AZ

"TikTok"da sənət danışır:

Bugünkü rəqəmsal dünyada mədəniyyətin təbliği təkcə səhnə və ekranlarla məhdudlaşmır. TikTok kimi sürətlə böyüyən platformalar artıq təkcə əyləncə məkanı deyil, həm də maarifləndirici və estetik dəyərlərin yayım vasitəsinə çevrilib. Bu rəqəmsal mediada yüz minlərlə izləyiciyə malik mədəniyyət blogerləri var ki, onlar həm Azərbaycan, həm də dünya mədəniyyətini öz auditoriyalarına yeni prizmadan təqdim edirlər. Bu yaradıcılar klassik filmlərdən bəhs edir, rəsm əsərlərinin tarixini izah edir, aktyor və müğənnilərimizin həyat və yaradıcılığını işıqlandırır, musiqinin təkamülünü sadə və maraqlı dildə izah edirlər. Onların videoları izləyicilər üçün həm maarifləndirici, həm də ruhlandırıcı olur. Eyni zamanda belə yaradıcılar mədəni irsimizi rəqəmsal məkanda yaşadır və yeni nəsillə körpü rolunu oynayırlar. Bu yazımızda TikTok-da mədəniyyət yönümlü paylaşımları ilə seçilən iki tanınmış yaradıcıdan bəhs edəcəyik. Teya.Sev - Rəssamlıqdan brend menecerliyə ... Təyyibə Sevda – həm peşəkar brend menecer, həm də incəsənət təbliğatçısı kimi tanınır. O, ilk təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Kollecində, daha sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında alıb. Hazırda AFFA-da Brand Menecer kimi fəaliyyət göstərsə də, paralel olaraq incəsənət tarixi və vizual mədəniyyət mövzusunda sosial şəbəkələrdə aktiv kontent yaradır. Onun yaradıcılığa marağı uşaq yaşlarından başlayıb. Rəsm çəkmək, duyğularını ifadə etmək üçün bir vasitə olub. O deyir ki, incəsənət onun üçün təkcə gözəllik yox, həm də daxili dünyasını qoruyan bir sığınacaqdır. Bu maraq tədricən araşdırma, paylaşma və nəhayət, videokontentə çevrilib. İlk videoları iki il əvvəl hazırlayıb və artıq bu sahədə sistemli fəaliyyət göstərir.

İncəsənət kontentinin yaranma prosesi və məqsədiTəyyibə Sevdanın videoları əsasən rəssamların həyatı, yaradıcılığı və sənət tarixi ilə bağlıdır. Kontentlərini hazırlayarkən həm təhsilindən istifadə edir, həm də daim tədqiqat aparır. Fərqli dövrlərə aid sənətçiləri, onların yaradıcılığını və müasir sənətşünaslıq yanaşmalarını araşdırır. Əldə etdiyi məlumatları isə yalnız fakt kimi yox, şəxsi təhlil və vizual hissiyatla təqdim etməyə çalışır. Onun üçün ən vacib mesaj budur: incəsənət hər kəs üçündür. O, insanlara bu sahənin yalnız elitaya deyil, cəmiyyətin bütün təbəqələrinə aid olduğunu göstərmək istəyir. Hədəfi, Azərbaycanda incəsənətə maraq göstərən, sərgilərə gedən, müzakirələrə qatılan bir ictimaiyyətin formalaşmasına töhfə verməkdir. Kontentlərində incəsənətin həm estetik, həm də sosial dəyərinə diqqət çəkir.

TikTok-da sənət: auditoriya, reaksiya və gələcək planlar
Təyyibə ilk kontentlərini digər platformada paylaşsa da, daha sonra TikTok-un imkanlarını kəşf edib. Gənc və dinamik auditoriyası olan bu platformada sənət mövzularını daha geniş kütləyə çatdırmaq üçün yeni imkanlar görüb. O hesab edir ki, TikTok-da ciddi mövzulara maraq var – sadəcə onları vizual cəhətdən cəlbedici və emosional dildə təqdim etmək lazımdır. İzləyicilərdən aldığı rəylər isə onun yolunu daha da aydınlaşdırıb. Ən yaddaqalan şərhlərdən biri, bir izləyicinin xaricdə sənətşünaslıq üzrə təhsil almağa qərar verməsi və bu seçimində onun videolarının rolu olduğunu yazması olub. Tələbələr isə videoların dərsliklərdən daha maraqlı və anlaşılan olduğunu bildirirlər. Hazırda auditoriyasının əsas hissəsini 20–35 yaş arası gənclər təşkil edir. Gələcək planları isə kontentlərini ingilis dilində də hazırlayıb beynəlxalq auditoriyaya çatdırmaq, yerli auditoriya ilə isə seminarlar və əməkdaşlıqlar vasitəsilə daha sıx əlaqə qurmaqdır. Təyyibə Sevda üçün incəsənət – sadəcə maraq yox, həyat tərzidir. Onun əsas məqsədi isə həm lokalda mədəniyyət cəmiyyətini qurmaq, həm də qlobal miqyasda bu səsi duyurmaqdır. Bu yazımızda sizi mədəniyyətə könüldən bağlı daha bir yaradıcı – Nazim Qasımzadə ilə tanış etmək istəyirik. Nazim Qasımzadə sosial mediada kino və mədəniyyət sahəsində maraqlı və maarifləndirici kontentləri ilə tanınan yaradıcıdır. O, ali təhsilini Bakı Dövlət Universitetində alıb. Bloq fəaliyyəti onun peşəkar sahəsindən fərqli, tamamilə şəxsi maraq və hobbisi olaraq davam edir. Özünün də dediyi kimi, fəaliyyəti ilə əsl yaradıcı adına layiqdir.

Mədəniyyətə olan marağın kökü uşaqlıqdan gəlirNazim Qasımzadənin kino və mədəniyyətə olan marağının təməlində ailəsinin təsiri dayanır. Uşaqlıqda valideynlərinin onu yerli filmləri izləməyə təşviq etməsi bu marağın əsasını qoyub. O, qeyd edir ki, tamaşaçını bəzən səhnənin özü yox, onun arxasındakı kulis daha çox cəlb edir. Bu səbəbdəndir ki, bir çox xarici filmlərin kulis görüntüləri anons videoları qədər maraqla izlənilir. Nazim bu mövzuda videobloq fəaliyyətinə təsadüfi şəkildə başlayıb. Əvvəllər fərqli mövzularda video hazırlasa da, geniş auditoriyaya çatmayıb. Ta ki, “Nəşi yandırılan əməkdar artist” adlı bir xəbər diqqətini çəkənədək. Bu xəbəri tez bir zamanda video şəklində paylaşan Nazim, bir gün ərzində yarım milyondan çox baxış sayı qazandığını görüb və bu istiqamətdə davam etmək qərarına gəlib.

Araşdırma əsas sütundur – bəzən saatlar, bəzən aylar aparır

Nazim Qasımzadə üçün videoların hazırlanmasında ən çətin və zaman alan mərhələ araşdırmadır. Bəzən bir mövzunu dəqiqləşdirmək üçün saatlarla, bəzən isə aylarla çalışmalı olur. O vurğulayır ki, bəzi məlumatlar bir mənbədə təsdiqlənsə də, digər mənbədə inkar edilir. Bu zaman balansı qorumaq və mənbəni düzgün göstərmək onun üçün əsas prinsipdir.O, həmçinin bildirir ki, bəzi videolar sosial mediada artıq paylaşılmış məlumatları əhatə etsə də, onun təqdimat tərzi həmin məlumatı izləyici üçün yenidən aktual edir. Nazim üçün vacib olan, hər hansı bir informasiyanın arxasında zəhmət varsa, onun düzgün və şəffaf şəkildə çatdırılmasıdır.

Maarifləndirmə, tənqidə münasibət və gələcəyə baxış

Yaradıcının əsas məqsədi tamaşaçını maarifləndirmək, ona doğru və dolğun informasiya təqdim etməkdir. Onun videolarında təkcə keçmişə deyil, həm də bu günün aktual hadisələrinə toxunulur. Nazim Qasımzadə hesab edir ki, TikTok-da kino və mədəniyyət kimi mövzulara yer var. Sadəcə təqdimat düzgün, məzmun isə dolğun və dürüst olmalıdır. Onun fikrincə, sağlam rəqabət bu sahədə kontentin keyfiyyətini yüksəldir, reytinq xatirinə edilən səthi yanaşmalar isə zamanla öz yerini itirəcək. Tənqidlərə isə selektiv yanaşmağı tövsiyə edir: “Əgər bəyənmirsənsə, baxma və ya keç. Aqressiyanı rəqəmsal platforma üzərindən ötürmək lazım deyil. İnsan, kimisə tənqid etməzdən əvvəl özünü tənqidi bacarmalıdır.”

Nazim Qasımzadə bu gün TikTok vasitəsilə mədəniyyətin səsini daha da uzaqlara çatdırmağa çalışır. O, bloqunu bir qazanc yeri yox, bir missiya kimi görür – keçmişə işıq tutmaq və bu günə dəyər qatmaq üçün.

Seçilən
10
metbuat.az

1Mənbələr