ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Rusiyadakı Azərbaycan əsilli milyarderlər artıq öz ölkələrinə geri qayıdır. Onların öz bizneslərini əsasən Asiya ölkələrinə köçürdükləri deyilir. İsgəndər Xəlilov və Araz Ağalarovun Bakıda olduğu bildirilir. Fərhad Əhmədov isə mediaya açıqlamasında Azərbaycana köçdüyünü və Rusiya ilə bütün əlaqələrini tamamilə dayandırdığını açıqlayıb.
Rusiyada ciddi vergi ödəyicisi olan və xeyli iş yeri yaradan həmin milyarderlərin ölkələrinə qayıtması təkcə iqtisadi deyil, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Çünki onlar bu və ya digər şəkildə Bakı ilə Moskva arasında bir növ körpü rolunu oynayır. Analitiklər hesab edir ki, bu şəxslərin Rusiyadan sıxışdırılması, əmlaklarına əl qoyulması və bizneslərinin zəifləndirilməsi daha çox Rusiya hökumətinə zərər verəcək.
Bəs, bu proses daha da böyüyə bilərmi? Milyarderlərdən sonra orta ranqlı iş adamları, əmək miqrantları da Azərbaycana geri dönə bilərmi? Bu proses sürətlənərsə, Rusiyaya nə kimi ziyan verə bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Rusiyada fəaliyyət göstərən soydaşlarımızın Azərbaycana köçməsi normal prosesdir və bunun getdikcə genişlənəcəyi istisna edilmir:
Həmçinin oxuyun:
Gərginlik kritik həddə: Moskvanın regionla bağlı planı üzə çıxdı – Bakı fərqindədir
Heydər Oğuz
“Azərbaycan belə sürprizlərə hazır olmalıdır. Ən azı ona görə ki, Rusiyadakı həmvətənlərimizin sıxışdırılması bizim iradəmizdən asılı deyil və istəsək də bunu dayandıra bilmərik. Moskvanın azərbaycanlılara qarşı başlatdığı mübarizə heç də hansısa hərəkətlərimizdən qaynaqlanmır. Rusiya ciddi beynəlxalq sanksiyalarla üz-üzədir və get-gedə daralan iqtisadi vəziyyətinə uyğun olaraq öz vətəndaşlarına əlavə iş yerləri yaratmaq istəyir. Bunun üçün də miqrantları sıxışdırır, iş yerlərini əllərindən alır. Hazırda bu siyasət Azərbaycan icmasına qarşı həyata keçirilir. Öz hərəkətlərinə haqq qazandırmaq üçün bəzi bəhanələrdən istifadə edir. Bizdən sonra bənzər siyasətin digər etniklərə qarşı da həyata keçiriləcəyini görəcəyik”.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan hakimiyyəti milli sərmayədarları ölkəmizə cəlb etmək istəyirsə, onlara münbit şərait yaratmaq haqqında düşünməlidir:
“Çünki pulun, kapitalın vətəni olmur. Harda ona münbit şərait yaradılırsa, kapital da oraya köçür. Milyarder soydaşlarımız da bu səbəblə Asiya ölkələrinə köç edir. Azərbaycan unutmamalıdır ki, Rusiyadan didərgin salınan iş adamlarına böyük ehtiyacımız var. Məhz onlar sayəsində ölkəmizdə yeni sənaye obyektləri, satış bazaları, ixrac müəssisələri aça və ölkənin inkişafına töhfələr verə bilərik. Ağıllı dövlətlər bu cür böhranları fürsətə çevirə bilənlərdir. Fikrimcə, Azərbaycan da bu addımı atmaq qabiliyyətinə malikdir. Rusiyada böyük uğurlar qazanan və bir çox xarici bazarı yaxından tanıyan iş adamlarımızın ölkəyə qayıtmasına çalışmalıyıq. Bunun üçün isə həm iqtisadi, həm də hüquqi sahədə bəzi ciddi islahatlar aparılmalıdır”.
Ləman İmran
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.