AZ

"Netanyahu münaqişəni siyasi məqsədlərlə uzadır" - Tramp

"Qəzzadakı müharibə və Netanyahu ilə gərginlik..."

ABŞ prezidenti Donald Tramp İsrail baş naziri Benyamin Netanyahunun Qəzzadakı müharibəni bilərəkdən və siyasi məqsədlərlə uzatdığı qənaətinə gəlib.

Moderator.az xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı məlumat yayıb.

Son günlərdə Tramp Netanyahudan açıq şəkildə uzaqlaşmağa başlayıb. O, İsrail baş nazirinin Qəzzada aclıqla bağlı gerçəkliyi gizlətmək cəhdlərini rədd edib və uşaqların aclıqdan can verdiyi kadrların təsiri altında xüsusi nümayəndəsi Stiv Uitkofu bölgəyə göndərib. 

Uitkofun missiyalarından biri də İsrailə təzyiq göstərmək və humanitar fəlakətin qarşısını almaqdır. Ağ Ev rəsmilərinin dediyinə görə, Tramp indi Vaşinqtonda bir çoxunun aylar öncə gəldiyi nəticəyə gəlib: Netanyahu münaqişəni bilərəkdən uzadır və Trampın döyüşlərə son qoymaq istəyini qulaqardına vurur.

İsrail hərbi məqsədlərinə artıq çatıb

Tramp və onun komandası düşünür ki, İsrail Qəzzada əsas hərbi məqsədlərinə artıq nail olub və müharibənin davamı Netanyahunun hakimiyyətini qorumaq planının bir hissəsidir. Ağ Evdəki mənbələr əlavə edir ki, Netanyahu atəşkəslə bağlı razılığın əldə olunmasına mane olan addımlar atır.

Bununla belə, mənbələr bildirir ki, Trampın İsrail baş naziri qarşısında açıq şəkildə məsuliyyət tələb etməsi ehtimalı azdır. Tramp Netanyahuya qarşı incikliyini gizlətməsə də, bu gərginlik hələlik ABŞ-ın rəsmi siyasətində əksini tapmayıb.

Məsələn, Tramp son uğursuz atəşkəs danışıqlarının pozulmasında məsuliyyəti HƏMAS-ın üzərinə qoyub və Fransa ilə Britaniyanın İsrailə təzyiq məqsədilə Fələstin dövlətini tanıma niyyətinə qoşulmaqdan imtina edib. Tramp bu səhər "Truth Social" platformasında yazıb: "Qəzzadakı humanitar fəlakətin ən tez bitməsi üçün HƏMAS təslim olmalə və girovları azad etməlidir".

İsti dostluqdan soyuq hesablaşmaya

Tramp və Netanyahu ilk prezidentlik dövründə sıx münasibətlər qurmuşdu. Lakin bu yaxınlıq 2020-ci ildə Netanyahu seçkilərdə Co Baydenin qələbəsini tanıdıqdan sonra pozuldu. O vaxtdan münasibətlər qeyri-sabit səviyyədə davam edir. Tramp son altı ayda Netanyahunu üç dəfə Ağ Evdə qəbul etsə də, sonuncu Yaxın Şərq səfəri zamanı özü İsrailə baş çəkməyib.

Tramp üçün ən həssas məsələ Qəzzadakı aclıqdır. Mart ayından bəri İsrail bölgəyə humanitar yardımın girişinə tamamilə qadağa qoyub. İyul ayında beynəlxalq təşkilatlar uşaq ölümlərinin artdığı və kütləvi aclıq təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Bunun fonunda Netanyahu yalnız məhdud sayda yardımın keçməsinə icazə verib, lakin israrla "Qəzzada aclıq yoxdur" deyir.

Şotlandiyada Böyük Britaniyanın baş naziri Kair Starmerlə görüşdən əvvəl Tramp jurnalistlərə Netanyahu ilə eyni fikirdə olmadığını bildirib: "Televiziyaya baxıram və uşaqlar çox ac görünür. Bu, gerçək aclıqdır. Mən bunu görürəm və saxtalaşdırmaq mümkün deyil".

Tramp daha əvvəl də belə kadrların təsiri altında hərəkət edib - 2017-ci ildə Suriyada kimyəvi silahdan ölən uşaqların fotolarını gördükdən sonra Əsəd rejiminin aviabazasına raket zərbəsi endirməyi əmr edib. Bu ilin əvvəlində Ukraynadakı uşaq qurbanları və yaxınlarda rusların Kiyevdə qocalar evinə hücumu da onu dərin sarsıdıb.

İki cəbhədə uğursuzluq

Tramp həm Qəzza, həm də Ukrayna üzrə sülh vədləri vermişdi. Lakin hər iki münaqişə daha da şiddətlənib. Putin Trampın atəşkəs çağırışlarını görməzdən gəlir. Netanyahu isə Suriyada hava zərbələrini davam etdirir və Qəzzadakı aclığı inkar edir. Tramp isə indi xarici siyasəti daha çox şəxsi məsələ kimi qəbul edir və regionda sabitlik yaratmaqla "İbrahim Razılaşmaları"nı genişləndirmək niyyətindədir.

ABŞ administrasiyasındakı mənbələrə görə, Trampın Netanyahunun xətrinə dəyməsi yeni qarşıdurmadan çox, "Amerika hər şeydən öncədir" prinsipinə sadiqliyin göstəricisidir - Vaşinqtonun siyasəti İsrail və ya başqa bir ölkə tərəfindən diktə olunmayacaq. Digər tərəfdən, Trampın əsas narahatlığı HƏMAS-dır. O, münaqişəyə görə əsas məsuliyyəti HƏMAS-da görür və İsrailin Qəzzanı "Yaxın Şərqin Rivyerasına" çevirmək planını dəstəkləyir.

Trampın bazası parçalanır

Tramp həm də öz elektoratının - "MAGA" hərəkatının narazılığını hiss edir. Respublikaçı konqresmen Marjori Teylor Qrin bu həftə Qəzzada baş verənləri "soyqırım" adlandıran ilk partiya üzvü olub. Stiv Bennon və Taker Karlson da İsraili açıq tənqid edir. Bütün bunlar Trampı narahat edir.

İyunda İrana qarşı hava zərbəsi, həmçinin Cefri Epşteynlə bağlı qalmaqalda Ağ Evin zəif reaksiyası artıq onun sadiq tərəfdarlarını məyus edib. "The Atlantic"-ə danışan prezidentin müşavirlərindən biri bildirib: "O, sadəcə istəyir ki, bu mövzular ekranlardan yoxa çıxsın". Hazırda isə Netanyahu ilə toqquşma Trampın media gündəmini nəzarətdə saxlaya bilməməsinin daha bir sübutuna çevrilir və bu, onu bəlkə də hər şeydən çox məyus edir.

Seçilən
14
moderator.az

1Mənbələr