşünmürəm. Ukrayna və yalnız o deyil, ümumilikdə Rusiya və digər ölkələr Azərbaycanın prioritetlərindən çəkindirəcək addımlar atmaq imkanına malik deyillər. Azərbaycan prinsipial mövqeyindən geri çəkilmək niyyətində deyil. O, həm qonşu dövlətlərlə, həm də digər ölkələrlə münasibətlərini öz maraqları çərçivəsində qurur və inkişaf etdirir. Azərbaycan daimi qonşuluq və dostluq münasibətlərinə sadiqdir. Qarşı tərəfdən də eyni səmimiyyət və etimada əsaslanan mühitin yaradılmasını gözləyir. Bu baxımdan hesab edirəm ki, heç bir dövlətin Azərbaycanın müstəqil xarici siyasətinə təsir etmək, yaxud bölgədəki status-kvonu dəyişmək potensialı yoxdur. Bütün bu cəhdlər Azərbaycanın siyasi iradəsinə təsir göstərə bilməz", - deyə Ə.Zülfüqaroğlu fikirlərini yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Seçilən
9
1
redaktor.az

2Mənbələr