ABŞ Türkiyənin xarici ticarətinə birbaşa və ya dolayısı ilə müdaxilə etmədikcə, ölkəmiz azad ticarət imkanlarından və fürsətlərindən yararlana biləcək
Xarici ticarətdə daralma digər ölkələrin də ABŞ-yə olan tələbatını azaldacaq
ABŞ-nin xarici ticarət siyasətində etdiyi dəyişikliklər bir çox ölkələr kimi Türkiyəyə də təsir edir. ABŞ xarici ticarət kəsirini azaltmaq məqsədilə bəzi ölkələrə, o cümlədən Türkiyəyə qarşı əlavə gömrük rüsumları tətbiq edib. Bu barədə Ağ Evin saytında qeyd olunub.
Bu vəziyyət isə Türkiyənin bəzi sektorlarında ixracata və qiymətlərə birbaşa təsir göstərə bilər. Rəsmi Ankaranın bu kontekstdə bu cür proteksionist siyasətlərə qarşı hansı strategiyaları həyata keçirməli olduğu, alternativ bazarların yetərli olub-olmayacağı və sektorlar səviyyəsində ixracatının necə təsirlənəcəyi vacib suallardandır.
Bakırçay Universiteti İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsinin dosenti, iqtisadiyyatçı Sezer Bozkuş Kahyaoğlu ABŞ-nin yeni ticarət siyasətinin Türkiyə iqtisadiyyatına və xarici ticarətinə təsirləri, həmçinin qarşıda görülə biləcək tədbirlərlə bağlı Sherg.az-ın suallarını cavablayıb:
-Türkiyə bu cür ticarət maneələrinə qarşı hansı strategiyanı həyata keçirməlidir?
-Xarici ticarət məsələsi təsirləri baxımından kifayət qədər mürəkkəbdir və qarşılıqlı əlaqələr əsasında ölkələrə müxtəlif nəticələr və təsirlər göstərə bilər.
Keçmiş məlumatlara əsaslanaraq bu nəticələri qiymətləndirdikdə gələcəyə dair aparılan təhlillər müəyyən mənada qərəzli ola bilər. ABŞ ilə Türkiyə arasındakı münasibət Ticarət Nazirliyindən verilən son açıqlamaya əsasən 15%-lik gömrük vergisi tətbiqi ilə yanaşı, davamlı ticarət mühiti üçün müzakirə olunur. TÜİK-in məlumatlarına görə, 2024-cü il ərzində ümumi 261 milyard ABŞ dolları dəyərindəki ixracatımızda ilk 20 ölkə arasında ABŞ ümumi ixracatda Almaniyadan sonra ikinci yerdə qərarlaşıb. Almaniyanın ixracatdakı payı 7,8%, ikinci yerdə olan ABŞ-nin payı isə 6,25% təşkil edib. 2024-cü il rəqəmlərini nəzərə alsaq, ABŞ-yə ixracımız 9,9% artıb. Bu nisbət yüksək görünsə də, daha əvvəl 11,9% idi. Türkiyənin ixracatının böyük bir hissəsi Avropa İttifaqı (Aİ) ölkələri ilə aparılsa da, ixracın şaxələndirilməsi çərçivəsində Aİ-dən kənar Asiya və Afrika ölkələri ilə də ticarət əlaqələri formalaşmağa başlayıb. Bu baxımdan qiymətləndirdikdə ABŞ-nin tətbiq etdiyi 15%-lik tarif dərəcəsinin bəzi sahələr üzrə təsiri sektoral miqyasda məhdud olacaq. Burada mühüm məqam ABŞ-nin ümumi idxalda payının 4,7% olmasıdır.
-ABŞ-nin xarici ticarət siyasətinin Türkiyə iqtisadiyyatına və sektorlararası qiymətlərə mümkün təsirləri nə olacaq?
-ABŞ-nin ümumi siyasəti dünya miqyasında ölkələrə qarşı verdiyi xarici ticarət kəsirini azaltmaqdır.
Bu təsiri artırmaq məqsədilə hər bir ölkəyə tətbiq etdiyi gömrük tarif dərəcəsini fərqləndirir. Bununla belə, ölkələr həyata keçirdiyi tarif siyasətinin təsirlərini diqqətlə dəyərləndirməlidir. ABŞ-nin tətbiq etdiyi tarif dərəcəsinin əsasən sektorlarda giriş kimi istifadə edilə bilən məhsullara aid olduğunu nəzərə alsaq, bunun bu sektorlarda qiymət artımına səbəb olacağını söyləyə bilərik. Sözügedən tarif dərəcələrində yaranan artım Türkiyədəki sektorlarda qiymət azalmasına səbəb olub-olmayacağından asılı olaraq xarici ticarətimizə təsir edəcək. ABŞ sənayeləri idxal olunan mallardan asılıdırsa, sənayelərin bu tarif dərəcələrini qəbul edəcəyini və öz istehsal xərclərinə əks olunaraq qiymət artımı effekti yarada biləcəyini söyləmək olar. Bu təsirlərin gözlənilməsinə baxmayaraq, sözügedən idxal və ixrac əməliyyatları həyata keçirildikdən sonra lazımi oxunuş və şərhlər edilə bilər.
-Əlavə vergi Türkiyənin ABŞ-yə ixracına hansı sektorlarda təsir göstərə bilər?
-Burada Türkiyə üçün ikinci vacib məqam, sözügedən sektorlardakı istehsalın başqa bazarlara yönəldilə biləcəyidir. ABŞ-yə ixrac edilən məhsulların xüsusiyyətlərini nəzərə alsaq, bu məhsullara tələbatın başqa ölkələrdən də gəlməsi mümkündür.
Xarici ticarətlə bağlı ümumiləşdirilə bilən məqam ondan ibarətdir ki, beynəlxalq ticarətdəki daralma bütün ölkələr üçün mənfi vəziyyət yaratsa da, zamanla bu təsir ABŞ üçün daha pis ola bilər.
-ABŞ-nin Türkiyəyə 15% əlavə rüsum tətbiq etmək qərarının əsasında hansı iqtisadi və ya siyasi səbəblər dayana bilər? Bu qərar iki ölkə arasında ticarət əlaqələrinə necə təsir edəcək?
-Türkiyənin ixrac bazarı əvvəlkindən daha çoxşaxəlidir. ABŞ Türkiyənin xarici ticarətinə birbaşa və ya dolayısı ilə müdaxilə etmədikcə, ölkəmiz azad ticarət imkanlarından və fürsətlərindən yararlana biləcək. ABŞ-nin həyata keçirdiyi strateji, xarici ticarət siyasəti, önümüzdəki dövrdə onun üçün ciddi problemlər yaradacaq təsirə malik ola bilər. Birləşmiş Ştatlar müəyyən ölkələrlə ticarət danışıqlarında üstünlüyə malik olsa da, xarici ticarətdə daralma digər ölkələrin də ABŞ-yə olan tələbatını azaldacaq. Çünki xarici ticarətdə proteksionist siyasət bumeranq effekti yarada bilər.
Bir sözlə, ABŞ-nin həyata keçirdiyi siyasətlər dünya iqtisadiyyatının ticarət strukturunda və təşkilati sistemində əhəmiyyətli dəyişiklikdir. Bu kontekstdə Ümumdünya Ticarət Təşkilatının qaydaları və bununla bağlı bütün qaydalar mübahisəli hala gəlib. Bu baxımdan qiymətləndirdikdə, sözügedən təsirlərin təkcə Türkiyə vasitəsilə deyil, həm də beynəlxalq münasibətlərin siyasi iqtisadiyyatı vasitəsilə təhlil edilməsi lazımdır.