İradə Orucova: “Mənim oğlum Şuşa fatehidir”
El batır qəm dəryada,
Kimə gedim mən dada?
İgid döyüşdə ölsə,
Adı qalar dünyada.
Adı bu dünyada əbədi qalan oğullarımızdan biri də Afər Yafət oğlu Orucovdur. Vətənə layiqli oğul olan igid Afər düşmənə qan udduran Şuşa fatehlərindən biri olaraq tariximizdə özünə ad qazanıb. Uğrunda döyüşdüyü Şuşada şəhidlik zirvəsinə ucalan Afər subay idi, ürəyində qönçələnən arzularının yalnız birinə, özü də ən böyüyünə çata bildi - torpaqlarımızın düşmən tapdağından azad olunmasına.
Şəhid çavuş Afər Orucovun anası İradə Orucova ilə Qubada yaradıcılıq ezamiyyətində olarkən tanış olub söhbətləşdik. O da Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün-Tarixi zəfər” kitabının II və III cildlərinin Qubada keçirilən təqdimat mərasiminə qatılmışdı.
“Oğlum Şuşa dağlarının ətəyində şəhid olub, dağlara baxdım, sanki oğlumu gördüm, Afərlə görüşdüm...”
“44 gün-Tarixi zəfər”in səhifələrində igid Afər haqqında da məlumat dərc olunub. Ana kitabı köksünə elə sıxmışdı ki, sanki oğlunu qucaqlayır.
Afər Orucov 1996-cı il martın 13-də Quba rayonunun Aşağı Atuc kəndində anadan olub, 2001-2013-cü illərdə kənd tam orta məktəbdə təhsil alıb. “Oğlum subay idi. Üç oğlumun böyüyü Afər idi. O özünü hərbidə görürdü, elə də oldu, çavuş rütbəsi almışdı. Həddən artıq vətənpərvər idi. Əsgərlikdən gələndən sonra dedi ki, ana, hərbiyə qayıtmaq istəyirəm. Elə də etdi. Lənkəranda Daxili Qoşunlarda Xidmət etdi. Beş il idi ki, hərbidə işləyirdi. Qamətli, görkəmli, canlara dəyən bir oğul idi Afər...”
Afərin uşaqlıqdan idmana maraq göstərdiyini deyən ana qeyd edir ki, o, idmanla da məşğul olurdu.
Afər Orucov 2014-2015-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Müddətdən artıq xidmətini Azərbaycanın Daxili Qoşunlarında çavuş rütbəsiylə edib.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Afər Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Afər Orucov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
“Mənim oğlum Şuşa fatehidir. Afərin canını fəda etdiyi Şuşaya getdim, oğlumun ruhu dolaşan yerləri gözümlə gördüm, ürəyimlə hiss etdim. Necə oğullarımız olub. Biz o igid, cəngavər oğulların analarıyıq. Canavar ürəkli oğullarımız son damla qanlarına qədər vuruşublar, özləri geri qayıtmadı, torpaqlarımız qayıtdı. Şuşaya, İsa bulağına, Cıdır düzünə getdim, oğlum Şuşa dağlarının ətəyində şəhid olub, dağlara baxdım, sanki oğlumu gördüm, Afərlə görüşdüm...”
Ana deyir, Xocalını, Xankəndini, Ağdamı da ziyarət edib, o torpaqların hər qarışına Vətən oğullarının qanı tökülüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Afər Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Afər Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Afər Orucov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İradə Orucova deyir ki, oğlu gənc yaşında şəhid olsa da, onun əbədiyyən yaşayacağına inanır və şəhidlər haqda yazılan hər bir yazı, hər bir kitab onları yaşadır. “Oğul itkisi çox ağırdır. Hər zaman gözün o itkini arayır, ürəyin onu gəzir. Afərdən başqa iki oğlum var, birini evləndirmişəm, 4 aylıq nəvəm var, o biri oğlum hələ ki, subaydı. Yoldaşım onkoloji xəstədir. Afərin itkisi dərdimizin üstünə daha böyük dərd qoydu...Yaşayırıq, oğlumuzu yaşadırıq...”
Ağlayarsan, islanı,
Şəhid ruhlar yaslanı,
Göz yaşıyla yazılmaz
Şəhidlərin dastanı.
Amma analar şəhid oğullarının yasını da göz yaşı ilə tuturlar, dastanını da göz yaşı ilə yazırlar. O oğulların ağlı-qaralı ömrünün müəllifi də analardır. Belə bir fikir var ki, oğullarla birgə analar da şəhid olur, oğullar torpağa köçür, göylərə çəkilir, üçrəngli bayrağımıza hopur, analar isə canlı şəhidlər kimi yaşayırlar…
Bir gün yolun düşsə gələrsən oğlum,
Qurumuş ağacam, kor olmuş bulaq…
Bir gün anan gələr yanına ya da
Gələrəm, yenə də qolboyun olaq…
Afər kimi şəhid oğulların ruhları bu torpağa çıraq kimi işıq salır, qələbə ruhu bu gur çıraqdan alovlandı və bütün dünyaya yayıldı. Bu işıq şəhidlərin ruhudur…
İradə SARIYEVA
Quba-Bakı