AZ

Azərbaycan dili xalqımızın milli-mənəvi sərvətidir -

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Millət vəkili Pərvanə Vəliyeva Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, tarixi yaddaşı və mədəni kimliyinin daşıyıcısıdır. Bu dəyərli irsin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir: “Bu əlamətdar günün qeyd olunması Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli sərəncamı ilə təsdiqlənib. Həmin sərəncamda Azərbaycan dilinin inkişaf etdirilməsi, ədəbi dil normalarının qorunması və latın qrafikalı yeni Azərbaycan əlifbasının tətbiqinin sürətləndirilməsi məsələləri xüsusi vurğulanır. Bu addım həm də Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində mühüm bir mərhələ olub. Azərbaycan dili zəngin fonetik, qrammatik və leksik quruluşa malik olmaqla, əsrlər boyu xalqımızın düşüncə tərzini, həyat tərzini, dünya görüşünü ifadə edib. Bu dil Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və digər böyük söz ustadlarının əsərlərində özünün ən gözəl və ən parlaq ifadəsini tapıb”. P.Vəliyeva qeyd edib ki, hələ dövlətimizin müstəqilliyindən öncə Azərbaycan dili uzun illər təsir və təzyiqlərə məruz qalmış, sıxışdırılmış, dilimizin inkişafına məhdudiyyətlər qoyulmuşdur: “Ötən əsrin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmiş, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Bütün bu məhdudiyyətlərə baxmayaraq Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa çalışıb və buna nail olub.Ümummilli Liderin sayəsində 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixliFərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Bundan başqa, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilib. Qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır”. Deputat latın qrafikalı yeni Azərbaycan əlifbasına keçidin də dilimizin inkişafına mühüm töhfə verməsindən bəhs edib: “2001-ci ildən etibarən rəsmi sənədlər, dərsliklər və çap məhsulları tam şəkildə latın qrafikalı əlifbaya uyğunlaşdırıldı. Bu proses Azərbaycan xalqının milli kimliyinə və müstəqilliyinə bağlılığının bariz nümunəsidir. Ana dilimizin qorunmasında çox böyük və uğurlu addımlar atan Ulu Öndər Heydər Əliyevin siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ölkə başçısının tələbi və diqqəti nəticəsində “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanıb. Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Prezidentin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir”. P.Vəliyeva bir daha qeyd edib ki, Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın milli kimliyinə, dilinə və mədəniyyətinə olan dərin ehtiramın təzahürüdür. Bu əlamətdar gün hər bir Azərbaycan vətəndaşının ana dilinə sevgi ilə yanaşmasının vacibliyini bir daha xatırladır. Azərbaycan dili – millətin ruhunun və düşüncəsinin aynasıdır.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
52
6
metbuat.az

10Mənbələr