AZ

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı tədbir - MASALLIDA

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı tədbir - MASALLIDA

 

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı Masallıda tədbir keçirilib.
“QHT.AZ” xəbər verir ki, avqustun 1-də, rayon mərkəzi kitabxanasında təşkil olunan tədbirdə yaradıcı insanlar, ağsaqqal və ziyalılar, mədəniyyət və təhsil işçiləri iştirak ediblər. 
Əvvəlcə Azərbaycan dili və mədəniyyətinin inkişafında əvəzsiz xidmətləri olmuş görkəmli şəxsiyyətlərin, eləcə də Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiaramla anılıb. 
Kitabxananın direktoru Zamin Məmmədov bu günün tarixi əhəmiyyətindən danışaraq bildirib ki, Ulu öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli sərəncamına əsasən, hər il 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. O, dilimizin milli kimliyimizin əsas simvollarından biri olduğunu vurğulayıb və onun qorunması, inkişaf etdirilməsi üçün kitabxanaların və ziyalıların rolunu xüsusi qeyd edib.
Sonra kitabxananın əməkdaşı Arzu Hüseynova məruzəsində Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, əlifba islahatları və müasir dövrdə qarşıya çıxan dil problemləri haqqında ətraflı məlumat verib.
Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan bəhs edib. O, deyib ki, dilimiz yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqımızın milli-mənəvi yaddaşı, tariximizin, ədəbiyyatımızın və mədəniyyətimizin daşıyıcısıdır.
Əməkdar jurnalist, yazıçı Zakir Abbas çıxışında Azərbaycan dilinin yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də tanıdılması və təbliği istiqamətində görülən işlərdən danışıb: “Bəzi xidmət yerləri, iaşə ocaqları adlarında rus, ingilis, fransız, türk və s. sözlərindən yerli-yersiz istifadə bir yana, hətta öz sözlərimiz belə təhrif olunur.
Beynəlxalq əlaqələrin, iqtisadi münasibətlərin genişləndiyi bir vaxtda leksikonumuza yabançı terminlər daxil olur. Azərbaycan türkcəsini yad təsirlərdən qorumaq üçün dilimizə pərçimlənən sözlərə sədd çəkməliyik. Dilçi alimlər, şair, yazıçı və ziyalılar əcnəbi sözləri əvəz edən yeni sözlər tapmalıdır.”
“Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev dilimizin klassik ədəbiyyatdan müasir nəsr və poeziyaya qədər keçdiyi inkişaf yolunu təhlil edərək bildirib ki, Azərbaycan dili bədii ifadə vasitələrinin zənginliyi baxımından dünyanın aparıcı dillərindən heç də geri qalmır. 
"Yeni həyat" qəzetinin əməkdaşı Akif Ağayev çıxışında Azərbaycan dilinin kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə düzgün və səlis istifadəsinin önəmini vurğulayıb: “Əksər qəzet, sayt,  dublyaj edilən filmlərdə, küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin leksik və qrammatik qaydaları pozulur. Ticarət və iaşə obyektləri adlarının əksəriyyəti xarici dildədir,  televiziya və radiolarda nümayiş olunan çarxlarda, eləcə də çap məhsulları üzərindəki reklam mətnləri dilimizin qrammatik qaydalarına uyğun gəlmir...”
İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Eyniyeva Azərbaycan dilinin tədrisindəki çağırışlardan və müasir gənclərin dilə münasibətindən söz açıb. 
Şair Meysəba Aslanova dilimizin düzgün təbliğ olunması məsələsinə toxunub. 


 

Seçilən
34
qht.az

1Mənbələr