AZ

Maraq duyğumuz


Gecə gəzmək üçün çölə çıxıram. Şəhər həyatının ətalətini bir az da olsa, pozmaq üçün gecələr gəzintiyə çıxmaq yaxşı fürsətdir. Ətrafda park olmadığı üçün yol kənarında yerimək məcburiyyətində qalıram. Maşınlar yanımdan sürətlə axıb gedir. Bir az getdikdən sonra yol ortasında “iynə atsan, yerə düşməz” sözü ilə ifadə edilən izdiham görürəm.
Təbii ki, təxmin etmək çətin deyil. Yolda yenə qəza var. Və insanlar maraq duyğusu ilə qəza törətmiş maşınların ətrafına yığışırlar. Buna görə də, yol bir az da tıxanır. Bir tərəfdən də, siqnal səsləri cingilti ilə ətrafa yayılır. Polislər insanları uzaqlaşdırıb yolu açmaqda çətinlik çəkirlər. İnsanların qarşısıalınmaz maraq duyğusu ilə yol tıxandıqca tıxanır, problem isə böyüdükcə böyüyür...
Maraq duyğusu insana verilmiş çox vacib bir hissdir. Bu hiss məchullara, bilinməzliklərə işıq tutur. Həyatın içində gizlənmiş sirlər bu hisslə üzə çıxır. Elm dənizinin dərinliklərinə də elə bu dalğıcla enmək mümkündür.
Axtarış hissimiz bizi dünya sərgisində nümayiş olunan gözəlliklərin sirrinə varmağa səbəb olur. Diqqətlə baxmadığımız hər şey, suallarla araşdırmadığımız hər hadisə yanımızdan səssiz bir şəkildə axıb gedir.
Lazımsız məlumatlarla beynimizi məşğul edir, lazımlı məlumatlardan isə uzaq dururuq. Və lazımsız məlumatlardan tıxaclı yollara çevrilən beynimiz yeni bir şey kəşf etmək iqtidarından məhrum olur. İsraf edilən vaxtımız, hədəfinə çatmayan sözümüz, yerində istifadə edilməyən enerjimiz itki dəftərimizi doldurduqca doldurur. Əbədi həyatın tarlası olan dünyaya faydasız toxumlar səpilir. Buna görə də, hər santimetri dəyərli olan bu torpaq şoranlaşır. Nəticədə, məhsul verməyən bir səhraya çevrilir.
Bu vəziyyəti dünya həyatını haqqı ilə dəyərləndirən insanların həyatına baxanda daha yaxşı anlayırıq. Onlar dincələrkən belə nə iləsə məşğul olur, istirahəti yemək, yatmaq kimi anlamırdılar. Kainat kitabını haqqı ilə oxumaq üçün bütün nəzərlərini ona cəmləyirdilər. Əsl dincəlməyi isə bir işdən başqasına keçməkdə (aktiv dincəlmək) görürdülər. Ən əsası maraq hissi bu yolda onlara tükənməz bir enerji mənbəyi olurdu. Beləcə, maraqlandıqca öyrənir, öyrəndikcə maraqlanırdılar.
Maraq hissindən səhv istifadə etmək, ondan səhv nəticə əldə etmək deməkdir. Uzaq durmalı olduğumuz şeyləri bala düşən arı kimi dadmağa çalışır, sonra da o balın içində boğulub gedirik. Məsələn, başqasının sirrini öyrənmək kimi… Halbuki marağımıza məğlub olub insanların sirrini öyrəndikdən sonra bu iş orada qalmır. Onun arxasınca qeybət, söz aparıb gətirmək, sui-zənn və s. gəlir. Buna görə də, cəmiyyət və ailə dava-dalaşdan, münaqişədən yaxasını qurtara bilmir. Ən kiçik bir problemə belə maraq duyğusu ilə etdiyimiz hər müdaxilə onu qartopu kimi durmadan böyütdükcə böyüdür.
Gündəlik siyasi çəkişmələr, heç bir məlumat dəyəri olmayan maqazin və ya şou biznes xəbərləri qiymətli vaxtımızı bizdən oğurlayır. Ömür səhifələrimizi gərəksiz şeylərlə israf etməyin nə qədər böyük bir itki olduğunu isə həqiqət carçısı vicdanımız bizə öyrədir.
Nəfs həmişə nağd qazancın arzusundadır. Nəfs, kiçik də olsa, hazır ləzzəti seçir. Halbuki maraq duyğumuzu iradəmizlə idarə edə bilsək, daha böyük hədəflər arxasınca gedə bilərik. Əlimizdəki gənclik, enerji, zaman... kimi nemətləri maraq hissimizlə daha faydalı bir istiqamətə çevirə bilərik.
Nəticə olaraq, maraq hissindən doğru istifadə olunsa, biliyin də, bacarığın da açarı ola bilər. Bizi yorulmadan işləməyə, çalışmağa sövq edər. Ən əsası isə gücümüzə güc qatar və bizi gündəlik kiçik hesablardan qurtarıb böyük müvəffəqiyyətlərə aparar. Dəyərsiz şeylərə istiqamətləndirilmiş maraq duyğumuz bizi əsl yoldan uzaqlaşdıran və çıxılmaz yolda azdıran bir yol nişanıdır. Ya da əlimizdəki nemətləri udan bir girdabdır. Əgər həyatımızın, ömrümüzün israfçısı olmaq istəmiriksə, maraq hissimizi başıboş buraxmamalıyıq.

Murad Məmmədov
Seçilən
10
1
yeniavaz.com

2Mənbələr