AZ

2 əsrlik Əlifba mücadiləmiz

Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Türk yazı mədəniyyətinin “İssık”, “Orxon Yenisey” yazıları olmuşdur ki, bu yazılarla qədim türk tarixinin əvəzsiz əsərləri olan “Gültəkin”, “Mogilyan xan” və “Tonyukuk” kitabələri türkdilli tayfaların bədii zövqünü, dini-mifoloji görüşlərini, türk düşüncəsinin ideya-mövzu qaynaqlarını günümüzə gətirib çatdırmışdır.
Danimarkalı alim V.Tomson, rus alimləri V.V.Radlov, P.M.Melioranski, S.Y.Malov, V.V.Bartold bu əlifbanı ərəb əlifbası ilə tutuşduraraq, onun türk xalqları üçün yararlı, tam kamil əlifba olduğunu göstərmiş, hətta P.M.Melioranski bu əlifbanı “qədim dünyanın möcüzəsi” adlandırmışdır.

VII əsrdən etibarən ərəb xilafəti İslam dinini yaymaq məqsədilə işğal etdiyi ölkələrdə ərəb dilini dövlət dili elan edir, ərəb əlifbasını da qəbul etdirirdi. VIII əsrdən başlayaraq xilafətə daxil olan bütün ölkələr kimi Azərbaycanda da ərəb əlifbasından istifadə edilməyə başladı. Yüzillər boyu ərəb dili din, elm və təhsil dili olduğundan ədəbi və elmi əsərlər məhz ərəb əlifbası ilə yazılırdı. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması, yazı və oxuda törətdiyi maneələr XIX əsrin II yarısından etibarən dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar edirdi.

Milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim, filosof, böyük maarifçi-demokrat Mirzə Fətəli Axundzadə ərəb əlifbasında əsaslı islahat aparmağı elmi-pedaqoji cəhətdən əsaslandıran və onu təcrübi olaraq həyata keçirməyə cəhd edən ilk mütəfəkkirdir. Mirzə Fətəli Axundzadə geniş xalq kütlələrinin savadlanması işində ərəb əlifbasının böyük əngəl olduğunu görərək, ömrünün son 20 ilini bu əlifbanı dəyişdirmək uğrunda mübarizəyə həsr etmişdi. Onun yeni əlifba uğrunda mübarizəsi milli maarifin və mədəniyyətin yüksəlişi uğrunda müqayisəsi, bənzəri olmayan bir mücadilə idi.

M.F.Axundzadə dostlarına və hökumət rəhbərlərinə yazdığı məktublarda öz xalqının milli mədəniyyətinin müdafiəçisi kimi ərəb əlifbasının dəyişdirilməsi məsələsini dəfələrlə qaldırır. Hicri təqvimi ilə 1290-cı ildə “Həqiqət” qəzetinin redaktoruna Tiflisdən yazdığı məktubunda öz məqsədini belə izah edirdi: “Mən köhnə islam əlifbasının dəyişməsini ancaq xalqımın elmə, biliyə yiyələnməsi, mədəniyyətin inkişafı və tərəqqisi naminə arzulayıram. İstəyirəm ki, islamı qəbul etmiş bütün xalqlar istər şəhərli, istər kəndli, istərsə də köçəri olsun, qadınlar da kişilər kimi savadlansın, mədəniyyətin inkişafı üçün şərait yaransın. Onlar elm və texnikanın sirlərinə yiyələnib tərəqqi etsinlər”.

M.F.Axundzadə yeni əlifba uğrunda fəaliyyətə başladığı ilk dövrdə ərəb əlifbasını asanlaşdıran bir sıra təkliflər irəli sürürdü. O, birinci əlifba layihəsində ərəb əlifbasının yazı formasını olduğu kimi saxlayaraq, tələffüz edilən, lakin yazılmayan saitlər üçün işarələr düzəldərək hərflərlə birlikdə yazılmasını və bütün nöqtələrin atılmasını irəli sürürdü. İkinci mərhələdə isə o, ərəb əlifbasından nöqtələrin atılmasını, sözlərdə bütün saitlərin yazılmasını, hərflərin ayrılıqda yazılmasını təklif edirdi. Nəhayət, üçüncü mərhələdə o dövr üçün inqilabi bir ideya irəli sürərək ərəb əlifbasından imtina etməyi təklif edirdi. Onun 1857-ci ildə rus və latın qrafikası əsasında yaratdığı yeni əlifba türk xalqlarının, eləcə də azərbaycanlıların səs sisteminə uyğun idi, bütün saitlər əlifba sırasına daxil edilirdi və soldan sağa yazılırdı. Bu qayda ilə bir çox Avropa xalqlarında olduğu kimi, oxumaq və yazmaq çox asanlaşır və sürətli olurdu.

M.F.Axundzadə bu layihəni mütəxəssislərin rəy verməsi üçün Peterburq, Paris, London, Berlin və başqa şəhərlərə göndərir. O, ərəb əlifbasının latın qrafikalı yeni əlifba ilə əvəz olunmasının vacibliyinə türk alimlərini inandırmaq məqsədilə 1863-cü ildə İstanbula gedərək yeni əlifba layihəsini təqdim edir. Ədib öz tərcümeyi-halında bu haqda yazır ki: “Əlifbanı dəyişdirmək haqqındakı kitabçanı Rusiya elçisi Draqomanın vasitəçiliyi ilə Türkiyə sədrəzəmi Fuad paşaya təqdim etdim, türkcə pyeslərimi və “Hekayəti Yusif şah”ı da göstərdim. Kitabça sədrəzəmin əmrilə “Cəmiyyəti-elmiyyəyi-Osmaniyyə”də tədqiq edildi, hər xüsusda onu məqbul bildilər, təqdir etdilər. Lakin həyata keçirilməsini caiz görmədilər”. Çünki layihənin əleyhinə çıxan qüvvələr var idi. M.F.Axundzadə dostlarının köməyi ilə yeni əlifba layihəsini İrana göndərir. Burdan da heç bir müsbət cavab almır. Rusiyanın, Şərqin və Qərbin bir çox dövlət və ictimai xadimlərinə məktub və təkliflərlə bu barədə müraciət etməsi də nəticə vermir. Yeni əlifba layihəsinin qəbul olunmaması M.F.Axundzadəni ruhdan salmır, o hesab edirdi ki, bu gün olmasa da gələcək nəsil onun layihəsini layiqincə qiymətləndirəcək.

M.F.Axundzadə akademik B.Dorna yazdığı məktubunda özünün yeni əlifbasının taleyini dahiyanə uzaqgörənliklə belə təyin edir: “Bu gün çətinliklərlə üzləşsəm də, 100 ildən sonra mənim əlifbam Şərq ədəbiyyatında layiqli yerini tutacaq, onun vasitəsilə yeni əsərlər yaradılacaq. Onda mənim arzum yerinə yetəcək və məzarımda rahat uyuyacağam”.

M.F.Axundzadənin əlifba uğrunda apardığı mübarizə Azərbaycan ziyalılarına özündən sonra da böyük təsir göstərir. 1898-ci ildə tədqiqatçı-alim, ədəbiyyatşünas, pedaqoq Firudin bəy Köçərli “Ərəb əlifbası və onun çatışmazlıqları” adlı məqaləsində Axundzadənin fikirlərini müdafiə edir. Görkəmli yazıçı, ictimai xadim, pedaqoq, “Molla Nəsrəddin” jurnalının redaktoru Cəlil Məmmədquluzadə isə ərəb yazısını qəbul etmir, onu “heroqlif” adlandıraraq: “Bu heroqlifləri latın əlifbası ilə əvəzləmək vacibdir”, – deyirdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə də əlifbanı dəyişdirmək ideyası var idi, lakin yeni qurulan hökumət cəmi 23 ay fəaliyyət göstərdiyindən buna nail ola bilmədi. Azərbaycanda latın qrafikalı əlifbaya keçid yalnız 1920-ci ildən sonra mümkün oldu. 11 noyabr 1920-ci ildə Xalq Maarif Komissarlığı nəzdində ərəb əlifbasının islahatı komissiyası yaradıldı. Lakin bu komissiyanın işi özünü doğrultmadığı üçün Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Səmədağa Ağamalı oğlunun başçılığı ilə 1922-ci ildə “Yeni türk əlifbası” komitəsi yaradıldı və bu komitə hökumətə latın qrafikası əsasında tərtib edilmiş yeni əlifbanın layihəsini təqdim etdi.Yeni əlifba haqqında respublikanın bütün təşkilatlarına göndərilən ilk tarixi sənəd, Azərbaycan MİK tərəfindən 21 iyun 1922-ci ildə dərc edilmiş sirkulyar sərəncam idi. Sərəncamla dövlət müəssisələrinə çatdırılırdı ki, bütün idarə qulluqçuları yeni əlifba ilə tanış olmalı və köhnə əlifba ilə yanaşı, yazı və ərizələri yeni əlifba ilə qəbul etməlidilər. 1923-cü ilin 20 oktyabr tarixində Azərbaycanda ilk dəfə olaraq “Yeni türk əlifbasının hökumət əlifbası təyin olunması” haqqında Azərbaycan MİK və XKS tərəfindən Dekret verildi. Dekretdə deyilirdi ki, işlədilən ərəb əlifbası ilə yanaşı yeni latın qrafikalı türk əlifbası da vacib hökumət əlifbası hesab olunmalıdır.1925-ci ildə keçirilmiş IV ÜmumAzərbaycan Sovetlər qurultayı tərəfindən hökumətin həyata keçirdiyi bütün tədbirlər bəyənildi və yeni əlifbaya keçidin əsası qoyuldu. Qurultayın qətnaməsində deyilirdi ki, 1925/26-cı tədris ilində bütün birinci dərəcəli məktəblərin 1-ci siniflərində dərslər yeni əlifba ilə keçirilsin; Bütün hökumət qulluqçuları üçün yeni əlifbanın öyrənilməsi kursları təşkil edilsin; Yaşlılar arasında savadsızlıq yeni əlifba ilə aradan qaldırılsın və s. Xalq Maarif Komissarlığı kollegiyasının 1925-ci il 5 aprel tarixli qərarı ilə bütün qəza Xalq Maarif Şöbələrinə və Bakı Şəhər Maarif Şöbəsinə birinci dərəcəli məktəblərin müəllimlərinin tədris ilinin başlanmasına qədər yeni əlifbanı öyrənmələri tapşırılır.

1926-cı ildə Bakıda keçirilmiş Birinci Ümmittifaq Türkoloji Qurultayının verdiyi tövsiyələr Azərbaycanda tamamilə latın qrafikalı əlifbaya keçid işində müstəsna rol oynadı.

Latın qrafikası ilə nəşr edilən 23 iyul 1928-ci il tarixli, 169 (1184) nömrəli “Yeni yol” qəzetində dərc edilmiş məqalədə ərəb əlifbasından latın qrafikasına keçidin rəhbərlik tərəfindən yüksək qiymətləndirilərək “Şərqdə böyük inqilab” adlandırıldığı qeyd edilir.

1928-ci ildə AK(b)P və XMK “Yeni türk əlifbasına keçidin vacibliyi haqqında” qərar qəbul edir. Qərarda deyilirdi ki, 1929-cu il yanvarın 1-dən bütün müəssisələr, nəşriyyatlar, mətbəələr tamamilə yeni əlifbaya keçməlidir. Beləliklə, həmin tarixdən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Latın qrafikalı əlifba Azərbaycan dilinin səs quruluşu ilə uzlaşıb orfoqrafiya qaydalarının sadələşdirilməsinə imkan açaraq qısa bir müddət ərzində Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı.

10 il sonra Azərbaycanın latın qrafikalı əlifbası yenidən dəyişikliyə məruz qaldı. Mərkəzi hökumətin göstərişi ilə Azərbaycan SSR Ali Sovetinin 11 iyul 1939-cu il tarixdə qəbul etdiyi “Azərbaycan yazısını latın əlifbasından rus əlifbasına keçirmək haqqında” qanuna əsasən 1940-cı ilin yanvarın 1-dən başlayaraq Azərbaycan yazısı latın əlifbasından rus əlifbasına keçirildi.1858-ci ildə rus əlifbası üzərində bir neçə dəfə islahat aparıldı, (y) hərfi (j) hərfi ilə əvəz olunub, Azərbaycan dili üçün səciyyəvi olmayan э, ю, я hərfləri əlifbadan çıxarıldı.

1990-cı ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanıldı və bu əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk mütəxəssis akademik Afad Qurbanov oldu. Onun sədrliyi ilə 1 avqust 1990-cı il tarixdə yaradılan Azərbaycan Əlifba Komissiyası tərəfindən tərtib olunan yeni əlifba layihəsi yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra qəbul edildi.

1991-ci il dekabrın 25-də “Latın qrafikalı əlifbanın yenidən bərpası haqqında” qanun təsdiq edildi.1992-ci il sentyabrın 1-dən I sinfə gedən uşaqlar latın qrafikalı əlifba ilə dərsə başladılar və Azərbaycanda yeni əlifbaya keçid tədricən həyata keçirildi.

Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı ilə 1 avqust 2001-ci il tarixdən Azərbaycanda yeni latın qrafikalı əlifbaya keçid başa çatdırıldı, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanı ilə 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunmağa başladı.

Beləliklə, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin başladığı yol, müqəddəs mücadilə ümummilli lider Heydər Əliyevin fədakar xidmətləri ilə özünün ən uğurlu yekununu təsdiqləmiş oldu. Və bu gün inamla söyləyə bilərik ki, “Əsrə bərabər mücadilə yolu”nun uğurlu sonunda gerçəkləşən latın qrafikalı Azərbaycan əlifbası daim müstəqil Azərbaycanın tərəqqisinə, ədəbi dili, elm, təhsil və mədəniyyətinin inkişafına xidmət edəcəkdir.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı

Seçilən
68
4
moderator.az

5Mənbələr