AZ

Neft Fondumuzun daşınmaz əmlaklara qoyduğu sərmayələr ziyan vurmağa başlayıb?..


Xalid Kərimli: “Burada söhbət reallaşmamış ziyandan gedir”

Azərbaycan Dövlət Neft Fondu (ADNF) daşınmaz əmlaka qoyduğu investisiyalardan zərər görüb.

Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında iyulun 30-da açıqladığı rəyində bildirilir.

Rəyə görə, ADNF-in daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi dəyəri ötən ilin sonunda 3 milyard 537,7 milyon dollar təşkil edib. Sənəddə qeyd edilib ki, daşınmaz əmlak alt portfelinin 2024-cü ildə gəlirliliyi -2,9 faiz təşkil edib. Daşınmaz əmlak alt portfelinin tərkibində müştərək investisiyalar üzrə gəlirlilik isə -11,4 faiz olub.

Maraqlıdır, dünyada daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşmayıb, əksinə artıb. Belə olan halda Neft Fondunun zərər etməsi nə ilə bağlı ola bilər?

“Üç ildən sonra daşınmaz əmlakın bazar qiyməti qalxsa, Neft Fondu bundan qazanacaq”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Xüsusi beynəlxalq maliyyə hesabatı standartları ilə gəlirlər və xərclər müəyyənləşir. Neft Fondunun bir daşınmaz əmlak portfeli var. Bu portfel hesabına Avropanın müxtəlif şəhərlərində daşınmaz əmlak alınıb. Söhbət böyük daşınmaz əmlakdan gedir. Hər ilin axırında həmin daşınmaz əmlakın qiymətləndirilməsi həyata keçirilir. Bu da həmin ölkədə daşınmaz əmlakın qiymətlərində baş verən dəyişikliklərə əsasən müəyyən edilir. Deməzdim ki, bütün daşınmaz əmlak zərər edib. Zərər bazar dəyərindəki dəyişikliklərlə əlaqələndirilir. Neft Fondu bura qoyduğu investisiya müqabilində icarə gəliri əldə edib. Ancaq həmin ölkədə daşınmaz əmlakın qiyməti düşə bilər. Bu da ona gətirib çıxara bilər ki, Neft Fondunun daşınmaz əmlak portfeli ziyanlı ola bilər. Ona görə də bu, illər üzrə dəyişikliklərdir. Daşınmaz əmlak belədir ki, bura qoyulan investisiyalar uzunmüddətli dövr üçün nəzərdə tutulur. Qısamüddətli səhm kimi baxılmır. Hansısa ölkədə daşınmaz əmlakın qiyməti aşağı düşə bilər, o da Neft Fondunun aldığı əmlakın bazar dəyərini aşağı sala bilər. Burada söhbət reallaşmamış ziyandan gedir. Neft Fondu daşınmaz əmlak alıb-satmır. Alıb uzun müddət saxlayır, icarəyə verir və sonra istəsə sata bilər. Lakin beynəlxalq maliyyə standartlarına görə, hər ilin axırı əmlakın dəyəri qiymətləndirilir. Yəni daşınmaz əmlakın qiyməti düşüb, yoxsa artıb. Ona görə də bu, böyük ehtimalla, reallaşmamış ziyan ola bilər. Üç ildən sonra daşınmaz əmlakın bazar qiyməti qalxsa, Neft Fondu bundan qazanacaq. Bu baxımdan hesab edirəm ki, ümumən, narahatlıq üçün elə bir əsas yoxdur”.

Vidadi ORDAHALLI

Seçilən
5
baki-xeber.com

1Mənbələr