Sea Breeze

Ana dilimiz hər birimiz üçün əzizdir. Bu dil bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Ana dilimiz bizi biz edən dəyərdir. Ana dilimiz dünyanın ən yüksək kürsülərindən gələn səsimiz, varlığımızın əyani sübutudur.

Bu mənada 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü hər il xalqımız tərəfindən böyük sevgi ilə qeyd edilir. Ana dilimizin var olması xalqımızın varlığına, xaqımızın varlığı isə dövlətimizin yaşaması üçün vacibdir. Çoxəsrlik tariximizə nəzər saldıqda vətənimizin mənəviyyat qalası olan ana dilimizlə fəxr edirik. Bu gün ən böyük dünya salonlarında, möhtəşəm kürsülərdə ana dilimizdə nitq söyləyən Vətən övladları bu məğrur yolu böyük şəxsiyyət, uzaqgörən lider Heydər Əliyevin çözdüyü yol ilə daha da inkişaf etdirmiş və etdirməkdədirlər. Ulu Öndər Heydər Əliyev ana dilimizin qorunması üçün hələ ilkd dəfə sovet Azərbaycanında siyasi hakimiyyətə gəlişindən sonra çox böyük xidmətlər göstərmişdir.

Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında ana dilimizə yüksək dəyər verərək onu Azərbaycan SSR –nın dövlət dili elan edilməsinə nail olmuşdur. Ölkəmiz müstəqilliyini bərpa etməmişdən çox illər əvvəl atılmış bu addım düşünülmüş bir siyasət idi. Dilimizin mövqeyinin dəyərləndirilməsi idi. Azərbaycan 1991- ci ildə müstəqilliyini bərpa etdikdən sonra onun qəbul etdiyi bütün əhəmiyyətli sənədlərdən biri də dilimizin varlığı, statusu haqqında olmuş, bu da yenidən 1995-ci il Konstitusiyasında öz əksini tapmışdır. Dilimizin mövqeyinin qorunması ilə yanaşı onun inkişafını tənzimləyən qanunların qəbul edilməsi bu sahədə mühüm dəyişikliklər yaratmış, ana dilimizin zənginləşməsinə, onun yad təsirlərdən qorunmasına, inkişafına təkan vermişdir. 2001-ci ildə Dahi şəxsiyyət Heydər Əliyev tərəfindən imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz Ulu Öndərin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı.

30 sentyabr 2002-ci ildə isə Ulu Öndər tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olundu. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən isə avqustun 1-i Respublikamızda “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd edilir. Bu, Azərbaycan dili tarixində əlamətdar, önəmli hadisədir.

Bu gün dilimizin varlığının, zənginliyinin qorunması yolunda Möhtərəm cənab Prezident İlham Əliyevin xidmətləri ölçüyəgəlməz səviyyədədir. İnanırıq ki, xalqımızın birliyi sayəsində ana dilimiz bundan sonra daha da inkişaf edəcəki, kənar, yad təsirlərdən qorunacaqdır.

Səidə Rzayeva;
Neftçala rayonu

ETX
ETX
ETX