BAKI, TurkicWorld, Səməd Əyyubov
Qəzza zolağında son əsrin ən qəddar soyqırımi törədilir.
TurkicWorld xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beşiktaş TÜPRAŞ stadionunda çıxış edərkən deyib.
"Bu gün bir daha açıq şəkildə bəyan edirəm: Qəzzada son əsrin ən qəddar soyqırımı törədilir. Qəzzada təkcə uşaqlar, körpələr deyil, insanlığa dair nə varsa yox edilir" - deyə, Ərdoğan bildirib.
O həmçinin bildirib ki, Qəzza zlolağında yerləşən yardım paylanma məntəqələrində çoxsaylı fələstinli həlak olur.
"Fələstinli qardaşlarımız, sionist qətliam şəbəkəsinin 90 faizini viran etdiyi Qəzzada aclıq, susuzluq dərman çatışmamazlığı ilə mübarizə aparırlar. Qəzza sakinləri “ərzaq paylama mərkəzi” adlandırılan qətliam mərkəzlərində taqətdən yıxılır, namərd güllələrin hədəfinə çevrilirlər" - deyə, Ərdoğan vurğulayıb.
Ərdoğan qeyd edib ki, Qəzza zolağında baş verən hadisələrə ən güclü reaksiya verən ölkə Türkiyə olub.
"Qəzzadakı vəhşiliyə ilk gündən ən güclü reaksiyanı verən ölkə Türkiyə olmuşdur. Qəzzadakı məzlumların haqqını qorxmadan müdafiə edən hökumət Türkiyə hökumətidir. Terror dövləti İsrailin qarşısında dik dayanan iqtidar bizim iqtidarımızdır. Qəzzadakı qardaşlarımızı bir an belə tək qoymadıq. 101 min tondan çox humanitar yardımlarımızla onların yanında olduq. İsraillə ticarəti tamamilə dayandıraraq Fələstin xalqının yanında olduq. Diplomatik əlaqələrimizlə, beynəlxalq platformalarda göstərdiyimiz səylərlə Qəzzanın yanında olduq" - deyə, o vurğulayıb.
İsraildən “aferin” almaq üçün Fələstin müqavimətinə “terror” damğası vuranlara baxmayaraq, Qəzzənin qəhrəman övladlarına arxa çevirmədik. Təhdidlərə məruz qaldıq, gizli və açıq bir çox əməliyyata hədəf olduq, amma heç vaxt Fələstini və Fələstin davasını müdafiə etməkdən geri çəkilmədik.
Ərdoğan, Türkiyənin Fələstin məsələsinə göstərdiyi dəstəyə yönələn tənqidlərə də münasibət bildirib.
"İndi isə bəzi şəxslər çıxıb, Türkiyənin Fələstin məsələsindəki prinsipial və ardıcıl mövqeyini sorğulamağa cəhd edirlər. Buradan hökumətimizi təhqiramiz ifadələrlə hədəf alanlara sadəcə bir sualım var: Fələstinlə bağlı həssaslığımızı sorğulamaq sizəmi qalıb? Axı daha dünən Qəzzada torpaqlarını müdafiə edən insanlara “terrorçu” deyən elə siz deyildiniz?" - deyə, Türkiyə Prezidenti vuröulayıb.
Qeyd edək ki, İsrail Qəzza zolağına BMT-nin humanitar yardımını dayandırıb və iki aydan çox müddətə yardım ləvazimatlarının ölkəyə girişini qadağan edib. Bu, bölgədə davam edən ərzaq və ilkin tələbat mallarının qıtlığına səbəb olub.
Beynəlxalq ictimaiyyətin tənqidindən sonra İsrail hökuməti ABŞ-ın dəstəklədiyi Qəzza Humanitar Fondunun (GHF) bölgəyə yardım paylayacağını açıqlayıb.
Lakin mayın 27-də GHF-nin yardım səyləri başladığından bəri İsrail yardım paylanma məntəqələrində toplaşan fələstinli mülki vətəndaşlara atəş açaraq qırğınlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyi dünən verdiyi açıqlamada yardım paylanması zamanı həlak olan fələstinlilərin sayının 1 330-a, yaralıların sayının isə 8 818-ə yüksəldiyini açıqlayıb.