AZ

Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Bakı,1 avqust, AZƏRTAC

“Abşeron” mədə-bağırsaq sanatoriyasının “Abşeron” sağlamlıq mərkəzi qastroenteroloji xidmətlərlə yanaşı, uroloji konseptin inkişaf etdirilməsini hədəfləyib.

AZƏRTAC xəbər verir ki, bunu "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Çingiz Hacıyev “Abşeron” mədə-bağırsaq sanatoriyasına təşkil edilən mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bunun üçün mərkəz diaqnostik və terapevtik avadanlıqlarla təmin olunub: "Müasir avadanlıqlar qonaqlarımıza mədə-bağırsaq, uroloji və digər ümumi profilli terapevtik prosedurlar almağa imkan yaradacaq. Yeni təmirdən çıxmış mərkəz 3 mərtəbədən ibarətdir. Burada banyaterapiya, fizioterapiya üzrə avadanlıqlar və xidmətlər mövcuddur. Elektromaqnit, lazer, ultrasəs, SPA kapsullar, quru hidromasaj kimi müasir texnologiyalar tətbiq olunur. 3-cü mərtəbədə hotel otaqları istifadəyə verilib".

Çingiz Hacıyev vurğulayıb ki, yalnız yollayış alanlar deyil, istənilən şəxs oraya gedərək sanator-kurort müalicə paketi ala və istirahət edə bilər: “Abşeron” sanatoriyası 19 hektar ərazidə yerləşir, burada gözəl park zonası var. Sanatoriyada həm müalicə almaq, həm də istirahət etmək mümkündür”.

Direktor diqqətə çatdırıb ki, hazırda “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan digər sanatoriyalarda da təmir işləri gedir, şərait daha da yaxşılaşdırılır. “Ötən ay “Bilgəh”də yeni rekonstruksiyadan çıxmış korpus istifadəyə verilib. Növbəti mərhələdə “Günəşli” və “Abşeron” sanatoriyalarının yeni korpusları, Naftalanda isə sanatoriya istifadəyə veriləcək. Həmçinin tibbi və xidmət personalının bacarıqlarının artırılması istiqamətində işlər davam etdirilir",- deyə o qeyd edib.

 

Seçilən
45
2
azertag.az

3Mənbələr