Fənlərin qiyməti bahalaşır: Səbəb bunlardır
“Bilirsiniz ki, repetitorluq, kurslar kölgə təhsilidir, bazar özü bunları tənzimləyir. Tələbə təkliflə birbaşa əlaqəlidir. Mən deməzdim ki, bütün repetitorlar 8-10 dərsi 350 manata hazırlayırlar”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
“Regionlardan başlayaraq, mərkəzi yerlərə qədər 30 manatdan başlayaraq, 350 manata qədər, bəzi hallarda bir az da artır. Burada repetitorun yaşadığı ərazi, elmi nəticələri rol oynayır. Mərkəzi yerlərdə, Bakıda, Abşeron rayonu ərazisində əhalinin daha çox sıx olduğu yerlərdə repetitorların göstərdikləri xidmətə görə qiymətləri daha çoxdur. Repetitorların kompakt toplaşdığı Nərimanov, İnşaatçılar, Elmlər Akademiyasının metrosu ətrafında olan kirayə mənzillərin qiyməti də çox böyükdür, 800-1000 manatdan başlayır və nəticə etibarı ilə bu da qiymətlərə təsir edir. Amma əsas təsir edən amil, dediyim kimi, repetitorun nəticələri, onun nüfuzu və harada fəaliyyət göstərməsidir. Arzu olunandır ki, ölkənin təhsil sahəsində elə bir islahat keçsin ki, Dövlət İmtahan Mərkəzinin imtahan sistemində müəyyən dəyişikliklər edilsin ki, insanların repetitorlara bu qədər ehtiyacı olmasın”.
Qeyd edək ki, son vaxtlar təhsil sektorunda müşahidə olunan qiymət artımları, xüsusilə repetitorların fərdi hazırlıqları sahəsindəki qiymətlər cəmiyyətin müxtəlif təbəqələrində ciddi narazılıq doğurur.
Əfsanə Kamal
Demokrat.az