AZ

“Onun üçün məmurdansa, kasıb və sadə bir insanı müdafiə etmək daha üstün idi”

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Azərbaycan vəkilliyində özəl yeri olan İsaxan Aşurov yaşasaydı, bu gün dostları, həmkarları onun əhatəsində 70 yaşını qeyd edəcəkdi. Təəssüf ki, amansız xərçəng xəstəliyi imkan vermədi və 13 il əvvəl ailəsinin də, Azərbaycan cəmiyyətinin də ona ehtiyac duyduğu bir vaxtda əlimizdən alıb apardı.

Üstündən illər keçməsinə baxmayaraq, nəinki öz doğmaları, İsaxan Aşurovu tanıyanların heç biri onu unutmur. Elə uzun müddət onun köməkçisi işləmiş hüquqşünas Samirə Ağayeva onlardan biridir.

Samirə Ağayeva Bizimyol.info xəbər portalına müsahibəsində İsaxan Aşurovla bağlı xatirələrini bölüşüb.

Qeyd edək ki, İsaxan Aşurov vaxtilə Qazax rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. 1996-cı ildən vəkil kimi fəaliyyətə başlayandan sonra hüquqlarını müdafiə etdiyi şəxslər arasında “OMON”çular, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev, yazıçı publisist Rafiq Tağı, bloqer Adnan Hacızadə və başqaları olub.

Samirə Ağayeva danışır ki, 1999-cu ildən İsaxan Aşurovun yanında işləməyə başlayıb:

“Atamın yaxın dostu olan bir hüquqşünas onlarla işləyirdi. Məni də büroya o gətirmişdi. Orada İsaxan Aşurov və Elton Quliyevlə tanış olduq. İsaxan bəy 2012-ci ildə rəhmətə gedənə qədər onunla birlikdə işlədik. O, 2005-ci ildə parlament seçkilərində namizədliyini irəli sürəndə də bərabər işlədik. Bir dəfə mitinqlərdə iştiraka görə inzibati qaydada tutulmuşdu. İsaxan bəyin yanında təcrübə toplayıb, həm onun köməkçisi idim, həm də nümayəndə kimi məhkəmədə işlərə çıxırdım”..

Ötən illər ərzində İsaxan Aşurovu heç unutmadığını deyən Samirə Ağayeva bildirir ki, ad günü avqustun 1-də qeyd olunsa da, əslində, İsaxan Aşurov iyulun 31-də dünyaya gəlmişdi:

“Amma hər zaman avqustun 1-də qeyd edirdik. Amma özü heç doğum günlərini xüsusi sevmirdi. Deyirdi ki, doğulmağım xüsusi uğurum deyil, məndən asılı olmayan səbəbdən dünyaya gəlmişəm”.

İsaxan Aşurovun təkcə yaxşı vəkil deyil, həm də yüksək mədəni səviyyəyə malik, incəsənət zövqü yüksək olan, mərhəmətli insan olduğunu vurğulayan Samirə Ağayeva deyir ki, o, zahirən zəhmli görünürdü. Amma bu görüntünün arxasında uşaq məsumluğu dayanırdı:

“Onun üçün məmurdansa, kasıb, sadə bir insanı müdafiə etmək daha üstün idi. Bu cür adamlara kömək edəndə də xüsusi zövqa alırdı, sevinirdi. Çox vaxt pulsuz müdafiə edirdi. Çox təcrübəli insan idi. Müharibədə iştirak etmişdi, polis rəisi işləmişdi, vəkillik təcrübəsi vardı. Amma bəzən elə sadəlövh olurdu. İnsanlara inanmaq istəyirdi, çox inanırdı. İnsanların mənfi tərəflərini yox, müsbət tərəflərini görməyə üstünlük verirdi. O qədər həssas idi ki, bəzən musiqi dinləyəndə gözləri yaşarırdı. Ətrafdakılardan kiminsə əhvalı yoxdursa, mütləq maraqlanırdı ki, bəlkə problemi var, kömək lazımdırsa, yardım eləsin. Dünyagörüşünü artırmaq üçün filmlər məsləhət görürdü. Hərtərəfli insan idi”.

İsaxan Aşurov ən yaxın dostlarından biri Azərbaycan daha bir məşhur vəkili, mərhum Elton Quliyev idi. Həyat elə gətirdi ki, dostu də 3 il sonra elə onun kimi, xərçəng xəstəliyindən vəfat edib.

“Elton müəllimlə çox yaxın dost idilər. Həm də bir-birini o qədər tamamlayırdılar ki... Məhkəmə proseslərində əvvəlcədən danışmadan, taktika qurmadan bilirdilər ki, şahidi necə dindirəcəklər, kim hansı sualları verəcək. Adil İsmayılovla, Fuad Ağayevlə də yaxşı münasibətləri vardı”, - Samirə Ağayeva bildirib.

O, əlavə edib ki, həm vəkil kimi peşəkarlığına, həm də insani keyfiyyətlərinə görə İsaxan Aşurova istər məhkəmə-hüquq sistemində, istərsə də bütövlükdə ictimaiyyət arasında xüsusi rəğbət və hörmət vardı.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
icma.az

1Mənbələr