AZ

Yayda boğaz ağrısından əziyyət çəkənlərin nəzərinə

Yay aylarında kəskin temperatur dəyişiklikləri və orqanizmin buna öyrəşməməsi nəticəsində insanlar tez-tez boğaz ağrısı ilə üzləşirlər. İsti hava şəraitində kondisionerli məkanlarda uzun müddət qalmaq, çox soyuq içkilər qəbul etmək və allergik reaksiyalar da boğazın iltihabına səbəb ola bilər. Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən lor cərrah Anar Əsgərov bildirib ki, yay aylarında boğaz ağrısı və “yay qripi” kimi yüngül infeksiyalar tez-tez rast gəlinir:"Temperaturun kəskin dəyişməsi, kondisionerli məkanlarda uzun müddət qalmaq və çox soyuq içkilərin qəbulu boğazın qurumasına və iltihabına səbəb ola bilər. Boğaz ağrısının digər səbəbləri arasında allergik reaksiyalar da var. Allergiyalar burun axıntısı, asqırma və boğazda qıcıqlanma yaradır, nəticədə boğaz ağrısı müşahidə olunur. Soyuq yemək və içkilərin çox qəbulu boğazda “şok effekti” yaradaraq selikli qişanın zədələnməsinə və ağrıya səbəb ola bilər. Bakterial infeksiyalar da boğaz ağrısına səbəb ola bilər; bu zaman yüksək hərarət, udqunma çətinliyi və halsızlıq yaranır. Boğaz ağrısı bir neçə gündən çox davam edərsə, yüksək hərarət və udqunma çətinliyi varsa, dərhal həkimə müraciət etmək vacibdir".O, qeyd edib ki, bunun qarşısını almaq üçün kondisioner birbaşa bədənə yönəlməməli, havanın temperaturu kəskin dəyişdirilməməli, daxili və xarici hava arasında fərq az olmalıdır. Kondisionerlərin filtrləri mütəmadi təmizlənməli, otaqda nəmləndirici və ya su qabları olmalıdır". Onun sözlərinə görə, soyuq mayelərdən və yeməklərdən mümkün qədər uzaq durmaq, mayeləri otaq temperaturunda qəbul etmək, bol maye içmək boğazın qurumasının qarşısını alır və immun sistemini gücləndirir.Cərrah infeksiyalardan qorunmaq üçün əlləri tez-tez yumağı və şəxsi gigiyenaya diqqət göstərməyi tövsiyyə edir.

Ülkər Cəlilzadə / Metbuat.az

Seçilən
12
metbuat.az

1Mənbələr