ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şahanə MÜŞFİQ
Tarixin hər dönəmində bir xalqı sınağa çəkən, onun iradəsini yoxlayan, öz kimliyini isbatlamağa vadar edən anlar, dövrlər olur. Talemi, təsadüfmü, bilinməz, amma Azərbaycan xalqı üçün belə anların sayı birdən çoxdur. Nahaqdan deməyiblər “coğrafiya qədərindir”. Bizim də qədər-qismətimizmiş bu, bəlkə də. Həmin tale yüklü imtahanlardan biridir 44 günlük Vətən müharibəmiz. 2020-ci ilin sentyabrında başlayan bu imtahan təkcə bizim 30 il boyunca “öyrəndiklərimizi” sınağa çəkmirdi, həm də bizi təzədən öyrədirdi. Otuz il işğal altında qalmış torpaqların harayı, ruhu sındırılmış şəhərlərin ahı, Vətənin tapdanmış namusu artıq susmurdu. Vətən öz övladlarını səsləyirdi. Və bu səsə ilk cavab verənlər vicdanı, namusu və ruhu Vətənlə, xalqla, millətlə, dövlətlə bir olanlar oldu.
Bu gün Azərbaycan xalqı üçün yalnız döyüş meydanı deyil, həm də mənəvi bir imtahan yeri idi. Kim Vətəni öz canından üstün tutdu, kim torpaq üçün gözünü qırpmadan ölümə getdisə, onlar xalqın əbədi övladına çevrildilər, şəhidlik zirvəsinə yüksəldilər. Onlar dar günün oğulları idilər. Mayor Natiq İsmayılov həmin övladlardan biri deyil, bəlkə də, birincilərdən idi.
Şəhidlik xalqın inancında ucalıq, paklıq, müqəddəslikdir. Bu, hər kəsin çata bilməyəcəyi, ancaq hər kəsin hörmətlə boylanmalı olduğu bir zirvədir. Natiq bu zirvəyə asan getmədi. O, həyatını Vətən yolunda qurmuşdu. Hərbi məktəbə ilk addım atdığı gündən əqidəsi, məramı, baxışı dəyişməmişdi: Vətən varsa, mən də varam, Vətən yoxsa, mən kiməm? Onun yolunda ölüm belə, həyatın mənasına çevrilmişdi Natiq üçün.
44 günlük müharibə Azərbaycanın tarixində təkcə torpaqların azadlığı yox, ruhun azadlığı, millətin təzədən ayağa qalxması demək idi. Bu dirçəliş, bu ucalış sıradan bir hadisə deyildi, bu, şəhidlərin qanı ilə yazılmış yeni bir tarixin başlanğıcı idi. Hər bir şəhid bu salnamənin bir cümləsi, bir misrasına çevrildi. Natiq isə bu kitabın ilk səhifələrindən biridir. Çünki o, təkcə şəhid deyil, həm də böyük bir xalq üçün, onun gələcək övladları üçün sədaqət, igidlik nümunəsidir.
lll
Natiq İsmayılovun həyat yolu hər birimiz üçün örnəkdir. Sadə ailədən çıxmış, illərlə hərb sənətinə sədaqətlə bağlı qalmış, ən ağır yerlərdə Vətənə xidmətdən çəkinməmiş, Vətən çağıranda isə bir an belə tərəddüd etməmiş bir insanın yoludur bu. Onun şərəfli həyat yolu, şəhidliyi yalnız bir ailənin yox, bütöv bir xalqın qüruruna çevrilib.
Natiq Əjdər oğlu İsmayılov 1980-ci il martın 5-də Qəbələ rayonunun Bunud kəndində anadan olub. 1986-cı ildə Bunud kənd orta məktəbində 1-ci sinifə başlayıb. 1994-cü ildə həmin məktəbin 8-ci sinfini bitirdikdən sonra ömrünü hərb sənətinə bağlamağa qərar verən Natiq, Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub.
1997-ci ildə Heydər Əliyev adına Bakı Ali Birləşmiş Komandirlər məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub və 2001-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirib. 2001-ci ilin sentyabr ayından 2002-ci ilin avqust ayına qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Zabit ixtisası kursunun dinləyicisi olub.
Ali təhsilini bitirdikdən sonra N.İsmayılov leytenant rütbəsi ilə hərbi vəzifəsinə başlayıb. Naxçıvanda, Qusarda və Murovdağda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirib.
Olduğu hər yerdə, tutduğu bütün vəzifələrdə bircə amalı vardı Natiqin - Vətəninə sədaqətlə, şərəflə xidmət etmək. Bu, onun həyat devizi, yaşam səbəbi idi. Ona görə də hər zaman zabit yoldaşları, əsgərləri tərəfindən hörmətlə yad edilir, qürur və ehtiramla xatırlanır.
Onunla 12 il ömür sürmüş, dörd övladının anası Nigar xanım isə, yəqin ki, Natiqi bu dünyada ən çox özləmlə yad edən kəsdir. Natiqin yoxluğundan beş il keçməsinə baxmayaraq, hələ də onun adı çəkiləndə gözləri dolan, dili dolaşan bu vəfalı qadın həm də onun ən birinci və ən sadiq silahdaşı idi. “...Qocalıb adım yadımdan çıxsa belə, kimsə “Natiq gəlir” desə, gözlərim axtaracaq, əllərim titrəyəcək” - deyən şəhid xanımı onlu günləri yad edərkən həm kövrəlir, həm də sonsuz qürur duyur. Onlar bu həyat yollarında çiyin-çiyinə addımlayarkən hərdən Nigar xanım Natiqin çiynindəki ailə, uşaq qayğısı yükünü də öz zərif çiyinlərinə alardı. Çünki bilərdi ki, Natiqin zabit çiynində daşıdığı o paqonlar daha ağır, daha məsuliyyətli, daha şərəflidir. Bunu Natiq də hər addımı ilə hiss etdirərmiş. Nigar xanım müsahibələrinin birində belə demişdi:
“İşinə qarşı son dərəcə ciddi və məsuliyyətli idi. Elə olurdu ki, işdən zəng gələndə boşqabda yeməyini qoyub qalxırdı ayağa. Deyirdim, dərhal çata bilməzsən ki. Bilirlər də, maşınla yol getməlisən, otur yeməyini ye, get. Yenə də razı olmazdı, süfrədən durar, iki dəqiqədə hazır olub gedirdi. O ikicə dəqiqədə, təsəvvür edin forması ütülənməli idi, üz təraşını edib, çəkmələrini mazlayırdı. Heç sevməzdi töhmət almağı.
Ürəyi, qanı, canı Vətənlə döyünən hər bir oğul kimi, o da Ali Baş Komandanın verəcəyi əmri gözləyirdi. Gözləyirdi ki, öz vəzifəsini olduğundan da artıq yerinə yetirsin. Elə də oldu.
23 illik xidməti olan bir şəhid zabitin xanımı olmaq çox böyük şərəf və məsuliyyətdir. Bilmirsən necə təsəlli tapasan, gözlərini uşaqlardan necə gizlədəsən. Ən çox da onların sual dolu baxışları insanı təsirləndirir. Ancaq düşünəndə ki, necə bir oğulun, həyat yoldaşının, can dostunun əmanətləri səndədir, ürəyə bir hüzur çökür, gözdə yaş olsa da, üzdə təbəssüm yaranır. Övladlarını ona söz verdiyim kimi böyütmək hər gün onu yenidən sevməkdir, hər gün onu xatırlamaqdır bu məsuliyyət...”
N.İsmayılov 2016-cı ilin Aprel döyüşlərində vuruşub. Ömrünü hərb sənətinə həsr edən zabit 2020-ci ilin iyun ayında ehtiyata buraxılmışdı. Nəhayət, həyatını bütün bu illəri onun yolunu gözləyən, bir gün görəndə, beş gün həsrət qalan, atalarını vətənlə bölüşmək məcburiyyətində olan dörd övladına həsr edəcəkdi. Lakin o, dar məqamda yenə də vətənin köməyinə tələsdi. Ehtiyatda olmasına baxmayaraq, cəmi dörd aydan sonra - 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi başlayanda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qismən səfərbərliyə çağırışı ilə oktyabrın 3-də Yevlaxda “N” saylı hərbi hissəyə yollanıb. Orada öz taborunu hazırlayaraq döyüş bölgəsinə yola düşüb. Talış, Suqovuşan, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edən mayor İsmayılov oktyabrın 17-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 18-də Qəbələ rayonunun Bunud kəndində dəfn olunan Natiq İsmayılov şəhadətindən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
lll
Natiq İsmayılov kursant və zabit yoldaşlarının, əsgərlərinin də böyük hörmətini, ehtiramını qazanmış bir hərbçi idi. Onun adını eşidən hər kəs ondan elə böyük sevgi, elə böyük hörmətlə danışır ki, Vətənin belə bir oğlu olduğu üçün qürurlanmamaq olmur.
Kursant və zabit yoldaşı olmuş ehtiyatda olan mayor Samir İsmayılov Natiqi belə yad edir: “Şəhid Natiq qardaşımla bir məktəbdə təhsil almışıq. O, çox sakit, az danışan, heç kimlə işi olmayan bir kursant idi. Biz H.Əliyev adına məktəbi bitirdikdən sonra təyinat üzrə Naxçıvan Muxtar Respublikasına göndərildik. Orada Natiqlə mənim xidmətim Sədərək rayonunda kəsişdi. Natiq “Qarağac” deyilən ərazidə bölük komandiri idi. Sakit təbiətli olmasına baxmayaraq, tabeliyində olanlara qarşı tələbkar və qayğıkeş komandir idi.
Müharibə başlayanda hər ikimiz ordu sıralarından tərxis olunmuşduq. Mən Naxçıvanda, Natiq isə Qəbələdə yaşayırdı. Natiqin himayəsində yaşlı bir anası, dörd körpəsi və həyat yoldaşı olmaqla 6 nəfərlik ailə vardı. Bunlara baxmayaraq, Natiq müharibə başlayan kimi könüllü olaraq cəbhəyə yollandı. Oktyabrın 17-də Natiqin şəhidlik xəbərini aldım və bu, məni çox kədərləndirdi. Biz 2001-ci il buraxılışlarından ibarət qrup yaratdıq və şəhid olan 7 qardaşımızın ailələri ilə maraqlanmağa, acı günlərində yanlarında olmağa çalışdıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Müəyyən bir dövrdə onunla birlikdə xidmət etmiş hərbçi Şahin Qubad deyir ki, Natiq zirehli texnikaların xüsusiyyətlərini çox yaxşı bilirdi: “Natiq bizim ən sevdiyimiz zabit idi. Xətrini çox istəyirdim. Həmlə taborunda komandir müavini idi. Tabeliyində çoxlu zirehli texnikalar var idi. Mən şəxsən onun kimi zirehli texnikaları sevən, məsuliyyətli zabit tanımadım. Şəxsi heyət arasında da xüsusi hörmətə malik idi. Xüsusən BTR heyətləri onu çox istəyərdi”.
Həmlə taborunda maddi-texniki təminat üzrə müavin olarkən tabeliyində xidmət etmiş Nicat Alıyev onu belə bir hadisə ilə yad edir: “Dekabr ayı idi. Qusarda olarkən Şahdağ təlim mərkəzindən geri qayıdanda axşamüstü texnikamız xarab olub yolda qaldı. Ona zəng vurub problemi bildirdim. Hərbi hissədən yenidən geri qayıdıb azı dörd saat bizimlə bərabər, texnika ilə məşğul oldu, kömək eləməyə çalışdı. Nəhayət, gecə düzəltdi və gecə saat 11-dən sonra bizimlə birlikdə geri qayıtdı”.
lll
Qarabağ uğrunda başlayan 44 günlük müharibə sadəcə hərbi əməliyyat deyildi. Bu, xalqın bütövləşməsi, torpağın azadlıq həsrətinə verilən cavab idi. Və bu cavab Natiq İsmayılov kimi oğulların fədakarlığında, qorxmazlığında, cəsarətində cismə çevrildi. Onlar şəhid olsalar da, özləri də fərqində olmadan əbədi həyata qol çəkdilər. Çünki vətən torpaqdan daha böyük bir anlayış, şəhidlik isə ölümdən daha uca bir zirvədir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.