İran Prezidenti Məsud Pezeşkian Zəncanda Azərbaycanla münasibətlərə dair açıqlama verib. O, Azərbaycanı "qohum xalq" adlandıraraq, iki qonşu ölkə arasında əlaqələrin qurulmamasının məsuliyyətini İran tərəfinə aid edib. Pezeşkian bildirib ki, əgər əlaqə qurulmazsa, deməli, günah İranındır.
Redaktor.az-a açıqlamasında millət vəkili Azər Allahverənov bildirdi ki, İran Prezidenti Məsud Pezeşkianın son zamanlar Azərbaycanla bağlı səsləndirdiyi fikirlər şübhəsiz ki, çox pozitivdir və iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.
"Konkret olaraq, o bildirir ki, iki qonşu ölkə arasında əlaqələr qurulmursa, bunun məsuliyyəti İran tərəfdədir. Bu isə eyni zamanda bir çox məqamlardan xəbər verir. Ən zaman-zaman Azərbaycan həmişə özünün sülhməramlı olduğunu və mehriban qonşuluq siyasətini yürütdüyünü nəinki dilə gətirib, hətta konkret əməlləri ilə də göstərən dövlət olub. Azərbaycan xüsusilə İranla bağlı məsələlərdə həmişə həssaslıq nümayiş etdirib. Baxmayaraq ki, bir çox bölgə üçün əhəmiyyətli və kifayət qədər gərgin olan məsələlər mövcuddur, Azərbaycan diplomatik şəkildə bu proseslərə yalnız maneçilik törətməmiş, əksinə mövcud gərginliyi aradan qaldıran bir yanaşma sərgiləmişdir".
Millət vəkili əlavə etdi ki, İran üçün mühüm əhəmiyyət kəsb edən bir sıra regional layihələr məhz Azərbaycan tərəfindən ideya olaraq irəli sürülüb.
"Məsələn, Astara-Rəşt dəmiryolunun inşası ilə bağlı İran tərəfinin vəsaitin yetərli olmaması halında Azərbaycanın 500 milyon ABŞ dolları həcmində maliyyə yardımı göstərməsi kimi proseslərdə Azərbaycan həmişə mehriban qonşuluq siyasətinə sadiqliyini nümayiş etdirib. Lakin belə bir şəraitdə biz zaman-zaman İranda, müəyyən mənada ictimai-siyasi mühitə təsir edən və bəzi hallarda kifayət qədər güclü siyasi rıçaqları əlində saxlayan müəyyən mərkəzlərin anti-Azərbaycan ritorikasını yaymaqda, cəmiyyətdə informasiya mühitində bu ritorikanın dövr etməsində maraqlı olduqlarını görürük. Bu isə təbii ki, birbaşa olaraq Azərbaycanla münasibətlərin İran daxilində birmənalı qarşılanmadığını göstərir. Xüsusilə söhbət konstruktiv dialoq üzərində qurulan və qarşılıqlı fayda verə biləcək proseslərdə Azərbaycanın uğurlarından gedir ki, bəzi dairələr bunu həzm edə bilmirlər və hətta İranda siyasi hakimiyyətə təsir etmək imkanları da vardır. Amma bu gün Pezeşkianın faktiki olaraq belə bir mövqedə fikir bildirməsi həm Azərbaycan üçün ciddi bir mesajdır, həm də Azərbaycanın həmişə dilə gətirdiyi fikri təsdiq edən bir hal kimi qiymətləndirilə bilər. Digər tərəfdən, bu fikirlər həm də İran daxilindəki auditoriyaya ünvanlanmış çox ciddi mesajdır. Xüsusilə o dairələrə ki, mərkəzi hakimiyyətə Azərbaycanla bağlı siyasətdə mehriban qonşuluq prinsiplərinə uyğun olmayan yanaşmanı dəstəkləməyə cəhd edirlər və buna görə hökumətə təsir göstərirlər. Pezeşkianın bu mesajı onlara aydındır: öz bu kimi yanaşmalarından əl çəksinlər və Azərbaycanla yalnız mehriban qonşuluq siyasətinin aparılmasına dəstək versinlər.
Müsahibimiz bildirdi ki, Azərbaycanla bağlı xarici siyasət məhz bu prinsiplər üzərində qurulmalıdır.
"İran cəmiyyətində baş verən bəzi anti-Azərbaycan əhval-ruhiyyəsi isə yenə də İran daxilindəki proseslərdən və problemlərdən qaynaqlanır. Pezeşkian buna da işarə edir və məsuliyyətin məhz özündə axtarılmasını vurğulayır. Prezident olaraq o, bu fikri səsləndirməklə hansı dairələrə mesaj göndərdiyini çox yaxşı bilir", - deyə Azər Allahverənov qeyd etdi.
Xədicə BAXIŞLI