ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Zaxarovanın bu sayaq açıqlaması onu deməyə əsas verir ki, əslində Rusiyanın özü gerçəkdən Azərbaycana qarşı hansısa təxribatlar hazırlayır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Ukrayna Təhlükəsizlik Xidmətinin Azərbaycanla Rusiya arasında yaranmış ziddiyyətlərdən istifadə edərək milli zəmində nifrət və düşmənçiliyi qızışdırmaq niyyətində olduğu barədə səsləndirdiyi fikirlərini şərh edərkən deyib.
"Buna görə də öz əməlini ört-basdır etmək üçün guya Ukraynanın Bakı ilə Moskva arasındakı gərginliyi daha da artırmaqda maraqlı olduğu versiyasını gündəmə atırlar. Bu mənada Rusiya tərəfindən belə təxribatların baş verməsi mümkündür", deyə Elçin Şıxlı bildirib.
Həmsöhbətimiz deyib ki, Rusiyadan hər şey gözləmək olar:
"İkinci bir tərəfdən, Moskva Ukraynanın dostlarının azalmasına çalışır. Bu mənada onun belə dezinformasiyalar ötürməkdə məqsədi həm də Ukrayna ilə Azərbaycanın arasını vurmaq da ola bilər. Moskva özü nəsə edib, bunu Ukraynanın üstünə ata bilər. Yaranmış vəziyyətdə Ukrayna və Azərbaycanın təhlükəsizlik xidmətləri yəqin daha gərgin rejimdə işləməli olacaqlar".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova azərbaycanlılara qarşı planlaşdırılan mümkün təxribatlarla bağlı açıqlama verib. Zaxarova bildirib ki, Rusiya tərəfinin əldə etdiyi məlumata əsasən, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hazırda Azərbaycanla Rusiya arasında yaranmış ziddiyyətlərdən istifadə edərək milli zəmində nifrət və düşmənçiliyi qızışdırmaq niyyətindədir.
Zaxarovanın sözlərinə görə, bu çərçivədə Rusiya bayrağı altında Azərbaycana qarşı təxribat törətməyə razı olan rusiyalı keçmiş vətəndaşların cəlb olunması planlaşdırılır. Məqsəd isə Azərbaycan vətəndaşlarına, diplomatik nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı sabotajlar təşkil etməkdir.
Rüfət Sultan
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.