AZ

Avqustun 8-də müharibə dayanacaq?

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukrayna ilə atəşkəs razılaşması üçün avqustun 8-nə qədər vaxtının olduğunu bildirib. Bəs bu tarixədək iki ölkə arasında atəşkəsin olması nə qədər realdır? Politoloq Elşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, Trampın Moskva ilə bağlı səbri tükənib: “Tramp Rusiyaya 50 gün vaxt vermişdi. Ancaq o, Putinlə danışandan sonra Rusiya Ukraynaya qarşı daha çox raket və dron hücumlarına keçdi. Kiyev şəhərinə bir neçə raket zərbəsi endirildi və bu da Trampın qəzəblənməsinə səbəb oldu. Sonra isə atəşkəsin əldə olunmadığını görərək Putinlə bağlı fikrini dəyişdi. Ona bir növ əsəbiləşdi və müddəti azaldacağını bildirdi. Vaxtın 10-12 günə qədər çatacağını dedi. İndi isə konkret olaraq ayın 8-dək atəşkəs elan olunması ilə bağlı fikir irəli sürüb”. E.Həsənovun fikrincə, razılıq əldə oluna, atəşkəs elan edilə bilər, ancaq müharibənin tam dayandırılması real görünmür: “Çünki Rusiya son günlər Ukraynanın bir çox yeni məntəqələrini, qəsəbə və kəndlərini ələ keçirir, mövqelərini möhkəmləndirir və müharibəni daha aqressiv şəkildə aparır. Bu da onu göstərir ki, Putin öz məqsədlərinə çatmadan müharibəni dayandırmaq istəmir. Putin Trampla danışanda da bildirmişdi ki, əgər məqsədlərinə çatmasalar, müharibəni dayandırmayacaqlar. Onun məqsədi isə Ukraynanı tam işğal etmək və orada özünə uyğun bir hakimiyyət qurmaqdır. Ancaq düşünürəm ki, buna nail ola bilməyəcək. Çünki artıq həm Avropa, həm də artıq Amerika başa düşür ki, Ukraynaya ciddi dəstək göstərmək vacibdir. Ukrayna da son zamanlar hərbi yardım sahəsində irəliləyiş əldə edir, öz torpaqlarında ciddi müqavimət göstərir və bəzi yerlərdə kənd və qəsəbələri işğaldan azad edir”. Politoloq avqustun 8-də müharibənin bitməsinin real olmadığını hesab edir.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
5
metbuat.az

1Mənbələr